Qaynarinfo İkinci Qarabağ savaşının iştirakçısı, gənc əsgər Mahmudov Murad Zaur oğlu ilə müsahibəni təqdim edir.
Murad 07.26.2002-ci ildə Şamaxı şəhərində anadan olub. Müharibə vaxtı həqiqi hərbi xidmət dövrünün üçüncü ayında idi. Döyüşüb səkkizinci günündə qəhrəmanlıqla döyüşərkən yaralanaraq qazi olub.
- Murad, döyüşlər necə keçdi? Ab-havası uşaqlığın havası kimi başındadır, yoxsa hər şey normala dönüb?
- Döyüş hamımız üçün yaxşı keçdi. Qələbə qazandıq. Hər şey film kimi gözümün önündədir. Heç nə ağlımdan çıxmır, gözümün önündən getmir. Hər gün, hər an ağlımdadır olanlar...
- Özün də yaralanmısan... Necə oldu yaralanma anı, nə baş verdi? Necə xatırlayırsan o dəqiqələri?
- Yanıma minamyot düşdü. Qəlpə yaraları aldım. Hər iki ayağımdan girdi. O cümlədən qolumdan da, belimdən də. Özümdə idim. Yaralandığım ərazidən çıxmaq istədim, sürünə-sürünə gəlirdim ki, onda da ayağımdan güllə ilə vurdular. Özümdən getmişdim artıq. Ayılanda döyüş gedirdi. Səsləndim ki, kömək edin. Başqa yoldaşım da yaralanmışdı. Onu gördüm. Bir yerdə olduq onunla. Bir-birimizə kömək edə-edə təpədən birtəhər düşdük. Ondan sonra da bizi tapıb təxliyə elədilər...
- Minomyot düşəndə yanında şəhid olan silah yoldaşların oldumu? Yoxsa iki nəfər yaralandınız?
- Oldu. İki nəfərimiz şəhid oldu. Allah rəhmət eləsin hər birinə, bütün şəhidlərimizə...
- Sən hərbi xidmətdəydin?
- Əsgər idim. Gənc əsgər. Hərbi xidmətimin üçüncü ayı idi.
- Döyüşün neçənci günü yaralandın?
- Səkkizinci gün idi mən yaralananda. Suqovuşan istiqamətində.
- Tək Suqovuşanda döyüşdün, yoxsa başqa ərazilərdə də oldun?
- Ağdərə, Talış, Suqovuşan. Üç istiqamətdə döyüşmüşəm. Ən axırıncı Suqovuşan oldu...
- Təəssüfləndinmi heç? Kaş, gec yaralanardım, ya heç yaralanmazdım, sona qədər döyüşüb digər ərazilərimizi də görə biləydim...
- Əlbəttə, təəssüfləndim. Çox istəyərdim ki, döyüşə-döyüşə Şuşanı görüm, Laçını görə bilim. Amma ki, nə etmək olar? Allahın işidir. Təki, vətən sağ olsun, bizim bu canımız fəda.
- Murad, gəncsən, bu olanları ancaq filmlərdə görmüsən. Qarabağ problemi sənin yaşından da böyükdür. İlk dəfə o əraziləri görmək necə bir hiss idi? Nə düşündün? Döyüşüb, illərdir işğalda olan torpaqları aldınız. Bu, olduqca böyük bir məsələdir.
- Elədir. Ancaq filmlərdə gördüyümüz hadisələr idi. Sən demə, real həyatda da olurmuş belə şeylər. Şükürlər olsun ki, bizə də qismət oldu, bizim də payımız oldu bu mübarək hadisələrdə. Ora gedəndə həm sevinirdik, həm də pis olurduq. Çünki bilirdik ki, burdan dönüş olmaya bilər. Hər an şəhid ola bilərik. Bu, həm sevinc verirdi, həm də kədər. Onların canını almağa, torpaqları almağa görə necə də xoşbəxt idik. Amma ailəmiz, bizi gözləyənlər... Onlara görə pis olurduq. Bütün hallarda hər şey yaxşı idi. Qəti peşman deyiləm. Bir də olsa, bir də gedərəm. Canla-başla. Hər şey vətən üçündür. Bu isə bizim borcumuz idi, qaytarmağa getmişdik.
- Gördüyün ən dəhşətli səhnə hansı idi? Hansı ki, yaddaşını itirsən belə, o hadisəni heç vaxt unutmazsan. Oldumu elə bir hadisə?
- Çox hadisə oldu. İnanmıram ki, orada olan nəsə yadımdan çıxsın. Silah yoldaşımı güllə ilə vurdular. Mərmi kürəyində partladı. Parça-parça oldu. Hər şey gözümün önündə baş verdi. Belə bir hadisəni necə unutmaq olar? Ancaq öləndə...
- Yaxın dostun idi orda, yoxsa digər tanımadığın əsgərlərdən biri? Heç elə oldumu, döyüşdən əvvəl oturub siqaret çəkə-çəkə söhbət edəsiz, arzularınızı, xəyallarınızı deyəsiniz, döyüşdən sonra da bir yerdə olacağınızı, dostluğun davam edəcəyini bildirəsiniz, amma sabahı gün həmin adam şəhid olsun?..
- Hə. Dənziyev Orxan. İlqar da var idi. Çox yaxın idik orda. Hər dəqiqəmiz bir idi. Xəyallarımız var idi. Onları ömrü boyu unutmayacam. Ağacan var idi, dostum. Uşaqlıqdan bir yerdə böyümüşdük. Mən yaralanıb məzuniyyətə gələndə eşitdim ki, şəhid olub. Eşitməz olaydım...
- Bəs, necə təskinlik tapırsan indi? Özünü nə ilə ovudursan? Ağır hadisələrdir. Ən yaxınların bir göz qırpımında...
- Təskinlik deyəndə, nə etsən, nə desən, azdır. Ovutmur. Heç nə ilə təskinlik tapmaq olmur. Bircə ona görə rahatam ki, qanları yerdə qalmadı. Onları şəhid edənlərin leşini çıxartdıq. Başqa heç bir təskinlik təsir edə bilməz...
- Ağacanı döyüş vaxtı gördün orda? Yoxsa o başqa yerdə idi.
- Yox. Təəssüf ki, görə bilmədim. O, başqa yerdə idi.
- Murad, Allah ona da, digər şəhidlərə də rəhmət eləsin. Siz qazilərə də şəfa versin. Nə yaxşı ki, varsınız. Sizsiz olmazdı...
- Amin. Çox sağ olun. Vətən sağ olsun!
Orxan Saffari
Şərhlər