ABŞ hərbi-hava qüvvələrinin pilotları 7 ədəd B-2 "Spirit” strateji bombardmançı təyyarəsinin sükanı arxasında ardıcıl 37 saat keçiriblər. Bu, 2001-ci ildən bəri bu tip təyyarələrin ən uzun müddətli fasiləsiz uçuşu olub. Təyyarələr havada dəfələrlə yanacaqla təmin olunub.
Qaynarinfo xəbər verir ki, "Betmen” stilində futuristik dizayna malik bu bombardmançılar ABŞ-ın Missuri ştatındakı "Uaytmen" hərbi bazasından havaya qalxıb, Atlantik okeanı və Aralıq dənizini keçərək İranda yerləşən hədəflərə çatıb. Onlar burada nüvə obyektlərini bombaladıqdan sonra yenidən "Uaytmen” bazasına qayıdıblar.
Belə uzunmüddətli uçuş zamanı ekipajın fiziki davamlılığını təmin etmək üçün B-2 təyyarələri tualet, mikrodalğalı soba və soyuducu ilə təchiz olunub. Təyyarədə həmçinin qısa müddətli yuxu və istirahət üçün yığcam çarpayı yerləşdirmək imkanı olan sahə də var. Bundan əlavə, təyyarə idarəetməni asanlaşdıran və heyətə müəyyən müddətlik istirahət imkanı verən avtomatlaşdırılmış sistemlərlə də təmin edilib.
B-2 bombardmançısı ilk olaraq nüvə zərbələri üçün hazırlanıb və 1997-ci ildə ABŞ Hərbi-Hava Qüvvələrinin silahlanmasına daxil edilib. ABŞ-ın arsenalında 52,4 metr qanad açılımına malik 19 belə təyyarə var. Hər birinin dəyəri təqribən 2 milyard ABŞ dollarıdır. Bu təyyarələrdən biri 2008-ci ildə qəzaya uğrayıb.
Bombardmançılar İran hava məkanına daxil olaraq hədəflərə heç bir maneə olmadan çata biliblər. "İranlılar bir dəfə də olsun atəş açmadılar, onlar hətta bizi görmədilər”, deyə general Dən Keyn bildirib. B-2 təyyarələri İran hava məkanında cəmi 25 dəqiqə qalıb.
ABŞ prezidenti Donald Tramp hücumu Ağ evin "Situasiya otağı” adlı komanda mərkəzində canlı izləyib. "Dünyada heç bir ordu bunu bacarmazdı”, deyə o, qürurla bildirib. Bu zaman B-2 pilotları hələ də Missuriyə geri qayıtmaqda idilər.
Aydın
Şərhlər