Foto 10:33 19.01.2022

Futzal üzrə Avropa çempionatının final mərələsinə start verilir

Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinə start veriləcək.
 
Qaynarinfo xəbər verir ki, Niderlandda təşkil edilən həlledici mərhələnin ilk matçında Serbiya və Portuqaliya komandaları qarşılaşacaq. Oyun saat 20:30-da start götürəcək. Turnirin rəsmi açılışı isə Niderland-Ukrayna görüşündən əvvəl baş tutacaq. Bu duel isə 23:30-da başlayacaq. Hər iki qarşılaşma Amsterdamdakı Ziggo Dome arenasında keçiriləcək. Ümumiyyətlə, qitə birinciliyi Niderland Krallığının iki şəhərində - Amsterdamda və Qroningendə təşkil olunacaq.

Sayca 6-cı dəfə bu mərhələdə iştirak edəcək millimiz mübarizəyə yanvarın 22-də başlayacaq. D qrupunun açılış matçında komandamız Gürcüstan yığması ilə üz-üzə gələcək. Bu görüş, eləcə də yanvarın 25-də keçiriləcək İspaniya – Azərbaycan qarşılaşması Qroningendəki Martini Plazada baş tutacaq. İlk dəfə 16 komandanın iştirak etdiyi yarışda qrup mərhələsini ilk iki pillədə yekunlaşdıracaq millilər 1/4 finala vəsiqə qazanacaq. Krallıqda tətbiq edilən qadağalarla əlaqədar yanvarın 25-dək keçiriləcək oyunlarda azarkeşlər iştirak etməyəcək. UEFA futzalçıların özlərini yalqız hiss etməməsi üçün tribunalarda fanatların maketini yerləşdirib. Yanvarın 25-dən sonra keçiriləcək oyunlarla bağlı isə Niderland hökümətinin qəbul edəcəyi qərarlara uyğun addım atılacaq.
 
Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?