Ölkə 10:54 12.10.2022

Fəlsəfə doktoru Azərbaycanın meşə fəlakətindən danışdı

"Respublikamızda meşə sahələrinin genişləndirilməsinə çox böyük ehtiyac var. Son dövrlər republikamızda meşə zolaqlarının salınmasına dövlət və mühafizə tərəfindən xüsusi diqqət yetirilir”.

Qaynarinfo xəbər verir ki, bunu Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev deyib. O bildirib ki, proses bunula yekunlaşmamalı, hər bir vətətndaş meşələrin qorunmasında, ağacların əkilməsində öz məsuliyyətini mütləq hiss etməlidir:

"Yer üzünün ekosistemində meşələrin özünəməxsus yeri var. BMT-də kənd təsərrüfatı və ərzaq məsələləri üzrə məşğul olan təşkilatın verdiyi məlumata görə, Yer kürəsində ümumi meşə sahəsi 4 milyard hektardan artıqdır. Əgər faizlə göstərsək, qurunun 30%-ni təşkil edir. Ümumi oduncaq ehtiyatı 350 milyard m3–dir. Rusiya, Kanada, Braziliya və ABŞ meşə ehtiyatlarına görə zəngin ölkələr hesab edilir. Kanadada hər nəfərə 14 ha, Fillandiyada 5 ha, İsveçrədə isə 3 ha meşə sahəsi düşür. Ən aşağı göstərici Böyük Britaniyada qeydə alınıb. (hər nəfərə 0,03 ha) Yer kürəsində yaşayan hər bir adama 0,7 hektar meşə sahəsi düşür. Respublikamızda isə bu göstərici cəmi 0,1 hektardır”. 

Xosrov Musayev vurğulayıb ki, bir neçə əsr əvvəl meşə sahələri çox olduğundan onların təbii sərvət kimi saxlanılmasına fikir verilməyib:

"Meşəyə təlabat az idi. Hazırda meşələr tikinti materialı, dərman və sənaye üçün xammal mənbəyidir. Meşə xammalından 5-20 minə qədər müxtəlif məhsullar alınır. Bütün bunlar meşələrin qrılmasına gətirib çıxarır. BMT-nin məlumatına gərə hər il dünyada 125 min km2 meşə sahəsi qrılıb məhv edilir. Meşə ekoloji amil kimi də böyük rol oynayır. Meşə iqlimə təsir edir. O, havanın temperaturunu və qaz tərkibini nizamlayaraq oksigen bolluğu yaradır. Meşələr torpaq eroziyasının qarşısını alır, torpaqda su saxlama qabliyyətini artırır. Meşələrdə çoxlu  miqdarda quşlar, heyvanlar yaşayır və burada çoxalırlar. Bununla yanaşı, meşə gözəl istirahət  və sağlamlıq mənbəyidir. Meşə əsəb sistemlərini sakitləşdirir, yorğunluğu aradan qaldırır, iş  qabiliyyətini yüksəldir və yaxşı əhval-ruhiyyə yaradır. Görkəmli təbitəşünas alim və akademik Həsən Əliyev meşə haqqında belə demişdi ki, meşə yarpaqları nəqliyyatın, fabrik və zavodların havaya buraxdığı karbon qazını udur və bizi əhatə edən atmosferi bütün canlıların tənəffüsü  üçün lazım olan oksigenlə zənginləşdirir”. 

 Xosrov Musayev meşələrin xalq təsərrüfatı əhəmiyyətinə görə qruplara ayrıldığını qeyd edib:

"1-ci qrup: Bu qrupa qoruq meşələri, torpaq mühafizəedici meşələr, süni salınmış tarlaqoruyucu meşə zolaqları, şəhər, sənaye müəssiləri ətrfaında salınmış meşə zolaqları, kurort meşələrinin əraziləri və çay kənarlarını mühafizə edən meşələr aid edilir. Respublikamızın meşələrinin 68%-i birinci qrup meşələrə aid olub, əksəriyyəti yüksək mailliyi olan dağ meşələrdir.

İkinci qrup meşələr də birinci qrup meşələr kimi torpaq mühafizəedicisi kimi yüksək qiymətləndirilir. İkinci qrup meşələrin ümumi sahəsi respublikamız üzrə meşələrin 30%-dən çoxunu təşkil edir.

3-cü qrup: Bu qrupa respublikamızın Tuqay meşələrini aid etmək olar ki, onlar da meşələrimizin az bir hissəsini, 1,9%-ni təşkil edir. Bizə məlum olduğu kimi, bu meşələrin bir hissəsi Mingəçevir SES–in salınması ilə əlaqədar süni yaranan su hövzəsi altında qalıb.

Meşə və su var-dövlət, bolluq deməkdir. Ərazisinin 25-30%-i meşə ilə örtülü olan bir ölkədə heç vaxt quraqlıq hiss edilməz, tarlalardan daima sabit və yüksək məhsul götürmək olar. Təəssüf ki, bizim respublikamızda meşələr azdır. Hazırda meşələr ümumi ərazimizin 14%-ni təşkil edir. Halbuki, bu rəqəm vaxtı ilə 25-30%-dən çox idi. Son illərdə meşə sahəsi xeyli azalıb. Xüsusən Lənkəran, Quba, Xaçmaz, Şəki-Balakən, İsmayıllı zonalarında, Kür çayının sahillərində meşələrin xeyli hissəsi qırılıb seyrəldilib”.

Bahar Rüstəmli