İdman 17:04 27.07.2021

"Fikirləri odur ki, oradan-buradan futbolçu gətirib pul "silsinlər" - Mahir Şükürov

Klublarımız avrokuboklarda növbəti oyunlarını keçirəcəklər. Azərbaycan çempionu "Neftçi" Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah Bakıda "Olimpiakos"u qəbul edəcək. Ayın 29-da isə digər klublarımız "Qarabağ", "Sumqayıt" və "Keşlə" Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxacaqlar. Klublarımızın çıxışı ilə bağlı Azərbaycanın tanınmış veteran futbolçularından olan Mahir Şükürovla danışdıq. 

Şükürov Qaynarinfo-ya müsahibəsində Azərbaycan futbolunun problemlərinə, AFFA-nın yarıtmaz siyasətinə də toxundu. 

- Sabah "Neftçi" Bakıda "Olimpiakos"la qarşılaşacaq. Əksəriyyət düşünür ki, komanda yunanları keçə bilməyəcək.

- İnanmıram ki, "Neftçi" "Olimpiakos"u keçə bilməsin. Səfərdə cəmi 0:1 hesabı ilə uduzublar. Evdə 1 qol vurmaq lazımdır. Belədə oyun əlavə vaxta gedə bilər. Həm hava şəraiti, həm də azarkeşlər baxımından üstünlüyümüz var. Vuruşmaq, oynamaq, qorxmamaq lazımdır. 

- "Neftçi"nin səfərdə yunan klubuna uduzmasına səbəb nə oldu? Hansı səhvləri qabartmaq mümkündür?

- Heyətdə uzun müddətdir belə səviyyəli turnirdə çıxış etməyən futbolçular var. Komanda bir qədər sanki qorxaq futbol oynayır, rəqibindən çəkinir. Bilmirəm, bəlkə də "Olimpakos"un adına görə belədir. Bir də ki, ilk oyunda müdafiəçiləri lazımsız qırmızı vərəqə aldı. Rəqibin başla oynadığını görsə də ayağını qaldırmışdı. Yəqin ki, təcrübəsi yox idi deyə, komandanı pis vəziyyətə saldı. Halbuki "Neftçi" sona qədər 11 nəfərlə oynasaydı səfərdə nəsə edə bilərdi. Əlbəttə, bu təsirini göstərdi. "Olimpiakos" 10 nəfərlə qalanda irəli çıxmağa risk etmirdi. "Neftçi"nin şansı çox idi, topu ələ keçirən kimi hücuma atılırdılar. Ancaq "Neftçi" də 10 nəfərlə qalanda rəqib rahatlaşdı və əks-hücumlarda yaxalamağa çalışdı. Hesab 2-0, 3-0 da ola bilərdi. 

- Yeni transferlər haqda nə düşünürsünüz? "Neftçi"yə qarşıdakı oyunlarda nə dərəcədə kömək etməyə hazırdırlar?

- Heç bir köməklik edə bilməzlər. Bilirsiniz necədir, səviyyəli legionerlər deyil. Ortababat oyunçulardır. Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirlərsə, adlı-sanlı, böyük futbolçular gətirmək lazım idi. 20-30 min qiyməti olan transferlərlə ora düşmək olmaz. Qrupa düşmək istəyirdilərsə, Azərbaycan çempionatı bitəndən sonra minimum 3-4 yüksək səviyyəli legionerlər almalı idilər. Bilirsiniz necədir, "Neftçi" çempion oldu, dedilər vəssalam, işimiz bitdi. Komanda bu il də çempionluq yaşamasaydı, çox pis olacaqdı. Növbəti mövsümdə intriqa qalmayacaqdı. Başqa maraq yox idi. Yalnız onu düşünürdülər ki, komanda çempion olsun və rəhbərlik büdcənin boşuna xərclənmədiyini desin. Çempionlar Liqasına və ya Avroliqada hansı nəticəni göstərəcəklər, bu, onları maraqlandırmırdı. Halbuki, çempion olan kimi bütün menecerləri işləməli idi. O zaman görərdik ki, komanda həqiqətən qrupa düşmək, oynamaq istəyir. Bəzən mediada oxuyuruq ki, məşqçi də transferlər olunmadığına görə narazıdır. Belə olacağını, danışdıqlarımın hamısını əvvəlcədən görürdüm. Futboldu hər şey ola bilər. Amma gördük ki, "Olimpiakos"un heyətində gənclərlə yanaşı çox keyfiyyətli futbolçular var. Məsələn, Valbuena adlı-sanlı oyunçudur, yaxşı karyerası olub. "Neftçi"yə gələnlərə baxın, görün harda oynayıblar, nə ediblər? Minimum 3-4 Honda kimi adlı-sanlı futbolçu lazımdır. Demirəm ki, gedib 36-37 yaşında kimisə gətirsinlər. Heç olmasa 27-28 yaşında, tanınmış, Çempionlar Liqasının ağırlığını görmüş oyunçular lazımdır. 

- Hazırlıqsızlığa görə klub rəhbərliyi, yoxsa baş məşqçi günahlandırılmalıdır?

- Baş məşqçi pul verib futbolçu almır ki. Kluba büdcəni SOCAR ayırır. Kamran ("Neftçi"nin prezidenti Kamran Quliyevi nəzərdə tutur-M.) məgər öz cibindən kluba pul verir? Kamran yalandan oturub orada. Mən də elə prezident ola bilərəm, nə var ki? Prezident öz hesabına futbolçu gətirməlidir. Yoxsa SOCAR-ın hesabına olan prezidentliyi neyləyirəm? Deyir ki, komandanı çempion etmişəm. Sən məgər kluba pul buraxmısan? Pulu SOCAR buraxır. Elə bu cür də yazın. Sənə o vaxt prezident deyərəm ki, öz biznesindən gələn gəlirlərdən xərcləyəsən, futbolçu tapıb gətirəsən. Yoxsa SOCAR pul versin, mən də klubu idarə edim. Bədbəxtçilik bundadır. Hamısı Elxanın (AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədovu nəzərdə tutur-M.) dostları-tanışlarıdır. Özlərindən heç nə xərcləmirlər, hökümət pul verir, onlar da idarə edirlər. 
Azərbaycanda uşaq futbolu inkişaf etməsə xeyri yoxdur. Kluba gələn yüksək dəstədə nəticə üçün oynayır, uşaq futboluna isə baxmır. Fikirləşir ki, nəyimə lazımdır? Onsuz da bir neçə il işləyib çıxacağam. Klubların strategiyası yoxdur, gələcəyə ümid vermirlər. Bir neçə ay öncə Türkiyədə də bununla bağlı müzakirələr aparılırdı. Narazılıqlar edilirdi. Çempionatda limit qoymaq istəyirdilər. Problem ondadır ki, öz uşaqlarımızı yetişdirmək əvəzinə hamı gedib kənarda futbolçu axtarır. Ozobiçin 30 yaşı var, milliləşdiriblər. Mən bu futbolçunu uzağı 1-2 il oynadacağamsa, nəyimə lazımdır? Almeyda ən yaxşı vaxtlarını "Qarabağ"da keçirdi. Milliləşdirdilər, 1 il oynadı, sonra dedi ki, məni çağırmayın. Tənqid edəndə də Elxan bizdən küsür. Nə edək, danışmayaq? Yaltaqlanaq sənə? Yalandan deyək ki, düz edirsən? Ozobiç "Qarbağ"da neyləyib? İnanın ki, Vidadi Rzayev, Mahmud Qurbanov bu yaşında daha yaxşı oynayar. Bunların fikirləri odur ki, oradan-buradan futbolçu gətirib pul "silsinlər", qazansınlar.

- "Keşlə" Rusiyada "Soçi"yə 0:3 hesablı məğlub oldu. Ümumiyyətlə komandadan nə gözləyirsən?

- Rusiya çempionatında oynamışam, ağırlığını bilirəm. Hər futbolçu orada oynaya bilməz. Mən Rusiyada ən yaxşı futbolçuların olduğu dönəmdə oynamışam. Bilirdim ki, "Keşlə" səfərdə uduzacaq. Amma 0:3-ü gözləmirdim. Bu məğlubiyyətlə "Keşlə"nin avrokuboklardakı çıxışının üzərindən xətt çəkildi. Şansı yoxdu. Hələ qapıçıları sağ olsun ki, komandanı xeyli qoldan xilas etdi. Hesab daha böyük ola bilərdi. 

- Bu klub da bir neçə transfer etmişdi. Amma görünən odu ki, kömək edə bilməyəcəklər.

- 10 minlik legionerlərlə heç nə etmək olmaz. Ondansa yerli futbolçularımızı oynatsaydılar daha yaxşı idi. Legioner Flavinyo, Vobay kimi olmalıdır. Almeyda "Qarabağ"a yeni gələndə yaxşı idi, o cümlədən Reynaldo. Sadəcə, braziliyalılar elədir ki, onları uzağı 2 illik müqavilə ilə oynatmaq lazımdır. Müqaviləsi bitəndən sonra isə buraxasan. Türkiyədə və başqa ölkələrdə də belədir. 1-2 ildən sonra əvvəlki keyfiyyətdə oynamırlar. Necə ki, əvvəllər yığmaya Ufuk Budak, Əli Gökdəmir kimi futbolçuları doldurmuşdular. Onların əvəzinə 3-4 gənc dəvət etsəydilər, aralarından heç olmasa 1 futbolçu çıxardı. İndi hardadır onlar? Heç biri yoxdur. Elxan Məmmədov Eddi İsrafilovu bəh-bəhlə gətirmişdi. Neçə milyon pul vermişdilər, ən yaxşı yerlərdə saxlayırdılar. Elə Dmitri Nazarov da onun kimi. 

- "Sumqayıt"la bağlı hansı fikirdəsiniz? 

- Hər kəs deyirdi ki, komanda səfərdə uduzacaq. Amma heç-heçə oynadılar. Heyətdən neçə futbolçunun ayrılmasına baxmayaraq Ayxan Abbasov komandanı toparlaya bilib. "Sumqayıt"ın şansı daha çoxdu, keçə bilər. "Qarabağ"ın da şansı az deyil.

- "Qarabağ"dan ümumiyyətlə heç kim İsraildə məğlubiyyət gözləmir.

- Rəqibin oyununa baxdım. Pis müdafiə olunmurdular. Məşqçiləri də "Qarabağ"ı yaxşı analiz etmişdi. Müdafiə zamanı bir futbolçunu iki nəfər qarşılayırdı. Onlar evdə, öz azarkeşlərinin önündə oynayacaqlar. İstəməzlər ki, uduzsunlar. Asan olmayacaq. Yenə də istər-isətəməz "Qarabağ"ın futbolçularının və baş məşqçinin belə oyunlarda təcrübəsi var. Bakıda hava isti idi deyə qaçmaq problem olurdu. İnanıram ki, səfərdə keçəcəklər. Gözləntilərimiz böyükdür. Konfrans Liqasında pis komadalar yoxdur. Evdə 1-2 qol vursaydılar rahat olardılar. 

- Ümumiyyətlə hazırda "Qarabağ"da hansı mövqelərdə boşluq hiss olunur?

- Mərkəzdə Almeyda kimi futbolçu lazımdır. Bir də, öz aramızdır "Qarabağ"ı "Qarabağ" edən Rəşad Sadıqov idi. O gedəndən sonra, hələ də komanda özünə gələ bilmir. Yəni, liderə ehtiyac var. 

- Özünüz hazırda nə işlərlə məşğul olursunuz?

- Fikirləşirəm ki, Elxan getsə yaxşı olacaq. Bütün klublar onundur. İstədiyi adamları gətirir, istəmədiklərini uzaqlaşdırır. Fikri odur ki, futbolçu karyerasını bitirən gedib oxusun, özünün yaxın ətrafı isə menecerlik etsin, pul qazansın. AFFA-da tərcüməçi məşq keçib, kateqoriya verir. O, kimdir ki, gedib dərsində oturum?

Səbuhi Həsənov