Gələn ilin büdcə layihəsi nədən gecikir? – Ekspert rəyi

Gələn ilin büdcə layihəsi nədən gecikir? – Ekspert rəyi

2021-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisə hələ də təqdim olunmamasının səbəbi məlum olub. 

Qaynarinfo xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli gələn ilin baş maliyyə planının parlamentə göndərilməsi prosesinin gecikməsini ordumuzun işğal olunmuş ərazilərimizin azad olunması ilə izah edir: 

"2021-ci ilin büdcəsi hələ parlamentə təqdim edilməyib, səbəbi məlumdur. Ordumuzun əks-hücum və işğaldan təmizləmə əməliyyatı uğurla başa çatdı, Vətən torpaqlarının böyük hissəsi işğaldan azad edildi, deməli, gələn ilin büdcəsində torpaqların təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənməsi və infrastruktur layihələri üçün əlavə ciddi vəsaitə ehtiyac yaranacaq. Deməli, gələn il büdcə xərcləri ciddi artmalıdır - bunun üçün isə tək bir mənbə var, o da Neft Fondudur. 
 
 

Yuvarlaq rəqəmlərlə götürsək, bu il Neft Fondunun gəlirləri 7,8 milyard manat, xərcləri isə 12,5 mlrd. manat olacaq - 4,7 mlrd. manat kəsr yaranacaq, ciddi rəqəmdir.

Bu il iqtisadiyyat 4-4,5% daralacaq, ÜDM azalacaq, biznes çox ağır durumdadır deyə gələn il vergi daxilolmalarında ciddi artım olmayacaq, insanların alıcılıq qabiliyyəti düşüb deyə gömrükdən də daxil olmalar azalır-azalacaq. İqtisadiyyatın "ağardılması" hesabına son 3 ildə hər iki istiqamətdə daxil olan vəsaitin artımı artıq öz effektini itirdi - nə qədər mümkün idisə, o qədər "ağartdılar", deməli, daxili potensial artmalı, əlavə gəlir yaranmalıdır ki, vergi-gömrük daha çox pul yığsın, bu isə 2021-də mümkün deyil. 

Əgər 2021-ci il büdcəsinin xərc hissəsi 10-15% artacaqsa, deməli, gələn il Neft Fondundan 4-5 mlrd. əlavə pul götürülməlidir, yəni, Fonddan azı 17 mlrd. manat pul çıxmalıdır ki, bu da indiki məzənnə ilə 10 mlrd. dollar edir. 2021-ci ildə Fond ən yaxşı halda 8 mlrd. manat qazanacaq, deməli, Fondun 2021-ci il kəsri 9 mlrd. manat səviyyəsində olacaq ki, bu da çox böyük rəqəmdir. Bir sözlə, bütün yükü Fondun üzərinə yıxsaq, bu, dayanıqlı model olmayacaq”. 
İqtisadçı Neft Fondunun vəsaitlərini qorumaq üçün manatın məzənnəsinin ucuzlaşdırılmasını təklif edir: 

"Yüngül devalvasiyaya gedib (15-20%) Fondun dollar ehtiyatlarına bir az qənaət etmək lazımdır, paralel olaraq ucuz manatdan da istifadə edib işlək, rəqabətli iqtisadi model qurulmalıdır - şəxsən mən başqa yol görmürəm. Biz işğaldan azad edilən torpaqların bərpasını və yeni şəhər-qəsəbələrin salınmasını yaxın 5-10 il üçün iqtisadi artımın əsas motoruna, lokomotivinə çevirməliyik - bunun üçün isə tək Neft Fondu kifayət deyil...”

Orxan Əhmədli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR