Xəbər lenti

Fərqanə Qasımova:
Foto 16:00 31.10.2019

Fərqanə Qasımova: "Qazancım buna imkan vermir" (MÜSAHİBƏ)

Əməkdar artist Fərqanə Qasımovanın oxu.az-a müsahibəsini təqdim edirik.

– Fərqanə xanım, yeni layihələr gözlənilir?
– Yeni mahnılarım olacaq. Bu ilin sonuna kimi işlərimin hamısını yekunlaşdırmağa çalışacam. Artıq Nəsiminin "Sığmazam” qəzəlinə yazılan mahnı hazırdır. Müəllif Nəsiminin eyniadlı qəzəlinə çox fərqli yanaşıb.

Mahnını dinlədim, xoşum gəldi. Hələ heç yerdə ifa etməmişəm. Klip çəkilişlərinə görə mahnının təqdim olunması gecikir. Bu ilin sonuna kimi kliplə birlikdə tamaşaçılara təqdim etmək istəyirəm.

– Nəsimi ili bağlı olaraq bir çox layihələr həyata keçirildi. Ən uğurlu olanlardan biri də Sami Yusufun layihəsi idi. Layihədə bir çox sənətçilərimiz iştirak etdi. Hər kəs Alim Qasımov və sizin layihədə iştirak edəcəyini düşünsə də, yanıldılar. Ümumiyyətlə, bu layihə ilə bağlı təklif gəlmişdi?
– Ola bilər ki, təklif bizə gəlmədən öncə yolda istiqamətini dəyişib. Amma bizə o təklif gəlib çatmadı. Sonradan bu məsələ qalmaqal formasında işıqlandırıldı. Layihədə iştirak edən hər kəsi alqışlayıram. Hər kəsi bəyəndim. Sonradan bizə verilən suallar qıcıqlandırıcı idi. Mən bu cür qalmaqalları sevmirəm. Çünki hər ifaçının özünəməxsus səsi və yeri var.

Qeyd edim ki, mənim mahnım may ayından hazır idi. Amma yay fəslinə görə sentyabrda kliplə birgə təqdim etmək istədim. Bu səbəbdən gecikdi.

Hesab edirəm ki, Nəsiminin "Sığmazam” qəzəli dünyada böyük bir simvoldur. Ona görə də hər kəsin öz dili ilə bu mahnını oxumağa haqqı var. Düşünürəm ki, mənim "Sığmazam” mahnım da seviləcək.



– Hansı musiqi janrlarını dinləyirsiniz?
– Ara mahnılarından başqa bütün janrları dinləyirəm. Yəni bu gün doğulub sabah ölən mahnılardan başqa bütün diri musiqilərə qulaq asıram.  Məsələn, caz, folk, etnik və rok mahnılarını belə dinləyirəm. Bildiyim nə qədər janr varsa, hamısının özəlini və gözəlini  dinləməyə hər zaman hazıram.

– Azərbaycanlı pop və estrada müğənnilərindən dinlədiyiniz kimlər var?
– Hansısa sevdiyim müğənni üçün darıxıb onun mahnısını dinləmirəm. Vaxtım olmadığı üçün evdə televizor və radio işlətmirəm. Bütün işlərim qaçaqaç olduğu üçün yolda, oturduğum yerlərdə musiqiyə qulaq asmaq imkanın olur.

İstedadlı ifaçılarımız var. Amma ad çəkmək istəmirəm. Çünki kiminsə xoşuna gələ və ya gəlməyə bilər. Amma Samira Allahverdiyeva, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva və Manana çalışan, əziyyət çəkərək bu sənətə gələn xanımlardır. Mən radioda onların mahnısını eşidən kimi musiqinin səsini artırıram.

– Övladlarınızın səsləri var?
– Bu sənət çox əziyyətlidir. İstəyirəm ki, ailəlikcə mahnı oxuyaq. Bizə uyğun mahnı ilə ailəmizi tərənnüm edək. Övladlarım ailə qurmadan bunu reallaşdırmaq istəyirəm. Əlbəttə, bu əziyyətli və maddi dəstək tələb edən işdir. Mahnıya Qasımov ailəsi və nəvələrinin simvolu olaraq klip də çəkmək olar. O zaman ailəlikcə  oxuduğumuzu sübut edəcəm.



– Hazırda müğənnilər və xanəndələrimizin hər biri dəbdəbəli həyat yaşayır. Düzdür, çoxu bunu inkar etsə də, hər dəfə yalanları ortaya çıxıb. Amma öz sözünü deyən sənətkar olsanız da, sadə həyat yaşayırsız. Başqası sizin yerinizə olsaydı, Alim Qasımovun qızı olaraq dəbdəbəli həyatı seçərdi…  
– Allah insanı ucaltdıqca gərək insan könlündən alçalsın. Çünki insan könlündən alçalanda allah onun daha da ucaldır.

İnsan özünü bəzən bir heç saymalıdır. Bizlər, həqiqətən, quru nəfəsdən ibarətik. Göz qırpımında var olub-yox olan insanlarıq. Bu səbəbdən nəyə güvənib, nəyə öyünürük? Yalnız bizi yaradan rəbbimizin olduğuna güvənməliyik. Onun qarşısında da qul olmağımızı düşünəndə sadələşirik.

– Ustad sənətçilərimiz gənc müğənnilərin geyimlərinin abırsız olduğunu deyirlər. Hicablı olduğunuza görə hansısa müğənninin geyiminə görə efirə çıxmaqdan imtina etmisiniz?
– Hər kəs qonaq çağıranda bunu məndən öncə düşünür. Mənim seçim qarşısında qalmağıma şərait yaratmırlar. Efirə dəvət edənlərin özləri mənim xasiyyətimə və geyimimə uyğun qonaq seçdiklərini deyirlər. Proqramda narahat olmağımı istəmirlər. Bu səbəbdən indiyə belə bir hadisə olmayıb.



– Çox vaxt sizi istəməyənlər "Hara baxırsan, ata-bala bunlar ordadır”, "Yenə də bunlar gəldi” kimi ifadələr işlədirlər. Sizin qulağınıza belə sözlər gəlib çatır?
– Bəli. Amma mən onları qınamıram. Çünki hamı əziyyət çəkir. Öndə olmaq istəyirlər. Birinci olmaq xislətimizdə var. Çox vaxt qısqanclıqlar olur. Amma yaxşı qısqanclıq insanlara işləmək üçün həvəs verir. Paxıllıq isə kiməsə badalaq vurmaqdır. Onunla qabağa getmək mümkün deyil.

– Heç verilişlərdə sizə qarşı ikiüzlü şəkildə davranan müğənnilərlə birgə olmusunuz?
– Məndə elə bir xüsusiyyət var ki, çox şeyi görməzlikdən gəlirəm. Hətta məndən xoşu gəlməyən xanımları qucaqlayıb öpürəm. Onu bir növ əziyyətdən qurtarıram. Çünki qadınlar bir-birinin paxıllığını daha çox çəkir.

Heç vaxt kişilər qadınların paxıllığını çəkmir. Qadınlar daha çox bir-birinin ayağını qazan və arxası ilə danışan olur. Həmçinin, qadın hər yerdə bir anda istədiyi insanı məhv edə də bilər, ucalda da. Ən çox qadınlardan qorxmaq lazımdır.

– Yetərincə tanınan sənətçi olaraq tədbirlərə və toylara gedirsiniz. Amma hələ də öz qazancınızla aldığınız şəxsi eviniz yoxdur…
– Çünki maddi qazancım özümə ev almağa imkan vermir. Məcbur atamın hədiyyə verdiyi evdə yaşayıram. Əlbəttə, öz qazancımla ev almaq istərdim. Qazancım yalnız övladlarımın təhsilinə, özümün gündəlik yaşam ehtiyaclarıma çatır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->