Xəbər lenti

Fransanı kim çalxaladı? İranlı Məstəlişah, yoxsa amerikalı Tramp?
Siyasət 13:12 17.12.2018

Fransanı kim çalxaladı? İranlı Məstəlişah, yoxsa amerikalı Tramp?

Hüseynbala Səlimov 

"Yerin də qulaqları var” deyirdi bizim qocalarımız. Odur ki, cəmi gizlinlərin açarı bir gün tapılır. Bu baxımdan bir daha deyirik ki, qısa müddət keçəcək və Fransadakı "sarı jiletlilər” hərəkatının da geosiyasi çalarları məlum olacaq. 

Hətta indinin özündə ABŞ prezidenti D.Tramp etirazları Paris qlobal iqlim sazişilə bağladı və E.Makron hökumətinə sazişdən çıxmağı, sərbəstləşmiş vəsaitləri isə vətəndaşlara paylamağı, vergiləri azaltmağı məsləhət gördü. 

Elə əcnəbi siyasi təhlilçilər də hər dəfə Fransadakı etirazlarından danışanda diqqəti daha çox son illərdə Parislə Vaşinqtonun münasibətlərinin korlanmasına yönəldir və istər-istəməz proseslərdə "Amerika izi” axtaranları bir az da həvəsləndirməyə çalışırlar.

Əslində bu cür ekstrapolyasiyalar tamam-kamal predemtsiz də deyil. ABŞ-la Fransa və ABŞ-la Almaniya arasında çox sərin münasibətlər hökm sürür. Almaniyanın Rusiya ilə zahirən sərin, daxilənsə isti münasibətləri, xüsusən də Berlinin Moskva ilə böyük bir qaz razılaşması yapması Vaşinqtonu xeyli əndişələndirir. 

Elə Makron Fransası da dinc durmur və ABŞ-ın NATO-ya ayrılan xərcləri artırmaq haqqındakı tələblərini gah tamamilə qulaqardına vurur, gah da Almaniya ilə birlikdə "Avropa silahlı qüvvələri”nin yaradılması haqda çağırışlar edir və əlbəttə ki, burada haqlı bir sual yaranır: NATO-ya xərclərini artırmaq üçün vəsait tapmayan bu ölkə Avropa silhalı qüvvələrini görəsən, hansı vəsaitlər hesabına formalaşdırmağı düşünür?..        
      
Hələ heç onu demirəm ki, Avropa Birliyi (bu isə indiki halda Almaniya və Fransa deməkdir!) İranın üzünə qapıları çırpmamaqla da Vaşinqtonu tamam qeyzləndirməkdə davam edir. 

Hətta bu günlərdə deyildi ki, guya Birlik İranla ticari əlaqələrdə daha  dollardan istifadə etməyəcəkdir. Belə olan bir halda, heç adam durub təəccüblənərmi ki, niyə "sarı jiletli”lər ölkələrinin Avropa Birliyini tərk etməsini istəyirlər?..       

Əlbəttə ki, Fransadakı bu son hadisələri başa düşməyə yardımçı ola biləcək digər səbəblər də yox deyil.  

Təkrar qeyd edirik ki, bir neçə il əvvəl Nobel mükafatı laureatı E.Kanettinin "Kütlə və hakimiyyət” əsərini oxumuşduq. Müəllif hər xalqa bir obraz, onun psixologiyasını özündə ehtiva edən bir simvol tapmışdı. Fransızların da payına inqilab düşmüş və Kanetti qalların indiki nəslini İnqilab kodu ilə identifikasiya etmişdi... 

Əslində burada da qeyri-adi bir yenilik yoxdur. Fransa və fransızlar deyəndə bir qeyri şey ağla gəlirmi? Ya dərhal Luvru düşünürsən, ya da ki, Böyük Fransa İnqilabını...

Amma təkcə bunlar düşürmü yada? Yox, yaddaşımızı qurdalasaq, bilavasitə biz azərbaycanlılara aid olan xeyli başqa detallar da taparıq. Məsələn, xatırlayarıq ki, Mirzə Fətəlinin Şahbazı Parisə gedə bilmədi və Şahbaz - müsyö Jordan dostluğu fransız-azərbaycanlı dostluğuna çevrilə bilmədi.
Əvəzində isə... Bəli, əvəzindəsə ermənilər Fransa ilə dostlaşdılar. Odur ki, bu gün yaddaşımızı qurdalayanda Fransa ilə bağlı xeyli neqativlər və ürəkaçmayan detallar da üzə çıxır.

Məsələn, yada düşür ki, hələ SSRİ mövcud olan vaxtlarda Fransa prezidenti F.Mitteranı bu ölkənin daxili sərhədləri çox məşğul edirdi və Fransa prezidenti hələ o vaxtlar deyirdi ki, bu sərhədlər inzibati xarakter daşıyır və SSRİ parçalananda onlara yenidən baxmaq lazım gələcək. Bu sözlər sizdə hansısa bir assosiasiya yaratmırmı?

Elə Dağlıq Qarabağın Ermənistana verilməsi haqqındakı ilk çağırış da bir qeyri yerdə yox, məhz Parisdə edilmişdi və bunu 1987-ci ildə sovetin rəhbəri M.Qorbaçovun köməkçisi akademik A.Aqanbeqyan etmişdi...

Daha sonra çox qəziyyələr baş verdi, Dağlıq Qarabağ "problemi” yarandı və Fransa guya bu poblemi həll edəcək həmsədrlərdən biri oldu. Gəl, bu da Fransanı bizə yaxınlaşdırmadı... 

Günlərin birində növbəti Fransa prezidenti, M.Qəzzafinin pulu ilə prezident olan və prezident olandan sonra da onu devirən N.Sarkozi qəfil  bəyanat verdi: belə məlum oldu ki, Ermənistan Fransanın "kiçik bacıcı” olacaq bu gündən...

Daha sonra... Daha sonra isə Fransanın "ənənəvi partiya konfiqurasiyası” qəfil dəyişdi və bilmədik, hansısa böyürdən Makron peyda oldu. Bu Makron da günlərin birində fransız dilli ölkələrin sammitini İrəvanda keçirməyə qərar verdi, səhv etmirəmsə, iki gün orada qonaq oldu, heç ağlına da belə gəlmədi ki, bunun bir gününü də Bakıda keçirsin – axı çoxdandır ki, xarici dövlət və hökumət başçıları Bakıya və İrəvana münasibətdə daim diplomatik pariteti qorumağa çalışırlar. Makron da heç bir halda bunu yaddan çıxarmamalı idi, çünki bir az əvvəldə ərz etdiyimiz kimi, Fransa Minsk Qrupunun üç həmsədrindən biridir.

Amma tamam "unutdu”. İndi budur, ölkəsi tamam qarışıb. Əgər mövhumatçı olsaydım, mən də düşünərdim ki, bunu da bizim dərviş Məstəlişah edib ki, 21-ci əsrin Şahbazları da Paris eşqinə düşməsinlər. 

Fəqət, mən qətiyyən möhvumatçı deyiləm. Üstəlik, bir tərəfdən özlüyümdə elə hey qovruluram ki, kaş, bizim Şahbaz da o vaxt Parisə gedə biləydi. O biri tərəfdən də fikirləşirəm ki, elə yaxşı oldu ki, Şahbaz Parisə getmədi, yoxsa seksual azlıqların paradı indi İrəvanda yox, bizim Bakıda keçirilərdi...

Amma burada bizim məşhur "Dərviş Parisi partladır” filmi yadıma düşür. Yadınızdadırmı orada Hətəmxan ağa (bu rolu böyük aktyorumuz A.İsgəndərov oynayıb) nə deyirdi? O, buyururdu ki, o şeylər ki, bizdə gizlində olur, onlar orada, yəni Firəngistanda aşikardadır. 

Bəli, bu sözləri bir çox mətləblərə aid etmək olardı, elə ona görə də nəsə haqqında tələsik "Biz də bu yoxdur” deməyin...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->