"Dağlıq Qarabağ separatçılarının xarici ölkələrdəki nümayəndəliklərinin fəaliyyətləri qanunsuzdur”.
Bunu "Report”un Fransa bürosuna açıqlamasında Paris-Sen Universitetinin siyasi elmlər və kommunikasiya üzrə professoru Frederik Treffel deyib.
F.Treffel Dağlıq Qarabağ separatçılarının xarici ölkələrdəki nümayəndəliklərinin fəaliyyətlərinə son qoyulması istiqamətində atılan addımları alqışlayıb: "Fransanın mövqeyi dəyişməyib, aydın və qətidir. Dağlıq Qarabağ Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınmayıb və müstəqil, azad, suveren dövlət deyil. Bu səbəbdən də Fransa hökuməti heç bir zaman Dağlıq Qarabağdakı separatçı rejim ilə diplomatik əlaqələr qurmağa cəhd belə göstərməyib.
Fransadakı əməkdaşlıq əlaqələri yaradan bəzi merlər, departament və regionlar da hökumət tərəfindən xəbərdarlıq alıblar və onlara qadağalar qoyulub. Fransa prezidenti belə əməkdaşlığın qeyri-qanuni və beynəlxalq hüquq normalarına əks olduğunu aydın surətdə onlara bildirib.
Ötən il Fransada erməni təşkilatlarının nümayəndəlik şuralarının qarşısında çıxışı zamanı prezident Emmanuel Makron beynəlxalq hüquq və dövlət hüququ prinsiplərini, münaqişələrin nizamlanması prosesi yolu ilə siyasi razılığa gəlinməsi prinsipini onlara bir daha xatırladıb.
Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Mink qrupu yaradılıb ki, Fransa bu qrupun həmsədrlərindən biridir və mövqeyi hər zaman olduğu kimi bu qrupun fəaliyyətini dəstəkləməkdir. Qrupda təmsil olunan dövlətlər arasında Almaniya, İtaliya da yer alıblar və münaqişənin nizamlanması prosesi Avropa İttifaqı səviyyəsində dəstəklənir”.
Professor bu yaxınlarda Dağlıq Qarabağda keçirilən "seçkilər”ə də münasibət bildirib: "Qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən "seçkilər” qanunsuzdur. Çünki Dağlıq Qarabağ adlı dövlət mövcud deyil və buna görə də orda keçirilən seçkilərin nəticələri tanınmayıb”.
Şərhlər