İnnovasiya və Təchizat Mərkəzi şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində tibbi cihaz və tibb vasitələrinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Diamed CO” şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 462 796 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Diamed CO" MMC 27 oktyabr 2025-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 9 519 934,48 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 47-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynova Samirə Atamalı qızıdır.
"Diamed CO” MMC şpris istehsal edən zavod kimi tanınır. Bu satınalmada diqqəçəkən məqam şirkətin təklifi ilə ehtimal olunan qiymət arasında böyük fərq olmasıdır.
Dövlət satınalmalarının vahid internet portalında bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 7 757 877,08 manat kimi qeyd edilib. Göründüyü kimi şirkətin qiymət təklifi bundan dəfələrlə azdır.
"Dövlət satınalmaları haqqında” Qanuna görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçı izahat verməlidir və təklifini əsaslandırmalıdır.
Məsələ burasındadır ki, bu tenderdə qiymətlər arasında fərq 20 faizi də aşır və şirkətin bunu necə əsaslandırması, İnnovasiya və Təchizat Mərkəzinin buna necə qane olması müəyyən suallar doğurur.
Seyid
Şərhlər