Ölkə 09:37 21.04.2021

Gizlənmiş gözəl

Orxan Kərimov

Sərin, amma olduqca günəşli yaz səhəri idi. Sübh çağı oyanıb əl üzümü yudum, samovara od saldıqdan sonra bir qab dən götürüb təzə açmış yasəmənlərin ətrini içimə çəkə-çəkə həyətin o başındakı toyuqların yanına getdim. Yaz otlarının bolluğundan pipiyi qızarmış qızartdaq xoruz məni görüb özünü yan-yörəsindəki fərələrə göstərmək məqsədilə uzaqdan üstümə şeşələndi. Toyuqların qarşısına dən atıb bir xeyli onların iştahasına, sərçələrin də ara - sıra göydən şığıyıb bir-iki dən oğurlamaqlarına tamaşa etdikdən sonra özüm də iştahlanıb səhər yeməyi üçün yeni pöhrələmiş qovaq ağacının altında , təzə gəlin kimi utancaq söyüdlərin əhatəsində qurulmuş süfrənin başına keçdim. Qız demişkən, nənəm yenə hər zamankı kimi bütün qız-gəlinlərdən əvvəl qalxıb xəmirini yoğurmuş, artıq biz süfrəyə çatana qədər isti, qazmaqlı çörəklərini də süfrəyə qoymuşdu. Kəsdikcə içindən buxar çıxan çörəyin arasında  coşqulu sevgililər kimi əriyib bir-birinə qarışan yağla-balı yedikdən sonra bazar günü boşluğundan istifadə üçün  gün ortaya çatmamış beli götürüb düşdüm həyətin canına. Həyətdə alaqları kəsib atdıqca başımın üstündə mənə kölgə salan, yaşı da  ən az mən qədər olan əzəmətli çinar ağacına qonmuş, tez-tez başındakı yelpəyə oxşayan və darağı xatırladan kəkilini əhvalına görə açıb-bağlayan, bədəni və başı oxra rənginə yaxın sarımtıl xınarənginə çalan,  qanadları isə ağ-qara xətlərdən ibarət şanapipik də qurumuş budaqlardakı qurdları təmizləyirdi. Zalım oğlu elə  bil mənlə yarışa girmişdi. "TIK-TIK-TIK! , HOP-HOP-HOP..!”

*** 

Elə yumşaq torpağdakı çiçəkləri eşə-eşə, başına vurmağa alaq axtarırdım ki, qəflətən qarşıma hamıdan gizlənmiş, utancaq bir "huri” çıxdı. Allanmış yanaqları, yanağında da xalları. Yox, qarşımdakı sıradan bir lalə gülü deyildi. Sanki eşqin, zərifliyin, məsumiyyətin və qürurun simvolunu görürdüm. Düz gözümün içinə  baxan bu qırmızı lalə elə bil digər bütün çiçəklərin arasından "səni sevirəm” baxışıyla mənə boylanırdı. Mən də bu etirafa qarşılıq verirdim. İlahi, doğurdanmı, canlı, şüurlu  bir insan sükunətdəki çiçəyə aşiq ola bilərdi?!. Amma mən Xorasan türklərində "qızlar çiçəyi” kimi tanınan bu gözələ görən kimi cani-könüldən vurulmuşdum. Lap nağıllardakı kimi bir möcüzə olsun istəyirdim, mən onu  öpüm, o da çevrilib olsun şahzadə. Elə əksinə də razı idim. Onun kimi bir lalaüzarla bir neçə həftəlik yaz ömrünü digər çiçəklərin əhatəsindəki milyon ömrə qurban verərdim... 

Başıma vuran yaz günəşi, səhərdən işləməyin taqətsizliyi və bu canı yanmışın gözəlliyi şüurumu dumanlandırırdı. Çəmənliyə uzanıb  başımı da onun ətəyinə qoyandan sonra bu valehedici qızı altdan-yuxarı süzərək, şüurumdakı xəyallar dəryasına baş vurdum. Nənəm həmişə mənə lay-lay çalarkən deyərdi ki, "Yuxu tanrısı Hipnosun qəzəblənərək yerə çırpdığı əsasından lalə gülü yaranıb”. Axı Hipnos hamıya yuxu gətirirdi. İndi ona baxarkən anlayırdım, necə olur ki, şirin yuxuların tanrısı axşam vaxtı qəzəblənir, əsası da dönüb çiçək olur. Çünki analar yuxu vaxtı Hipnosu uşaqlarına şirin yuxu gətirsin deyə çağırırdılar. Dəcəl uşaqlar yatmayanda Hipnos əsəbiləşirdi. Onun bu hirsi, hikkəsi də ana sevgisinin qarşısında baş əyirdi… Sözü yerə salınan tanrı da lalə qürurunun qarşısında yenilirdi. İndi mənim onun dizlərində yenildiyim kimi... Nə qədər böyüsəm də, bu gülün dibindəcə yorulub, əldən düşmüş halda, sanki nənəmin ayaqları üstə  uşaq kimi qıvrılıb onun saf qoxusunu içimə çəkə-çəkə dərin bir yuxuya getdim...