Xəqani Cəfərli

Blogger
Yazılar
4
Gələcək dünyanın liderini süni intellekt müəyyən edəcək

Gələcək dünyanın liderini süni intellekt müəyyən edəcək

Xəqani Cəfərli

"Dünyanın gələcəyi: kosmos, süni intellekt, elektromobil və farmoseptika" başlıqlı yazıda sənayenin kosmos, süni intellekt, elektomobil və farmoseptika kimi sahələrinin önə çıxdığını qeyd etmişdik.

Dünya düzəninin yeni konfiqurasiyanı da məhz bu sahələrdə önə çıxan dövlətlər müəyyənləşdirəcək. Dünya liderliyi uğrunda mübarizə aparan böyük dövlətlərin, rəqabətə davamlı sənaye qurmaq istəyən ölkələrin kosmos və süni intellekt sahəsində amansız mübarizə başlatdıqları aydın görünməkdədir.

Ötən il Rusiya Prezidenti Vladimir Putin süni intellektin inkişafına həsr olunmuş müşavirədə bəyan etmişdi ki, bu sahədə önə çıxan dövlət dünyanın hakimi olacaq. Buna görə Rusiyanın süni intellekt sahəsində geri qalmasının yolverilməzliyini qeyd edərək, hökumət qarşısında bu sahənin inkişafını prioritet vəzifə kimi qoymuşdu. Putin hesab edir ki, süni intellekt sahəsi qlobal rəqabət meydanına çevrilib və ayrı-ayrı dövlətlər inhisarçı mövqe qazanmağa çalışırlar. Rusiyanın dövlət başçısı onu da bəyan etmişdi ki, süni intellektin inkişafı bütövlükdə bəşəriyyətin gələcəyini müəyyənləşdirəcək. Buna görə də, o, kadr potensialının genişləndirilməsinin, bütün dünyadan mütəxəssislərin cəlb olunmasının zəruriliyini vurğulamışdı. Bunun üçün Rusiyaya gələcək mütəxəsislərə vətəndaşlıq verilməsi qaydalarının sadələşdirilməsinin zəruriliyini də qeyd edən Putin intellektual şəxslərin ölkəni tərk etməməsi üçün onlara gərəkli şəraitin yaradılmasına çağırmışdı.

Prezident Putin ötən ay bir daha süni intellektin inkişafı ilə bağlı dövlət proqramının hazırlanması məsələsinə toxunaraq bu işi avqustun 31-dək başa çatdırmağı hökumətin qarşısında vacib məsələ olaraq qoydu. Süni intellekt sahəsində geri qalmamaq üçün Rusiyada "Sberbank", "Qazprom neft", "Yandeks", "Mail.ru Group", "MTS" və "Rusiya birbaşa sərmaylər fondu" alyans yaradılıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, Rusiyada süni intellektin inkişafında "Sberbank"ın prezidenti German Qrefin böyük xidmtləri var. "Sberbank"da hazırda süni intellekt sahəsində 1200 nəfərdən artıq mütəxəssis çalışır. Hələ 2017-ci ildə hüquq fakültəsinin məzunları qarşısında çıxış edən German Qref belə demişdi: "Cənab hüquqşünaslar, siz daha mənə lazım deyilsiniz. Bu il 220 hüquqşünas ştatı ləğv etmişəm. Süni intellekt sizdən yaxşı məhkəmə iddiası hazırlayır". "Sberbank"ı Rusiyanın ən bahalı şirkətinə çevirməyi bacarmış German Qref çox yaxın gələcəkdə bank şəbəkəsinin tarixə qovuşacağını da proqnozlaşdırır.
Rusiyada süni intellektin inkişafı ilə bağlı prezident Putinin göstərdiyi bütün cəhdlərə baxmayaraq, bu sahədə əsas rəqabətin Çinlə ABŞ arasında gedəcəyi hər kəsə aydındır. Hər kəs anlayır ki, süni intellekt sahəsində ABŞ-ın əsas rəqibi Çindir. Bu iki dövlətdən hansının liderliyi ələ alacağı isə bir neçə faktordan asılı olacaq.

"Google China”nın keçmiş rəhbəri Kai-Fu Li "Süni intellekt super gücləri: Çin, Silikon vadisi və yeni dünya nizamı" adlı kitabında yazır ki, süni intellektin inkişafı üçün Çinin əsas üstünlüyü onun tətbiq sahəsinin böyük miqyasa malik olmasıdır. Kai-Fu Liyə görə, "Google” məxsus "DeepMind” şirkətinin hazırladığı alqoritm "i-go" masaüstü məntiq oyununda dünyanın ən yaxşı oyunçusu sayılan Ke Jzeyə qalib gəldikdən sonra çinlilər süni intellektin nəyə qadir olduğunu anladılar. Bundan sonra çinlilər süni intellekt sahəsində Feysbukun "Sürətlə hərəkət edin, ətrafınızdakı hər şeyi qırın" devizi ilə hərəkət etməyə başlayıblar. Kai-Fu Li hesab edir ki, Çinin əhalinin sıx məskunlaşdığı şəhərləri süni intellektin inkişafı üçün təlabat yaradırlar. Çinin süni intellekt sahəsində önə çıxmasını təmin edən faktorlardan biri də nəhəng məlumatlar bazasına çıxışın əldə olunmasıdır. Kai-Fu Li öz kitabında həmin məlumat bazasını "Süni intellekt inqilabının yanacağı" adlandırır. 

Ekspertlər hesab edir ki, Çin bu gün ABŞ-dan geri qalsa da, beş il sonra onu ötüb keçə bilər. Kai-Fu Li yazır ki, Çin süni intellektdə lider olmaq üçün qarşısına çıxan hər şeyi əzəcək. Əgər 10 il əvvəl Çin texnologiyada ABŞ-dan 80 faiz geridə idisə, hazırda bu gerilik 50 faizə düşüb. Çinin süni intellekt və ümumiyytlə, texnologiya sahəsində sürətli inkişafını təmin edən əsas faktorlardan biri də son illər bir neçə dünya səviyyəli texniki yönümlü ali məktəblərin yaradılmasıdır. Bu ali məktəblərin yaradılması, ümumiyyətlə, təhsil sisteminin inkişafı naminə Çinin kommunist hökuməti Təhsil və Elm Nazirliyinin rəhbərliyinə kommunist olmayan, hətta kommunistlərə gizli müxalif kimi tanınan bir şəxsi gətirməkdən də çəkinməmişdi. Söhbət ölkənin və dövlətin taleyindən gedəndə Çinin kommunist rəhbərliyi ideyaya sədaqəti arxa plana keçirməyi bacarır.

Çinin sürətli inkişafına, Rusiyanın geri qalmamaq cəhdlərinə baxmayaraq, ABŞ süni intellekt sahəsində dünya lideridir. Bu liderliyi isə "Apple İnc", "Amazon İnc",  "Microsoft İnc", "Alphabet İnc", "Facebook", "Twitter" və "Netflix" kimi şirkətlər təmin edir.

Bu ilin noyabr ayında keçiriləcək seçkidə hazırkı prezident Donald Trampın rəqibi olacaq demokrat Co Bayden ABŞ-ın texnologiya sahəsində, xüsusilə də süni intellekt sahəsində liderliyini qoruyub saxlaması üçün böyük layihələr həyata keçirmək niyyətindədir. Tikinti maqnatı olan Donald Tramp yüksək texnologiyalara qarşı soyuq münasibəti ilə seçilir. Onun  "Amazon İnc"in qurucusu və prezidenti Ceff Bezos ilə apardığı mübarizə də yüksək texnologiyalara qarşı soyuq münasibətdən qaynaqlanır.

Çinin süni intellekt sahəsində lider olmaq üçün bir sıra üstünlüklərə sahib olmasına baxmayaraq, ekspertlər hesab edirlər ki, yüksək texnologiyaların inkişafı üçün əsas şərt azadlıqların olmasıdır. Buna görə də Çin və Rusiyanın ABŞ-ı ötüb keçərək süni intellekt sahəsində dünya lideri olması mümkün görünmür.

Keçmiş sovet respublikalarının arasında Estoniya yüksək texnologiyaların tətbiqində lider ölkə hesab olunur. Digər Baltikyanı respublikalar - Latviya və Litva da Estoniya ilə ayaqlaşmağa çalışır.

Yüksək texnologiyalar sahəsində Belarus və Qazaxısatanın da son illər uğurlar qazanmağa başladığı məlumdur. Belarusda yaradılmış Yüksək Texnologiyalar Parkının məhsulları Qərb ölkələrinə ixrac edilir. Ancaq son prezident seçkisi Belarusun yüksək texnologiyalar sahəsində son illər əldə etdiyi uğura da zərbə vuracaq.

Sonda onu da qeyd etmək istərdik ki, Cənubi Qafqaz respublikaları arasında Ermənistanın yüksək texnologiyalar sahəsində önə çıxmağa can atdığı aydın görünür. ABŞ və Avropa ölkələri ilə bu sahədə uğurla əməkdaşlıq edən Ermənistanın önə çıxmaması üçün Gürcüstanda da bəzi layihələr həyata keçirilir. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ermənistanın önə çıxmasını İrəvanın Qərbin texnikiyönümlü ali məktəbləri ilə əməkdaşlığa üstünlük verməsilə izah edir. Mixail Saakaşvili hesab edir ki, onun hökumətinin Gürcüstanda Cənubi Qafqazın ən yaxşı texnikiyönümlü ali məktəbini yaratmaq layihəsi "Gürcü arzusu"nun hakimiyyətə gəlməsi ilə yarımçıq qalmasaydı, indi Ermənistan önə çıxa bilməzdi.

Azərbaycanda süni intellekt sahəsində son illər bir sıra layihələr həyata keçirilsə də, bu işlərin daha da genişləndirilməsinə və sürətləndirilməsinə ehtiyac var.

OXŞAR XƏBƏRLƏR