Azərbaycanın quru sərhədlərinin bağlı qalması dövlətin strateji maraqlarını təmin etmək məqsədi daşıyır.
"Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, geosiyasi vəziyyət, regional təhlükəsizlik, ölkədaxili siyasi sabitliyin dayanıqlı təmini və təhlükəsizliyin daha da gücləndirilməsi bu qərarın verilməsində əsas rol oynayır:
"Ermənistanın işğalına son qoyulsa da, sərhədlərin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyası fəaliyyətdə olsa da, şərti sərhəddə gərginlik tam aradan qalxmayıb. Nəzərə almaq lazımdır ki, Ermənistanın təcavüzünə görə təxminən 700 km sərhədimiz bu dövlətlə, 132 km-lik dövlət sərhədimiz isə cənubda İranla 30 il ərzində işğal altında olub. İşğala və onun nəticələrinə görə Azərbaycanın dövlət orqanları bu ərazilərdə öz yurisdiksiyasını icra edə bilməyiblər. Həmçinin qaçaqmalçılıq, narkotik ticarəti, qeyri-qanuni miqrasiya, kütləvi qaçqın axını təhlükəsi kimi faktorlar da sərhədlərin bağlı saxlanmasını zəruri edən şərtlərdəndir”.
R.Nəbiyev bildirib ki, bu gün də ölkənin quru sərhədlərinin bağlı saxlanılması Azərbaycanın milli təhlükəsizliyinin gücləndirilməsi, xarici təhdidlərdən müdafiə olunması və ölkədə sabitlik mühitinin dayanıqlı müöhkəmləndirilməsi üçün strateji əhəmiyyət daşıyır:
"Quru sərhədlərimizin bağlı qalması strateji maraqları təmin etmək məqsədi daşıyır. Azərbaycan regionda artan təsirini və milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasətini nəzərə alaraq, sərhədlərin açılması ilə bağlı qərarları diqqətlə və mərhələli şəkildə verir. Hazırda bütün ölkələrlə hava və dəniz yolları açıq olsa da, quru sərhədlərimiz insanların hərəkəti üçün bağlı saxlanılır. Bu da həm regional risklərdən qorunmaq, yeni çağırışlara hazır olmaq baxımından da məqsədəuyğun sayılır. Nəticə etibarilə Azərbaycanın dövlət sərhədlərinin bağlı qalması bir çox daxili və xarici faktorların təsiri ilə müəyyən olunmuş strateji qərardır.
Şərhlər