Xəbər lenti

G7 ölkələrinin dövlət borcu: növbəti bazar problemi?
Dünya 16:16 17.07.2024

G7 ölkələrinin dövlət borcu: növbəti bazar problemi?

Dünyanın ən böyük iqtisadiyyatları arasında böyük borc səviyyələri maliyyə bazarlarını yenidən narahat etməyə başlayır, xüsusən də bir sıra seçki kampaniyaları büdcə-maliyyə perspektivlərini korlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” nəşri "Reuters”ə istinadən yazır.

Fransız istiqrazları gözlənilməz seçki nəticələrindən və bazarlarda narahatlıq yaradan geniş miqyaslı xərcləmə planlarından əziyyət çəkir. ABŞ-ın dövlət
istiqrazlarının dinamikası noyabr ayında keçiriləcək prezident seçkiləri ərəfəsində diqqət mərkəzindədir. Borc böhranı əsas senari deyil, lakin investorlar dövlətlərin kəmərlərini sıxması və bunun bazarda stresə səbəb olması riskindən narahatdırlar.

"Büdcə kəsiri yenidən diqqət mərkəzindədir", - deyə "Zurich Insurance Group”dan Qay Miller bildirib.

"Yalnız borclara deyil, həm də artım tempinin necə təmin olunacağına daha çox diqqət yetirilməlidir – xüsusilə Avropada”, - o əlavə edib.

Aşağıda investorların narahatlığına səbəb olan beş əsas inkişaf etmiş iqtisadiyyatda vəziyyətin icmalı verilib:

1. Fransa

Növbədənkənar seçkilər əvvəllər Fransanın dövlət maliyyəsinin acınacaqlı vəziyyətinə əhəmiyyət verməyən investorları əməlli-başlı ayıldıb. ÜDM-in 5,5%-lik büdcə kəsiri ilə 2023-cü ildə Paris Avropa İttifaqının intizam tədbirləri ilə üzləşir.
İfrat sağçıların parlament seçkilərinin ilk turunda güclü nəticə əldə etdikdən sonra investorların Almaniyanın dövlət borcuna qarşı fransız dövlət istiqrazlarına sahib olduqları üçün tələb etdikləri mükafat, iyun ayında 2012-ci il borc böhranından bəri qısa müddətdə ən yüksək səviyyəyə yüksəlib.
Nəticədə, sol ittifaq gözlənilmədən qalib gəldi, lakin mütləq çoxluq əldə etmədi və parlamentin qeyri-müəyyən tərkibi solçuların səxavətli hökumət xərcləri planlarını əhəmiyyətli dərəcədə yumşalda bilər. Eyni qeyri-müəyyənlik Fransanın maliyyəsini gücləndirmək cəhdlərinə də mane ola bilər.
Fransanın milli maliyyə-nəzarət idarəsinin rəhbəri bazar ertəsi bildirib ki, büdcədə manevr üçün yer yoxdur - borc azaldılmalıdır.
Hələ seçkilərdən əvvəl Aİ Fransanın dövlət borcunun səviyyəsinin 2034-cü ilə qədər ÜDM-in indiki 111%-dən 139%-ə çatacağını gözləyirdi. Fransız aktivləri üçün risk mükafatı bir qədər azalıb, lakin nisbətən yüksək olaraq qalır.

2. Amerika Birləşmiş Ştatları

ABŞ heç də geridə qalmayıb. ABŞ Konqresinin büdcə idarəsi hesab edir ki, 2034-cü ilə qədər dövlət borcu istehsal həcminin 97%-dən 122%-ə qədər artacaq və 1994-cü ildən bəri orta göstəricidən iki dəfə çox olacaq.

Donald Trampın noyabr ayında keçiriləcək prezident seçkilərində qalib gələcəyinə dair artan gözləntilər, treasuires-in gəlirliliyinin artmasına səbəb olub, çünki investorlar büdcə kəsirinin artması və inflyasiyanın sürətlənməsi riskini nəzərə alıblar. Bəzi investorlar hesab edirlər ki, istiqraz bazarları üçün ən pis nəticə Trampın Nümayəndələr Palatası və Senatla respublikaçıların rəhbərliyi altında prezidentliyi olacaq.
Amerika istiqrazları "sığınacaq aktivi” statusu ilə qorunsa da, gəlir əyrisi yanvar ayından bəri ən böyük genişlənməni göstərir və uzunmüddətli borclanma dəyərinə təzyiqi əks etdirir.

3. İtaliya

İnvestorlar millətçi baş nazir Corcia Melonini bazara uyğun fiqur kimi qiymətləndirdilər. Bununla belə, İtaliyanın 2023-cü ildəki 7,4%-lik büdcə kəsiri Aİ-də ən yüksək olub. Buna görə də Roma Avropa İttifaqının intizam tədbirləri ilə üzləşir ki, bu da bazarlarda nikbinliyi azalda bilər.

İtalyan istiqrazları digər ölkələrin istiqrazlarını üstələyib, lakin İtaliya istiqrazlarının saxlanması üçün risk mükafatı iyun ayında Fransa istiqrazlarının satılması fonunda dörd ayın ən yüksək səviyyəsinə çatıb və bu, panikanın nə qədər tez yayıla biləcəyini göstərir.
İtaliya hökuməti 2024-cü ildə büdcə kəsirini 4,3%-ə endirməyi hədəfləyir, lakin Nazirlər Kabineti son vaxtlar büdcə hədəflərini yerinə yetirməkdə çətinlik çəkir.
2020-ci ildən başlayan və dəyəri 200 milyard avronu keçən evlərin təmirinə dövlət yardımı proqramı İtaliyanın borc səviyyəsini uzun illər ərzində yüksək saxlayacaq. 
Avropa Komissiyası 2034-cü ilə qədər borcun istehsal həcminin hazırkı 137%-dən 168%-ə yüksələcəyini proqnozlaşdırır.
"İtaliyada götürdüyünüz riskə görə mükafat almırsınız", - "Union Investment”dən Kristian Kopf bildirib.

4. Böyük Britaniya

İngiltərə bazarı 2022-ci ildən bəri daha az riskli olub. O zaman mühafizəkarlar hökuməti tərəfindən təminatsız vergi endirimləri dövlət istiqrazlarının və funtun çökməsinə səbəb olub və Mərkəzi Bankı vəziyyəti sabitləşdirmək üçün müdaxilə etməyə məcbur edib və Baş nazir Liz Trass istefa verib. 
Kir Stormerin iqtisadiyyatı inkişaf etdirəcəyini vəd edən, lakin xərcləri cilovlayan yeni leyborist kabinetinin qarşısında ÜDM-in təxminən 100%-i olan dövlət borcu şəklində bir maneə yüksəlir.

Britaniyanın maliyyə proqnozçuları 2023-cü ildə bildiriblər ki, dövlət borcu 2070-ci ilə qədər ÜDM-in 300%-dən yuxarı qalxa bilər.

Yaşlanan əhali, iqlim dəyişikliyi və geosiyasi gərginlik daha böyük maliyyə riskləri yaradır.

S&P Global bildirir ki, Britaniyanın iqtisadi artımının gücləndirilməsi borcun sabitləşməsinin açarıdır.

5. Yaponiya

Yaponiyanın dövlət borcu iqtisadiyyatının həcmindən iki dəfə çoxdur və sənayeləşmiş ölkələr arasında ən böyüyüdür.

Bu, bazarları çox narahat etmir, çünki Yaponiya borclarının əksəriyyəti yerli investorların əlindədir, yəni böhranın ilk əlamətində onların qaçma ehtimalı azdır. Xaricilər Yaponiya dövlət istiqrazlarının cəmi 6,5%-nə sahibdirlər.

"Fitch Ratings” hesab edir ki, artan qiymətlər və artan faizlər Yaponiyanın kredit statusuna fayda verə bilər, çünki borc da inflyasiyaya məruz qalacaq.
Bununla belə, hələ də narahatlıq üçün səbəblər var.

Hökumətin hesablamalarına görə, növbəti on il ərzində Yaponiya dövlət istiqrazları üzrə illik faiz ödənişləri iki dəfədən çox artaraq 24,8 trilyon yen (169 milyard dollar) olacaq.

Buna görə pul siyasəti normallaşdıqca Yapon istiqrazlarının gəlirliliyində bir sıçrayış olub olmadığını izləməyə dəyər. 10 illik kağızların gəliri indi 1%-dən bir qədər çoxdur və 2011-ci ildən bəri ən yüksək səviyyədədir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->