Fala baxan Vahabzadə, evində rus qızı saxlayan Sabir... - Yazıçıların qeyri-adi əhvalatları

Fala baxan Vahabzadə, evində rus qızı saxlayan Sabir... - Yazıçıların qeyri-adi əhvalatları

Qaynarinfo kulis.az-a istinadən yazıçıların başına gələn qeyri-adi əhvalatları təqdim edir.

Uzun fasilədən sonra yazıçı Əkrəm Əylisli Moskvada yaşayan tanınmış Azərbaycan yazıçısı Çingiz Hüseynovla görüşür. Çingiz müəllim Əkrəmə ard-arda çoxlu suallar verir. Təbii ki, bu sualların içində Əkrəmə bəsit və bayağı gələnlər də olur.

- Çingiz müəllim, siz ciddi adamsınız. Bu nə suallardı verirsiniz? – Əkrəm Əylisli onun sözünü kəsib soruşur.

Cavab Əkrəm Əylislinin yeddi qatından keçir:

- Azərbaycan dili üçün o qədər darıxmışam ki, nə olur-olsun danışmağını istəyirəm!

***

Seyran Səxavət gənc vaxtlarında Moskvada Yaradıcılıq evləri yerləşən ərazidəki restoranda rus xanımlarla bir məclisdə olur. Məclis çox uzanır, restoran bağlanır, gec olduğu üçün xanımlar öz evlərinə gedə bilmirlər. Seyran müəllim düşünür ki, onlar hamısı bir yerdə gecələyə bilməyəcək, ona görə də xanımları bir-bir, iki-bir qonaq saxlamaq üçün Yaradıcılıq evlərində qalan Azərbaycan yazıçılarının qapısını döyür. Hamıya ərk edə bilmir, xüsusilə aralarında yaş fərqi olan, ağır təbiətli Sabir Əhmədliyə. Yenə də özündə cəsarət tapıb Sabir müəllimin qaldığı evə gəlir. Qapını açan Sabir Əhmədli qaşqabaqla soruşur:

- Nə olub?

Seyran müəllim vəziyyəti izah edəndə Sabir Əhmədlinin eyni açılır və gülümsəyərək deyir:

- Buyursun, kim istəyir qala bilər.

Xanımlardan biri nazlana-nazlana qapıdan içəri keçir.

Bu minvalla Seyran Səxavət bir çox yazıçının yaradıcılığına "mane” olur. Yalnız bir nəfər gecənin bir aləmi gələn bu gözəl qonaqdan imtina edir. Bu da kim olsa yaxşıdır? Yaradıcılıqda o qədər də uğurlu hesab olunmayan şair Yusif Həsənbəy!

- Mən yaradıcılıqla məşğulam... – deyir və qapını örtür.

***

Milli Azadlıq hərəkatı vaxtı Bəxtiyar Vahabzadə və Qasım Qasımzadə köhnə İstiqlaliyyət küçəsi ilə gedirlərmiş. Birdən yolda kibrit qutusu görürlər. İçində səksəkələr dolaşan Bəxtiyar Vahabzadənin falçılığı tutur, Qasım Qasımzadəyə deyir:

- Gəl o kibriti götürək. Əgər içində dənə olsa, demək, Azərbaycan müstəqillik qazana biləcək, olmasa qazanmayacaq. Qutuda dənə olsa, söz verirəm, Azərbaycanın müstəqilliyi elan olunanda, həmin dənə ilə sənin siqaretini yandıracam.

Kibrit qutusunu açıb baxırlar və görürlər ki, kibrit çöpü ilə doludur. Qasım Qasımzadə bu əhvalatı unutsa da, Bəxtiyar Vahabzadə dediyi sözü tutur. Azərbaycan müstəqillik qazanandan sonra cibindən həmin kibrit qutusunu çıxarır və Qasım Qasımzadənin siqaretini yandırır.

***

60-cı illərdə Məmməd Rahim ermənilərin Xalq şairi Abetik İsaakyanın şeirlər kitabını Azərbaycan dilinə tərcümə edir. Duzlu söz-söhbəti ilə məşhur olan Süleyman Rüstəm kitabı gözdən keçirərkən şeirlərin çox zəif tərcümə olunduğunu görür və qımışır:

- Məmməd Rahim daşnaklardan heyfimizi aldı!

***

Xalq yazıçısı Mirzə İbrahimov bir bəyin yanında nökər olub. Bəyin qoyunlarını otarırmış... Bəyin bir oğlu, üç qızı varmış. Mirzə onların həyətindəki balaca əl evində, betonun üstündə ac-susuz yatırmış. Bəyin balaca qızı öz yeməyindən bir parça çörək, bir az da pendir gətirib ona verirmiş.

Aradan uzun illər keçir. Mirzə İbrahimov Nazirlər Sovetində sədr müavini işləyirmiş. Bir gün katibə deyir ki, yanına çadralı bir xanım gəlib, qucağında da uşaq. Mirzə İbrahimov qadını qəbul eləyir və gözlərinə inana bilmir; bu, bir vaxt ona pendir-çörək verən bəyin balaca qızıymış! Qız dərdini danışır, məlum olur ki, sovet hökuməti qurulanda atası ölkədən gedib, bacılarının hərəsi bir diyara düşüb, qardaşı da içkiyə qurşanıb məhv olub. Mirzə İbrahimov ona əlindən gəldiyi qədər yardım edir. Bu hadisə ən ağır illərdə, 40-cı illərdə olur. Qadın Mirzə İbrahimova heç bir ünvan vermir, yenə gələcəm deyir, amma bir daha heç vaxt gəlmir.

***

Pənah Hüseyn baş nazir olan vaxt qərara alır ki, Azərbaycan Yazıçılar Birliyinin binasını Türkiyə səfirliyinə versin. Yusif Səmədoğlu ona zəng edir:

- Sən AYB-nin binasını yazıçılardan alsan, səni tüfənglə vuracam!

***

Xəlil Rza SSRİ-nin məşhur Lefortovo zindanında yatanda həmişəki kimi uzun-uzadı gündəlik yazırmış. Və hər gün gündəliyin ilk sözü bu olurmuş:

"Qüdrətliyəm!”

***

Bir gecə cavan uşaqlar yaşadığı binanın blokunda Əlibala Hacızadəni soyurlar. Özü bu əhvalatı gülə-gülə danışırmış. Deyirmiş, soruşdular, nə qədər pulun var, dedim, bir "şirvan”. Oğlanlardan biri əlini döş cibimə salıb əlliminlik çıxartdı, dedi, ağsaqqal kişisən, utanmırsan, yalan danışırsan?!

***

Mehdi Hüseyn Yazıçılar Birliyinin sədri olanda Nəriman Həsənzadə onun qəbuluna gəlib. Xaraktercə sərt olan Mehdi Hüseyn həmyerlisinin özünəməxsus şəkildə əzilib-büzülməsinə əsəbiləşib deyir:

- Nəriman, çıx, təzədən gəl!

Nəriman müəllim çıxıb yenidən içəri girir, ancaq özünü düzəldə bilmir. Mehdi Hüseynin zabitəli səsi təkrar eşidilir:

- Nəriman, olmadı, get, bir də gəl.

Şair ikinci dəfə çıxıb qayıdır. Onu diqqətlə süzən Mehdi Hüseyn başını bulayır:

- Sən düzələn deyilsən, keç otur.

***

Əlisəmid Kür Rafiq Tağı ilə qarşılaşır və deyir:

- Rafiq, yazılarına diqqət elə, bir gün səni yortacaqlar!

Rafiq Tağı hirslənir:

- Bəyəm, yam-yamlar ölkəsində yaşayırıq?

Qəribədir, bu əhvalatdan bir müddət sonra, elə həmin dialoq olan yerdə Rafiq Tağını bıçaqlayırlar.

***

Hüseyn Arif Qazaxa gedirmiş. Yolda içib keflənir, deyir, mən Səməd Vurğundan böyük şairəm. Yol yoldaşı ona xəbərdarlıq edir:

- Bunu Gəncəyəcən denən, ordan o yana demə.

Gəncədə onları bir maşın qarşılayır. Orda da bir xudmani məclis olur və tez qalxıb yola düzəlirlər. Yolda Hüseyn müəllimin şöhrət damarı tutur və bayaqkı yol yoldaşına bir də qayıdır:

- Sən niyə sözümü qəribliyə saldın? Doğrudan elədir. Mən Səməd Vurğundan böyüyəm!

Bunu eşidən sürücü maşını qəfil saxlayır, yalvarışlara, üzrxahlıqlara baxmayaraq Hüseyn Arifi də, yol yoldaşını da asfaltın ortasında düşürür və çıxıb gedir.

Yol yoldaşı Hüseyn Arifə baxıb əlacsızcasına gileylənir:

- Dedim axı! O sözü Gəncəyəcən denən...

***

Şəhriyar Del Gerani Ramiz Rövşəndən zarafatla soruşur:

- Ramiz müəllim, şeirlərinizdəki göy üzünə daş atan oğlanın axırı necə oldu?

Ramiz Rövşən cavab verir:

- Sənin şeirlərindəki itlərə daş atmağa gedib.
XƏBƏRLƏR
BLOGLAR