Fərid Şahbazlı Ermənistanın sərhəddəki təxribatları ilə bağlı Ukrayna mediasına danışdı

Fərid Şahbazlı Ermənistanın sərhəddəki təxribatları ilə bağlı Ukrayna mediasına danışdı

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq ağır silahlardan istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin müxtəlif istiqamətlərində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutması faktı xarici KİV-in diqqət mərkəzindədir.

Ukraynanın nüfuzlu "Qolos” və "Teleqraf” informasiya agentlikləri Ermənistanın Azərbaycana qarşı gerçəkləşdirdiyi növbəti təxribata geniş diqqət ayırıb. Dərc olunan materiallarda qeyd olunub ki, son zamanlar Ermənistan və Azərbaycan dövlət sərhədində atəşkəş tez-tez pozulur. Bildirilib ki, Ermənistanın atəşkəsi pozması regiondan vəziyyəti yenidən gərginləşdirib.

Ukrayna mətbuatı mövzu ilə bağlı azərbaycanlı jurnalist, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirlərinə geniş yer ayırıb. Məsələ ilə bağlı açıqlama verən Fərid Şahbazlı bildirib ki, iki ölkənin dövlət sərhəddində atəşkəs Ermənistan tərəfindən davamlı olaraq pozulur. O qeyd edib ki, bu təxribatlar son günlər daha intensiv xarakter alıb: "Ötən ilin noyabrında 44 günlük müharibədən sonra Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanmış birgə bəyanatda Ermənistan, silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxaracağı ilə bərabər, həm də atəşkəsin qorunacağına dair öhdəlik götürüb. Lakin, Ermənistan atəşkəsə əməl etmir və Azərbaycan tərəfini ağır silahlardan atəşə tutur. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub, yaralanıblar”.

Fərid Şahbazlı vurğulayıb ki, Ermənistanın niyyəti sülh müqaviləsini imzalamaqdan yayınmaq, eyni zamanda iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamaqdan boyun qaçırmaqdır.

Jurnalist Ukrayna mediasına açıqlamasında qeyd edib ki, Ermənistanın cəbhədəki təxribatları müxtəlif məqsəd və planlara hesablanıb: "Bu məqsədlərdən biri də Azərbaycanı yenidən müharibəyə cəlb etmək cəhdidir. Lakin ikinci Qarabağ müharibəsi sübut etdi ki, bütün kənar dəstəklərə baxmayaraq, Ermənistanın Azərbaycanla müharibə aparmaq gücü və potensialı yoxdur. Ötən il 44 gün ərzində Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etmək üçün apardığı müharibədən sonra "Ermənistan Ordusu” deyilən anlayış qalmayıb”.

F.Şahbazlı eyni zamanda bildirib ki, Ermənistanın sərhəd təxribatlarının arxasında duran planlardan biri də regiona digər dövlətləri cəlb etmək istəyi ola bilər. O qeyd edib ki, bu gün Ermənistanın beynəlxalq hüquqa zidd destruktiv siyasətini dəstəkləyən bəzi qüvvələr bu proseslərdən istifadə etməklə regiona daxil olmaq istəyirlər: "Bütün bunlar regionda sülh və təhlükəsizliyə böyük təhlükədir. Azərbaycan bütün prosesləri diqqətlər izləyir, siyasi və diplomatik müstəvidə adekvat reaksiyalar göstərir”.

"İslahatçı Gənclər” Birliyinin sədri bildirib ki, müharibədən sonra imzalanan üçtərəfli bəyanatdan keçən dövr ərzində Ermənistan daima qeyri-konstruktiv mövqe nümayiş etdirib: "Ermənistan işğaldan azad edilmiş ərazilərin mina xəritəsini tam şəkildə Azərbaycana vermir. Nəticədə bu dövr ərzində 150-dən çox insan bu minaların partlaması nəticəsində həlak olub və xəsarət alıb”.

Fərid Şahbazlı qeyd edib ki, Azərbaycan regionda sülh və təhlükəsizliyin daimi olmasında maraqlıdır və bunun üçün bütün addımları atır: "Ermənistan isə təxribatçı siyasətinə son qoymur. Bu hər şeydən əvvəl Ermənistanın özünün əleyhinə işləyir. Azərbaycan Ordusu və diplomatiyası bütün təxribatçı addımlara adekvat reaksiya verməyə davam edəcək”.
 

XƏBƏRLƏR
BLOGLAR
X