Vladimir Putin Donald Trampın təklif etdiyi, zahirən sərfəli görünən sülh şərtlərinə baxmayaraq, müharibəni davam etdirir.
Qaynarinfo "Financial Times”a istinadla yazır ki, Qərb rəsmilərinin fikrincə, bu qərarın səbəbi Kremlə daxil olan təhrif olunmuş
məlumatlardır.
FT-nin yazdığına görə, iki məmurun sözlərinə əsasən, Rusiya hərbi rəhbərliyi və təhlükəsizlik xidmətləri Putinə mütəmadi olaraq Ukraynadakı itkiləri şişirdən, Rusiyanın resurs üstünlüklərini qabardan və taktiki uğursuzluqları kiçildən hesabatlar təqdim edir. Putin eyni zamanda müharibənin Moskva iqtisadiyyatı üçün getdikcə daha böyük yükə çevrildiyini deyən etibarlı şəxslərlə də görüşsə də, hərbi brifinqlərdə yaradılan bu "parlaq tablo” onu müharibəni uda biləcəyinə inandırır.
Bununla yanaşı, Putinin dezinformasiya kampaniyası Trampın ətrafındakı insanların "əksəriyyətini Rusiyanın sürətlə qalib gəldiyinə inandırmaqda çox yaxşı iş görüb”, – deyə "Chatham House”un Rusiya üzrə eksperti Kir Ceylz bildirib.
Putinin əsas dezinformatoru
Putinə müharibə barədə əsas məlumat verən şəxs Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və işğalın baş komandanı Valeri Gerasimovdur. Müharibə uzandıqca, o və keçmiş müdafiə naziri Sergey Şoyqu radikal müharibə tərəfdarlarının qəzəbinə tuş gəliblər. Onlar Gerasimov və Şoyqunu Putindən real vəziyyəti gizlətməkdə və böyük itkilərə səbəb olan "ət maşını” taktikasına arxalanmaqda ittiham edirdilər.
FT yazır ki, eyni yaşayış məntəqələrinin dəfələrlə "ələ keçirilməsi” barədə triumfal bəyanatlarla cəbhədəki real vəziyyət arasındakı bu ziddiyyət, Rusiyanın niyə atəşkəs razılaşmalarının verə biləcəyi üstünlüklər əvəzinə, nəhəng itkilər bahasına irəliləməyə davam etdiyini izah edir.
Putin ictimai narazılığı azaltmaq üçün 2024-cü ildə Şoyqunu müdafiə naziri postundan uzaqlaşdırsa da, Gerasimov vəzifəsində qaldı və görünür, mövqelərini daha da möhkəmləndirdi.
"Gerasimov proqnozlaşdırıla bilənlik təmin edir – hətta bunun qiyməti cəbhədə son dərəcə yüksək itkilər və çox ləng irəliləyiş olsa belə”, – deyə Karnegi Beynəlxalq Sülh Fondunun aparıcı tədqiqatçısı Dara Massiko bildirib.
"Daxili siyasət və sabitlik riskli, amma potensial olaraq həlledici əməliyyatlardan daha önəmlidirsə, Gerasimov kimi fiqurlar saxlanılır”.
Massikonun fikrincə, Putin artıq bu itkiləri Ukraynadakı məqsədləri naminə ödəməyə dəyər hesab edir:
"O, son məqsədinə – Ukraynanı siyasi və ya hərbi yollarla Rusiyaya tabe etdirməyə – çatmaq üçün vaxt çərçivəsini uzadıb. O, buna nail olacağına əmindir… Donetskin qalan hissəsinin ələ keçirilməsi üçün lazım olacaq itkilər – və onlar çox böyük olacaq – görünür, onu ciddi şəkildə narahat etmir”.
Bundan əvvəl Böyük Britaniyanın Rusiyadakı sabiq səfiri Lori Bristou bildirmişdi ki, Vladimir Putin sağ olduğu və hakimiyyətdə qaldığı müddətdə Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı razılaşma mümkün deyil.
Onun sözlərinə görə, Kremlin rəhbərini ərazi güzəştləri müqabilində müharibəni dayandırmağa razı salmaq fikri sadəcə fantaziyadır.
Alpər
Şərhlər