Xəbər lenti

Gələcəyini musiqi sahəsində görən jurnalist: “Mən özümə elə o zaman xəyanət etmişəm” (FOTO/VİDEO)
Video 13:50 07.12.2023

Gələcəyini musiqi sahəsində görən jurnalist: “Mən özümə elə o zaman xəyanət etmişəm” (FOTO/VİDEO)

Media camesində hər kəsin jurnalist Çingiz Səfərli kimi tanıdığı həmkarımızın qeyri-adi bacarığı da var. O, məlahətli səsə, hər kəs üçün xoş olan ifaya, avaza da sahibdir. Peşə fəaliyyəti ilə əlaqədar qələm sahiblərinin müxtəlif bölgələrə səfərləri zamanı axşam qaldığımız hotelin foyesində bir piano, tar, yaxud digər musiqi aləti görən kimi, Çingiz dərhal onunla maraqlanır, həmkarlarının əhatəsində mütləq gözəl bir musiqi ifa edir. Həmkarımızı oxuculara daha yaxından tanıtmaq üçün onunla həmsöhbət olduq.

Medianews.az APA İnformasiya Agentliyinin əməkdaşı, jurnalist Çingiz Səfərli ilə müsahibəni təqdim edir:  

– Çingiz Səfərli kimdir?

– Çingiz Səfərli jurnalistdir. Hazırda rəsmi olaraq jurnalist fəaliyyəti ilə məşğuldur.

– Təbii ki, hamı sizi jurnalist kimi tanıyır. Amma ifanızda mahnılar da eşidirik. Haradandır musiqiyə belə həvəs, maraq?

– Vaxtilə Ordubad Rayon Uşaq Musiqi Məktəbində, daha sonra Respublika İncəsənət Gimnaziyasında musiqi təhsili almışam. Hazırda hobbi kimi məşğul olsam da, musiqi təhsilim var. Müəllimlərim çox olub. Tanınmış sənətçilərdən xalq artisti Ağasəlim Abdullayevdən tar, əməkdar artistlər Nuriyyə Hüseynova və Zakir Əliyevdən isə muğam öyrənmişəm. Məktəb illərində respublika əhəmiyyətli bir neçə müsabiqədə iştirak etmişəm, qalib olduqlarım da olub.



– Musiqiyə maraq ailənizdən gələn bir ənənədir, yoxsa sizdə fitri istedad, fərqlilikdir bu?

– Anamın gözəl səsi var. Musiqiyə məni yönəldən də elə o olub. Bu sahə ilə məşğul olmağımı çox istəyib, hələ də istəyir. Amma mənə elə gəlir ki, artıq o qatarı buraxmışam. Peşəkar musiqi ilə məşğul olmaq üçün mediadan uzaqlaşmalıyam. Bir əldə iki qarpız tutmaq olmur, hələ də indiki dövrdə. İkisi bir arada alınmır. Vaxt çatdırmaq olmur. Hazırda anidən sahə dəyişmək bir qədər riskli görünür. Həm də peşəkar fəaliyyət müəyyən qədər maliyyə tələb edir. Düzünü desəm, bir az qorxuram.

– Peşəkar jurnalist olmaqla yanaşı, həm də musiqi dalınca qaçmağınızı ətrafdakı insanlar, xüsusən tanışlar, qohumlar necə qarşılayır?

– Dediyim kimi, hazırda hobbi olaraq musiqi ilə məşğul oluram. Amma elə bilirəm jurnalist karyeram üçün mənfi reputasiya formalaşdırmır. Bu gün hətta siyasətlə məşğul olan şəxslər var ki, mahnı oxuyur və ya hansısa musiqi alətində ifa edirlər. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş mətbuat katibi və hazırda Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəisi olan İbrahim Kalının sosial şəbəkələrdə çox sayda ifaları var. Özü də peşəkar ifalardır. Yəni, musiqi fərqli işlə məşğul olanlar üçün mənfi imic yaratsaydı, o zaman Kalın çoxdan siyasətdən getməli idi.



– Heç kənardan buna görə sizə irad bildirənlər olubmu?

– İrad bildirənlər, əsasən, mediadan uzaqlaşıb musiqi ilə məşğul olmağımı  istəyirlər. Və deyim, onların sayı kifayət qədər çoxdur. Jurnalistikadansa, bu sahənin mənim üçün daha perspektivli olacağını düşünürlər. Bilmirəm, bəlkə də haqlıdırlar. Özüm də musiqi ilə məşğul olmaq istəyirəm. Hər zaman bir tərəfim məni bu yönə çəkir. Amma bəzi məsələlər var ki, risk etməyə qorxuram. Gələk, digər yöndən irad bildirənlərə. Yarı zarafat, yarı ciddi "boş işlərlə məşğul olursan” deyənlər də olur. Yəqin oxumağım, ya da tar ifalarım xoşlarına gəlmir (gülür). Fərqli reaksiyalar olur.

– Belə anlarda nə reaksiya verirsən, necə təsir edir sənə?

– "Boş işlərlə məşğul olursan” , – deyənlərə təbii ki, çox da fikir vermirəm. Çünki, musiqi boş iş deyil. İstəyərdim ki, bütün valideynlər uşaqlarını musiqiyə yönləndirsinlər, məktəblərdə musiqi dərslər ikinci, üçüncü dərəcəli fənn kimi tədris olunmasın. Uşaq gələcəkdə peşəkar musiqiçi olmasa da, ən azından ruhu təmiz olacaq, zövqü formalaşacaq. Amma eşidirik ki, bu gün ildən-ilə musiqi məktəblərinə uşaq qəbulunu azaldırlar. Musiqi məktəbləri bizə sovet dövründən qalan gözəl ənənələrdən biridir. Bunu məhv etməkdənsə, qoruyub saxlamaq lazımdır.



– Adətən deyirlər ki, yolunu tez-tez dəyişən adam mənzil başına çatmaz. Siz həm jurnalist, həm də musiqiçi olaraq mənzil başına çata bilirsinizmi?

– İnsanın həyatını, mənzil başına necə gedib çatacağını onun seçdiyi yol müəyyənləşdirir. Amma ürəyimin dərinliyində hiss edirəm ki, zamanında mən o yolu düzgün seçməmişəm. Çünki 7-ci sinifdən musiqi öyrənməyim üçün ailəmdən uzaqlaşıb Bakıya gəlmişəm. 5 il gimnaziyanın yataqxanasında çətin şəraitdə qalmışam. İndi dönüb arxaya baxanda ali təhsilimi bu sahədə davam etdirməməyimin, bu sahədən uzaqlaşmağımın peşmanlığını çəkirəm. Çünki bu qədər əziyyət çəkmişdimsə, bir səbəbi olmalı idi. Mən isə Milli Konservatoriyaya daxil olduğum halda, 550-dən çox bal topladığım üçün ixtisas kodlaşdırmasında Bakı Dövlət Universitetinin Jurnalistikasını seçdim. Guya, hüquq, jurnalistika daha prestijli ixtisaslar idi. 15 ixtisas yazmışdım, amma çox sevdiyim halda Milli Konservatoriya 15-ci sırada idi. Hesab edirəm ki, mən özümə elə o zaman xəyanət etmişəm. Buna görə də indi peşmanlıq çəkirəm. Gərək insan nə olursa-olsun sevdiyi peşə ilə məşğul olsun. Uğurun sirri ordadır. Bu gün mətbuatı nə qədər sevsəm də, əslində dərinlərdə özümü musiqi sahəsində görürəm.

– Səs imkanı, musiqi seçimi olaraq, əsasən kimlərin repertuarına müraciət edir, nə cür mahnılar ifa edirsiniz?


– Əsasən retro mahnılara üstünlük verirəm. Hüseynağa Hadıyev, Akif İslamzadə, Oktay Ağayev, Mirzə Babayev, Flora Kərimova, Şövkət Ələkbərova, Elmira Rəhimova və sair ifaçıların repertuarlarına müraciət edirəm. Öz yazdığım mahnılar da var. Səs tembri baxımından həzin mahnılar elə bilirəm daha yaxşı alınır. Muğam, xalq mahnıları da oxuyuram. Amma ən çox cəlb edən estradadır.



– Adətən kimlər üçün və ya haralarda mahnı oxuyursunuz?

– Pandemiya zamanı dostum Rəşid Məhərrəmli və gözəl pianoçu Ülvi İsmayılovla birgə "Sufi” adında qrup yaratmışdıq. Tar, piano və baraban. Özüm həm tar ifa edirdim, həm də oxuyurdum. Maraqlı işlərimiz var idi. Hətta bir neçə dəfə Bakının elit restoranlarında çıxışlarımız oldu. Əslində kifayət qədər maraq da var idi. Amma ailə qurduqdan sonra ortaya çıxan qayğılar, yenidən mediaya qayıtmağım səbəbindən qrupumuzun fəaliyyəti yarımçıq qaldı. Hazırda əsasən özüm, dostlarım üçün, bəzən tanışların şad günlərində bir-iki mahnı oxuyuram. İşdə ciddi atmosferi pozmamaq üçün maksimum şəkildə oxumamağa çalışıram (gülür).

– Gələcəkdə necə, bu bacarığınızı kapitala çevirməyi düşünmürsünüz?

– Elə əsas məsələ də burasındadır. Kapitala çevirə bilsəydim, çoxdan mediadan uzaqlaşmışdım. Ümid edirəm ki, bunu oxuyandan sonra işdən qovmazlar. Bilirsiniz, əsas olan bacarığı yaxşı kapitala çevirməkdir. Bunun üçün də ciddi şəkildə işləmək, ortaya ciddi işlər qoymaq lazımdır. Ən əsası da musiqiçisənsə, çevrəndə musiqiçilər olmalıdır ki, o yolda irəliləyə biləsən.



– Gələcəkdə hansısa restoran, şadlıq evi, studiyada oxumaq, daha çox pul qazanmaq kimi istəyiniz, həvəsiniz varmı?

– Var. Daim repertuarım üzərində işləyirəm. Fərqli mahnılar tapıram. İmkan olduqca, yeni mahnılar yazıram. Əvvəl-axır, deyəsən, olacaq. Amma nə zaman olacağını özüm də bilmirəm. Hərdən həvəslənirəm, cəhd etmək istəyirəm. Amma sonradan yenə nələrsə olur, fikrim dəyişir.

– Bu bacarığınızı, oxumaq vərdişinizi daha da inkişaf etdirmək, professional səviyyəyə çatdırmaq barədə də düşünürsünüzmü?

– Səsdən düzgün istifadə etməyi öyrənmək istəyirəm. Oxuyarkən düzgün nəfəs almaq çox önəmlidir. Düzgün nəfəs texnikasına sahib olmasan, oxuduğun da qeyri-peşəkar alınır. Belə ifalarım çoxdur (gülür). Bunun üçün vokal dərslərinə gedirəm. İnternetdə bununla bağlı dərslərə baxıram. İfamda çatışmayan çox şey var. Onları düzəltməyə çalışıram. Ümumiyyətlə hansı sahə ilə məşğul olursansa ol, gərək peşəkar olasan. Oxumaq üçün bəlkə gecikmiş olsam da, öyrənmək üçün gec deyil.



– Hansısa bəstəkarla, şairlə işbirliyiniz olubmu? Sırf sizin üçün bəstələnən musiqi və ya şeir sözləri varmı?

– Zahir Əzəmətin, Xalid Kazımlının sözlərinə mahnılar oxumuşam. Dostumuz, şair Tural Turanın da yazdığı bir şeir var idi. Ona da özüm musiqi yazmışam. Amma dinləyicilər həmin sözlərin bir az qəliz olduğunu dedi, ona görə o mahnı hələ qalır. Medianın İnkişafı Agentliyinin keçirdiyi müsabiqə üçün yazı göndərmişəm. Yer versələr, o mahnını da oxumağı düşünürəm. Bilirsiniz, studiyada mahnı yazdırmaq üçün də vəsait lazımdır. Mənim üçün isə bu, elə də az məbləğ deyil.

– Peşəkar jurnalist olmaq çətindir, yoxsa peşəkar musiqiçi? Yaxud ikisinin bir adamda cəmləşməsi?

– Bütün sahələrin özünə görə çətinliyi var. İnformasiya mənbələri ilə işləmək, operativlik, müxtəlif araşdırmalar hazırlamaq, daim gündəmi izləmək, xəbər axtarışında olmaq bu gün işimizin əsas hissəsidir və siz də yaxşı bilirsiniz ki, asan iş deyil. Peşəkar jurnalist olmaq çətindir, lakin ondan da çətini cəmiyyətin gözündə təmiz adla qalmaqdır. Ömür boyu yaza bilərsən, amma bir yazınla ömür boyu qazandığın nüfuz bir anda yerlə bir ola bilər. Bu gün dünyada gedən prosesləri görəndə mətbuat əslində çox strateji bir sahədir və bu baxımdan həyatın daim risk altında ola bilər. Peşəkar musiqi sahəsinin də özünəməxsus çətinlikləri var. Mahnıların yazılması, klip çəkilişi, təqdimat, tədbirlər və s. böyük enerji, vaxt tələb edir. Digər tərəfdən hansısa yığıncaqda oxuyanda hər dinləyici də anlayışlı olmur. Onların rəftarlarına da müəyyən qədər sinə gərməyi, dözməyi bacarmaq lazımdır.


– Jurnalistliyiniz musiqiçiliyinizə çox mane olur?

– Jurnalistika ilə məşğul olmağım musiqi ilə məşğuliyyətimə çox mane olur. Musiqi ilə məşğul olmağa demək olar ki, vaxt tapmıram. Amma musiqi fəaliyyətimin işimə bir təsiri olduğunu düşünmürəm. Ola bilsin bəlkə də qeyri-ciddi bir imic yaradır. Bəzən, müsahiblərim yaxşı oxumağın da var deyirlər. Amma mətbuatda peşəkar fəaliyyətlə məşğul oluram. Çalışdığım, informasiya aldığım qurumlarla peşəkar münasibət qururam və onlardan da eyni reaksiyanı görürəm. Deməyim odur ki, oxuyanda kənardan nə qədər mülayim görünsəm də, qələmim də itidir, sözlərimlə sancmağı da bacarıram.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->