Xəbər lenti

Bakıda kanalizasiyaya düşən oğlanın ölüm işi: Obyekt sahibləri ittiham edildi
Ölkə 13:07 23.12.2025

Bakıda kanalizasiyaya düşən oğlanın ölüm işi: Obyekt sahibləri ittiham edildi

Bakının Nərimanov rayonunda "Baksol” yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Teleqraf xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrlik etdiyi prosesdə Azər Cümşüdovun vəkili Anar Ramazanov bir neçə vəsatətlə çıxış edib. İlk vəsatət məhkəmənin iştirakı ilə hadisə yerinə baxış keçirilməsi ilə bağlı olub.

Vəkil məhkəmənin iştirakı ilə keçirilən baxışa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mütəxəssisinin də dəvət olunmasını istəyib. Bildirib ki, həmin qurumun mütəxəssislərində hadisə yerini ölçmək üçün cihazlar var: "Ölçmə cihazları ilə müəyyən etmək lazımdır ki, həmin ərazidə pozuntular, nöqsanlar olub, yoxsa yox".

Vəkilin ikinci vəsatətində aidiyyəti qurumlara sorğu göndərilməsini xahiş edib: "Biz ilk olaraq həmin ərazidə Bakı Su Kanal İdarəsi və yaxud hazırda ləğv edilmiş Su İdarəsinin iş aparıb-aparmadığını müəyyən etməliyik. Həmin ərazidə hansı qurumun iş görməsini müəyyən etmək üçün Azərbaycan Su Ehtiyatları Agentliyinə sorğu göndərilməsini istəyirik".

Vəkilin növbəti vəsatəti isə "Baksol" yolunda su kanallarının keçdiyi ərazidə yerləşən obyektlərin mühafizə zonalarının pozulmasının müəyyən edilməsi ilə bağlı olub. Vəkil bildirib ki, həmin ərazidə bundan əvvəl də onlarca çökmələr olub:

"Buna səbəb orada ağır yük maşınlarının mühafizə zolağında hərəkət etməsi, onların orada dayanmasıdır. Bu halların qarşısı alınmasa, bundan sonra da çökmələr olacaq. İlkin istintaq zamanı müstəntiq düzgün olaraq həmin ərazidəki obyektlərlə bağlı araşdırma aparıb, obyekt sahiblərini çağırararaq izahatlarını alıb. Amma sonda bu araşdırma dəyişdirilib, bu faktların üstündən keçilib. Buna görə də Azərbaycan Dövlət Su Agentliyinə sorğu göndərilməsini istəyirik.

Bundan əlavə, təmirlə bağlı hansı qurumun vəsait ayırmasını müəyyən etmək üçün maliyyə mütəxəssisi də göndərilməsini xahiş edirik".

Vəkilin növbəti vəsatəti isə Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Kameralarından hadisə baş verən ərazidən görüntülərin əldə olunması ilə bağlı olub: "Çökmə baş verən ərazidə Azər Cümşüdov çəpərləmə aparıb, dayanaqlı nişanlar qoyub. Ərazini lentə alıb və ağır lesalar da qoyulub. Bu işləri görəndən sonra həmin ərazinin fotolarını çəkib və işin votsap qrupuna atıb. Fotoları qrupda rəhbərlik də görüb. Amma sonradan ərazidən çəpərləmə kimlər tərəfindənsə sökülüb.

Deyirlər ki, lentləri külək aparıb. Amma dəmir dayaqları, ağır lesaları küləyin aparması mümkün deyil. Biz düşünürük ki, çəpərlər orada olan obyektlərin sahibləri tərəfindən, onların göstərişləri ilə fəhlələrin əliylə sökülüb götürülüb. Bu halları müəyyən etdikdən sonra kimlərin günahkar olduğu aydınlaşacaq.

İş materiallarında yalnız hadisə baş verən anın görüntüləri mövcuddur. Biz istəyirik ki, Təhlükəsiz Şəhər Kameralarından 2025-ci ilin mayın 15-dən iyunun 26-a kimi olan müddət ərzində davamlı görüntülər əldə edilsin. Həmçinin ərazidə olan obyektlərin təhlükəsizlik kameralarının görüntülərinin alınması və işə əlavə olunmasını da istəyirik".

Hakim elan edib ki, hazırkı mərhələdə mütəxəssislərin dəvət olunması ilə bağlı sorğuların göndərilməsi və hadisə yerinə məhkəmənin iştirakı ilə baxış keçirilməsi barədə vəsatətlər müzakirəyə çıxarılmır. Qeyd olunub ki, hər iki vəsatətə sənədlərin tədqiqi mərhələsində baxılacaq.

Hadisə yerinin görüntülərinin Təhlükəsiz Şəhər Kamerasından alınması və obyektlərdəki kameraların görüntülərinin işə əlavə olunması, həmçinin ərazidə hansı qurumun iş aparması ilə bağlı Azərbaycan Su Ehtiyatları Agentliyinə sorğu göndərilməsi haqda vəsatətlər isə müzakirə edilib.

Zərərçəkmiş Cümşüd Cümşüdlünün hüquqi varisi, anası Fəridə Abbasova və onun vəkili Mədinə Zeynalabdin vəsatətlərə etiraz etməyiblər.

Dövlət ittihamçısı Çoşqun İsmayılov isə bildirib ki, müzakirəyə çıxarılan vəsatətlər sənədlərin tədqiqi mərhələsinə aiddir. O, vəsatətlərin təmin olunmamasını istəyib.

Hakim isə hər iki vəsatəti təmin edib.

Daha sonra məhkəmə istintaqı başlanıb və dövlət ittihamçısı Çoşqun İsmayılov ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.

Növbəti proses yanvarın 15-də davam edəcək.

Qeyd edək ki, bu il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cələb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.

Xatırladaq ki, Cümşüd Cümşüdlü "Sab Azərbaycan"nın əməkdaşı olub

Sorğu

--> -->