Məmməd SÜLEYMANOV
Dünya 10:35 11.09.2020

Əzabkeşlik qəhrəmanlığa qarşı...

Məmməd Süleymanov
 
Varlam Şalamovun "Ən yaxşı tərif” hekayəsində sağ eser Aleksandr Andreyev türmə kamerasındakı nəzərdə tutaraq söyləyir: "Burada təkcə əzabkeşlərdir. Burada qəhrəmanlar yoxdur”.

Sağ eserlər 1917-ci il İnqilabını qəbul etməmişdilər. Odur ki, Andreyevin İnqilabdan sonrakı həyatı bir-birini əvəzləyən həbslər və azadlıq epizodlarından ibarətdi. O isə məhbəsə ilk gəncliyindən öyrəncəliydi - eser partiyasında təbliğat yolunu əvvəldən qəbul etməyərək "aktlar”ı (yəni, terroru) seçən insanı fərqli tale gözləyə də bilməzdi. Çarizm dövründə Sevastopol, Daşkənd, Samara, Çimkənt türmələri, 1913-cü ildə 6 illik katorqa - və yalnız Fevral İnqilabının sayəsində azadlığa çıxır (və həmin günü ömrünün ən xoşbəxt günü sayır).

1937-ci ildə növbəti dəfə həbs olunan və Şalamovun kamera yoldaşı olan Andreyev ona deyir: Müstəntiq gənc birisidir, eserlər haqqında heç nə bilmir, sanki o möhtəşəm partiya artıq tarixə qovuşub, ancaq yox - əgər onu yenidən həbs edirlərsə, deməli, o, öz mövqeyi ilə tarixə lazımdır.

Bu, ömrü boyu mübarizə aparmış bir insanın öz mövqeyinə və ideyaya sədaqətinə görə keçirdiyi daxili məmnunluq hissidir. O, repressiyanın nə olduğunu yaxşı bilir və təəccüblənmir.

Kameradakı qeyri-qəhrəmanlar, yəni əzabkeşlər isə təəccüblənməkdə davam edirlər. Axı onların nə daxili rahatlıq gətirən əqidələri, nə də mübarizələri var. Onlar buraya düşdüklərini heç cür anlamırlar, axı heç bir praktik əməlin sahibi deyillər. Əməl törətmədən əzab çəkmək isə qəhrəmanlara xas deyil - vur-tut əzabkeşdikdir. Onlar 5 il həbs cəzası alanda sevinirlər - axı 10 il də ola bilərdi. Yaxud 10 ilə sevinirlər - ömürlük ki deyil.

Budur, dəmiryolçu Qudkov: "Məndə Trotskinin nitqləri olan plastinka vardı - həyat yoldaşım çuğulluq etdi”.

Yaxud, fəhlə Javoronkov. Siyasi dərnəkdə ondan soruşurlar: "Javoronkov, Sovet hökuməti olmasaydı, sən harada işləyərdin?” O da cavabında: "Nə fərqi var? Elə indiki kimi, tikintidə”.

Yaxud, Falkovski. Nişanlısına məktublarında quruluşu tənqid edib. Əks-inqilabi təbliğatda ittiham olunur.

Aralarında bir nəfər də qəhrəman yoxdur...

***

Andreyev isə Şalamova unudulmuş inqilabçıdan - Mariya Dobrolyubovadan danışır. Onun qardaşı - sektant və mistik, 1920-ci ildən sonra Azərbaycanda (Bakı, Zaqatala, Yevlax) yaşamış və 1945-ci ildə İmişlidə vəfat etmiş Aleksandr Dobrolyubovu daha yaxşı tanıyırlar, nəinki 1906-cı ildə 26 yaşında intihar etmiş Mariyanı.

Mariya eser partiyasında nüfuz sahibi idi. Aleksandr Blok məhz onun haqqında gündəliyində yazmışdı: "İnqilabın rəhbərləri ona qeyd-şərtsiz qulaq asırdılar və o, həlak olmasaydı, rus inqilabının gedişatı başqa cür olardı!”

Əgər Mariya Dobrolyubova özü başqa cür olsaydı!

O isə rus-yapon müharibəsində könüllü şəfqət bacısı işləyir, eser partiyasında təbliğatla məşğul olur və günlərin birində partiya rəhbərliyinə müraciət edir - "akt”da (terrorda) iştirak etmək qərarına gəlib.

Mariya üçün hədəf də seçirlər. O, öldürməyə, ölməyə və ya müddətsiz katorqaya hazırlaşır. Vədə gəlib çatanda isə  güllə atmaq üçün özündə güc tapa bilmir. Bütün əvvəlki həyatı son qərara qarşı üsyan edir. 

O, yaralıları və acları xilas etmişdi. İndi isə öldürməliydi. Ölümü həyata çevirməliydi. Mariyanın dünənki qəhrəmanlıqla dolu həyatı ona sui-qəsdi icra etmək üçün əngəl olur.

Və partiya yoldaşlarını peşman etdiyinə özünü inandıran Mariya Dobrolyubova gülləni sinfi düşmənə yox, özünə tuşlayır. Başqasını öldürməli olan revolverlə özünü öldürür. Son məktubunu yazaraq yoldaşlarına son addımının motivlərini açıqlayır.

Andreyev bu nümunəyə də soyuqqanlıqla yanaşır. Əziz xatirəsini yaşatdığı, yaraşıqlı Mariyanın timsalında söyləyir: "Canlı həyatdan yayınmaq üçün ifrat nəzəriyyəçi, ifrat ehkamçı olmalısan. Maşa görür: onu kənar iradə idarə idir, buna təəccüblənir, özündən utanır”.

Ancaq Mariya Dobrolyubova da əzabkeş yox, məhz qəhrəmandır. Yaralılara və aclara köməyi ilə. Başqasının həyatını almamaq seçiminə qarşı öz həyatını qaraltmağı seçməklə...

***

Və gəlib çatırıq başlıqdakı dilemmaya işıq tuta biləcək üçüncü misala. Həmin misalı Varlam Şalamovun "Birinci çekist” hekayəsində məhbus Qavriil Alekseyev çəkir.

1917-ci il İnqilabında əfsanəvi Muralovun tabeliyində Moskva hadisələrində iştirak etmiş, sonra Dzerjinskinin ÇK-sında çalışmış Alekseyev sonralar epilepsiya və içki həvəskarı olmağı səbəbindən işini dəyişir. 1937-ci ildə o, Naro-Fominskdə yanğınsöndürən işləyir. Onun həbs səbəbi də fəhlə Javoronkovda olduğu kimi siyasi məşğələ zamanı verilən sualla bağlı olur. Ondan soruşurlar: "Moskva hadisələrində Sovet qoşunlarına kim rəhbərlik edirdi?” O da cavab verir: "Əlbəttə, Muralov. Mən onu çox yaxşı tanıyırdım”.

Muralov isə həmin vaxt artıq həbs olunmuşdu. "Başqa nə deməliydim ki? Elə həmin gecə məni həbs etdilər” - Alekseyev kamera yoldaşlarına deyir. Muralov indi "xalq düşməni”dir, ancaq onun üçün həmişə əfsanə, nümunə, müqəddəs şəxsiyyət olaraq qalır.

Və Alekseyev İnqilabın ilk illərini, Dzerjinskinin ÇK-sında işlədiyi dövrləri xatırlayaraq misal çəkir: 

"- Bilirsən, bu iş (ölüm hökmünün icrası - Red.) Dzerjinskinin vaxtında necə təşkil olunmuşdu? Əgər Kollegiya ölüm hökmü çıxarırsa, onu həmin işi aparan müstəntiq özü yerinə yetirməli idi. Yəni, kim bu hökmü sübuta yetiribsə və icrasını tələb edirsə. Sən bu adam üçün edam tələb edirsən? Onun günahkar olduğuna əminsən? İnanırsan ki, o, güllələnməlidir? Onda get öz əlinlə öldür.  Fərq böyükdür - kağız yazmaq, hökmü təsdiqləmək və özün də onu icra etmək. Belə olanda, insana ölüm tələb etməzdən əvvəl min dəfə fikirləşəcəksən”...

Məntiqidir.

Hökm çıxarmağa hamımız qadirik. Onu yerinə yetirməyə isə heç kəs razı deyil...