(Yazı "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusu üzrə hazırlanıb)
Hər bir millətin, dövlətin gələcəyi gənc nəslin necə tərbiyə olunması, onlarda milli mənlik şüurunun hansı səviyyədə inkişaf etməsi, vətənpərvərlik hisslərinin tərbiyyəsindən keçir. Bu istiqamətdə bütün strukturlar fəaliyyətlərini elə qurmalıdır ki, gənclərimiz sözün həqiqi mənasında milli dəyərlərə sahib çıxsınlar. Həmin vəzifənin həyata keçməsində xüsusən də təhsil ocaqlarının mühüm rolu var. Məhz təhsil ocaqları, orta və ali məktəblərdə tədris olunan dərsliklər gənc nəslin tərbiyəsində bir nömrəli vasitədir.
Görəsən, Azərbaycanın təhsil ocaqları, dərsliklər gənc nəslə milli mənlik şüuru və vətənpərvərlik hisslərinin aşalınmasında nə kimi rol oynayır?
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirir ki, şagirdlərimizin milli dəyərləri öyrənməsi prosesində bəzi boşluqlar var:
"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin formalaşdırılması hər bir ölkənin sosial və mədəni davamlılığının əsasıdır. Azərbaycanda bu istiqamətdə müəyyən addımlar atılsa da, təhsil müəssisələrinin bu prosesdəki rolu daha dərindən təhlil edilməlidir. Orta və ali təhsil müəssisələrinin gənclərin milli dəyərləri mənimsəməsinə nə dərəcədə təsir etdiyi, dərsliklərin bu işdə oynadığı rol və gələcəkdə hansı tədbirlərin görülməli olduğu məsələsi diqqət mərkəzində olmalıdır.
Azərbaycan Respublikasının "Təhsil haqqında” Qanununda təhsilin əsas məqsədlərindən biri kimi gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi vurğulanır. Bu qanuna əsasən, təhsil sistemi həm milli kimliyin qorunmasını, həm də müasir qlobal tələblərə uyğunlaşmağı təmin etməlidir”.
Ancaq həmsöhbətimizə görə, bu yanaşma real təcrübədə bəzən tam şəkildə əksini tapmır:
"Təhsil müəssisələri, xüsusən də orta məktəblər, milli mənlik şüurunun təməlini qoyan ilk mərhələdir. Azərbaycan tarixi, ədəbiyyatı və vətənşünaslıq kimi fənlər vasitəsilə şagirdlər milli dəyərləri öyrənsələr də, bu prosesdə bəzi boşluqlar var. Məsələn, dərsliklərin məzmunu çox vaxt quru tarixi məlumatlarla doludur və gənclərin marağını çəkəcək hekayələrlə zənginləşdirilməyib. Statistik məlumatlara görə, şagirdlərin yalnız 35 faizi tarix dərslərinin onları vətənpərvərliyə həvəsləndirdiyini bildirir ki, bu da mövcud yanaşmanın təsirsizliyinə işarədir.
Estoniyada təhsil proqramları milli kimlik və vətən sevgisini formalaşdırmaq üçün xüsusi tərtib edilir. Burada hər bir məktəb şagirdi orta təhsil müddətində ölkənin azadlıq mübarizəsi, milli qəhrəmanları və tarixi abidələri ilə yaxından tanış olur. Həmçinin, Estoniyada gənclərin milli dəyərləri daha dərindən dərk etməsi üçün məktəblərdə müasir texnologiyalar və interaktiv metodlardan istifadə edilir. Bu, gənclərin tarixi daha maraqlı və mənalı şəkildə öyrənməsinə şərait yaradır”.
K. Əsədov bildirir ki, Azərbaycanda bu istiqamətdə əsas problem resurs çatışmazlığı və yanaşmaların köhnəlməsidir:
"Orta məktəblərdə dərsliklər çox vaxt yalnız nəzəri məlumatlara əsaslanır və şagirdləri real həyatda bu biliklərdən istifadə etməyə təşviq etmir. Milli qəhrəmanlarımız, şəhidlərimiz və Azərbaycanın mədəni zənginlikləri barədə daha motivasiyaedici materialların təqdim edilməməsi gənclərin bu mövzulara marağını zəiflədir. Halbuki, müasir dövrün tələblərinə uyğun olaraq, dərsliklərdə interaktiv materiallara, multimedialı məzmunlara və real həyatdan götürülmüş nümunələrə daha çox yer verilməlidir.
Ekspert deyir ki, ali təhsil müəssisələrində vəziyyət nisbətən fərqlidir:
"Universitetlərdə vətənpərvərlik tədbirləri, şəhidlərin və qazilərin iştirakı ilə seminarlar və konfranslar təşkil olunur. Lakin bu tədbirlərin çoxu formal xarakter daşıyır və tələbələrin həyatında dərin iz buraxmır. Halbuki, gənclərin milli mənlik şüurunu artırmaq üçün universitetlər yalnız tədbirlər deyil, eyni zamanda innovativ təhsil metodlarından istifadə etməlidir. Məsələn, Finlandiyada universitetlərdə tələbələr müxtəlif layihələr vasitəsilə milli dəyərləri öyrənir və onların müasir dünyadakı əhəmiyyətini təhlil edir. Bu yanaşma gənclərin həm milli kimliklərini möhkəmləndirir, həm də qlobal perspektivləri anlamağa kömək edir”.
Bu istiqamətdə irəliləyişə nail olmaq üçün ekspertin fikrincə, ilk növbədə, dərsliklər yenilənməli və milli-mənəvi dəyərlər şagirdlərin yaş qrupuna uyğun, maraqlı formada təqdim edilməlidir:
"Məsələn, Azərbaycanın müstəqillik mübarizəsi və Qarabağ zəfəri ilə bağlı hekayələr daha çox əks etdirilməli, bu hekayələr vasitəsilə gənclərə vətənə sevgi hissi aşılanmalıdır. Bundan əlavə, məktəblərdə və universitetlərdə texnologiyadan daha geniş istifadə edilməlidir. Virtual reallıq texnologiyaları vasitəsilə şagirdlər tarixi hadisələri canlı şəkildə öyrənə, Azərbaycanın abidələrini və tarixi yerlərini vizual olaraq tanıya bilərlər. Bu yanaşma dərs prosesini daha interaktiv və maraqlı edər. Müəllimlər yalnız dərslikdən məlumat ötürən şəxs deyil, həm də gənclərə nümunə olan lider olmalıdır. Müəllimlərin bu mövzuda bilik və bacarıqlarını artırmaq üçün xüsusi təlimlər təşkil olunmalı, onların milli-mənəvi dəyərlərin təbliğindəki rolu gücləndirilməlidir. Statistika göstərir ki, müəllimlərin 40 faizindən çoxu milli-mənəvi dəyərlərin tədrisi ilə bağlı əlavə təlimlərə ehtiyac duyduğunu bildirir”.
Təhsil eksperti prosesdə valideynləri də aktiv olmağa çağırır:
"Ailə mühiti gənclərin dəyərlər sistemini formalaşdıran ilk məkan olduğu üçün valideynlər bu prosesdə aktiv iştirak etməlidir. Təhsil müəssisələri və ailələr arasında sıx əməkdaşlıq olmalı, bu mövzularda birgə seminarlar və tədbirlər keçirilməlidir.
Nəticə olaraq, gənclərin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsi kompleks yanaşma tələb edir. Bu istiqamətdə orta və ali təhsil müəssisələri, valideynlər və cəmiyyətin bütün təbəqələri birgə fəaliyyət göstərməlidir”.
Rüfət Sultan
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər