Finalın ətrafında

Finalın ətrafında "bilet mafiyası": 300 minə bilet?

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final görüşünə artıq 4 gün qalıb. 

Sport7.az xəbər verir ki, "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək final oyununun biletləri haqqında söz-söhbətlər səngimək bilmir. 

Sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzular rekord məbləğdə satışa çıxarılan biletlərdir. 

Ən çox diqqət çəkən isə "Skybox"la bağlı paylaşımlardır. Belə ki, müxtəlif insanlar "Skybox"a 195 000, 210 000, 250 000, 300 000 min AZN qiymətinə bilet satışı elanı yerləşdiriblər. 
 


Həmin profillərdən birinə biletlə bağlı yazdıqda isə, mətbuat nümayəndəsi olduğumuzu bilib söhbətdən yayındı. 
 


Məsələni dəqiqliyi ilə araşdırmaq üçün Avropa Liqasınının finalına bilet satışı üzrə nümayəndə Asif Əliyev ilə əlaqə saxladıq. O, Sport7.az-a açıqlamasında bu xəbərlərdən məlumatlı olduğunu və bunun son günlər Bakıda yayılan qara piar olduğunu qeyd etdi:

"Skybox"a biletlər satışda yoxdu. Onlara zəng edib deyəndə ki, mən bilet almaq istəyirəm, o biletləri tapıb sata bilmir. Hazırda şəhərdə qara piar gedir. Bilərəkdən qara bazarı şişirdirlər. Mən özüm belə bu nömrələrlə əlaqə saxlamışam və bilet almaq istədiyimi bildirmişəm. Gəlin görüşək, mən o pulu verməyə hazıram demişəm. Nömrənizi qeyd etdik müəllim, sizinlə əlaqə saxlayacağıq deyiblər. Sonra da heç bir cavab gəlməyib. Çünki o biletlər yoxdu. "Skybox" biletləri online satılırdı. Və mart ayından bitib. Hazırda isə internet aləmində qara piar gedir. Bir nəfər paylaşıb, ondan sonra başqaları da götürüb qiyməti dəyişərək yazırlar. Onu da qeyd edim ki, qiymətləri gündən-günə daha da şişirdərək yazırlar. Bu gün özüm bir statusa rast gəlmişəm ki, 400 000 qiymət yazıblar. Bunlar hamısı yalan məlumatlardı". 

"Bəs "Skybox"a biletlər hansı qiymətə satılıb?" deyə soruşduqda, Asif bəy "Biletlər UEFA tərəfindən satılır. Qiymətlər müxtəlif idi. 12-13 min avroya satılırdı. Bu biletlərin qiyməti UEFA tərəfindən təyin olunur və standart, digər finallarda olan qiymətlərdi", deyə bildirib.

Bildiyiniz kimi, İngiltərə klubları biletlərin bir hissəsini geri qaytarıblar. Həmin biletlərin aqibəti və ümumilikdə oyuna nə qədər bilet satıldığı haqda isə AFFA rəsmisi qeyd etdi ki, "Bəli, biletlər Bakıya qaytarılıb. Artıq bizim kassalarda satılır. Online vasitəsi ilə 26 min bilet, yerli marketdə isə 17 minə yaxın bilet satışa çıxarılmışdı. Oyuna demək olar ki, biletlərin 90 %-i satılıb. Çox az sayda bilet qalıb. Oyun gününə kimi hamısının satılacağını gözləyirik". 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR