Bu gün Parisdə Fransa Azərbaycanlıları Koordinasiya Surası təsis edilib.
"Report" xəbər verir ki, toplantıda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev iştirak ediblər.
Tədbirdə diaspora fəaliyyəti, aktual məsələlər və qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Fransada yaşayan soydaşlarımızın daha sıx birləşməsinin və diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsinin zəruriliyi vurğulanıb və bu məqsədlə Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsi qərara alınıb.
Şuraya 6 ay müddətində Fransada Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri Toğrul Zeynalov rəhbərlik edəcək. O, səlahiyyətlərinin icrasına bu ilin dekabr ayından başlayacaq. ACAF Fransanın Nant şəhərində 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, Fransanın Nant şəhərində yaşayan azərbaycanlı ailələrin çoxluğunu nəzərə alaraq 2019-cu il "Nant ili" elan olunacaq.
Qeyd edək ki, Fransa Azərbaycanlıları Koordinasiya Surası Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını və diaspor üzvlərini könüllülük və bərabərlik prinsipləri əsasında birləşdirən kollegial orqandır.
Şərhlər