Xəbər lenti

Sənət 16:24 13.08.2020

“Gizlətməyəcəm, çox olub buna görə qırıla-qırıla qalmışam...” – Xəzərlə müsahibə

"Ordan-burdan" layihəsinin növbəti qonağı şair-qiraətçi Xəzər Süleymanlıdır. 

- Xəzər, salam. Necəsən? Karantin necə gedir? Sənin üçün müsbət və mənfi tərəfləri nə oldu? 

- Yaxşıyam. Standart. Eynilik. Müsbət tərəfi budur ki, virusa yoluxmamışam. Mənfi tərəfi isə - yoluxmaq ehtimalı hələ də qalır. Amma ümumilikdə, çalışıram ki, yaxşı olum.

- Əsas odur ki, səsində mənfi bir dəyişiklik yoxdur..

- Karantində özümlə o qədər baş-başa qaldım ki, açığı, öz səsim başıma düşür artıq...

- Xəzər, məşğul olduğun sahə elədir ki, əslində, səndən müsahibə götürəndə elə də fərqlilik olmur. Yəni, aşağı-yuxarı eyni suallar olur. Amma çalışacağam, bu gün bir az fərqli edək. Heç olubmu səsinin "qalın" yerinə salasan?

- Bəli. Mənim işim səslədir. İstəsəm pıçıldayaram, istəsəm gündəlik danışıq tonundan istifadə edərəm, istəsəm bir az qalınlaşdıraram. Məsələ qalın-incədə deyil. Məsələ o səsləri də insanlara səmimi, real, gerçək şəkildə çatdıra bilməkdir. Qalın səsə qalsa, yüzlərlə səs var, ancaq adi söhbət edəndə qulaq asmaq istəmirsən.

- Ədəbi mühitdə tez-tez işlədilən bir ifadə var. "Kruq ədəbiyyatı". Sən özün də şeir yazırsan. Bəs, bu sözü özünə aid edirsənmi? Ümumiyyətlə, bu söz sənin üçün nəsə pis bir şey ifadə edirmi? 

- Mən bu sahədə əvvəldən tək olmuşam. Kiminsə dəstəyini görməmişəm. Əksinə, səsləndirdiyim şeirlərlə mən hansısa müəlliflərin geniş kütləyə çatmağında səbəbkar olmuşam. Yəni lap "kruq”a düşsəm də, o "kruq”un mənim üçün heç bir xeyri ola bilməz. Sadəcə, dostluq, yoldaşlıq ola bilər. Mən ömrümü epizodik yaşamağı sevmirəm. Yəni kimlərinsə ömrünün küncündə veyillənmək mənlik deyil. Təmənna xətrinə yoldaşlıq etmərəm.

- Yəni, konkret olaraq özünü heç bir çevrədə hesab etmirsən, ətrafında olan ədəbiyyatçı adamlar da sadəcə yoldaşlıq xətrinədir?

- Təbii. Heç yoldaşlıq da etmirəm. Sadəcə, eyni sahədəyik. Bir-birimizi tanıyırıq. Tədbirlərdə üz-üzə gəlirik. Yəni səmimi danışmağa qalsa, bu sahədə çox az dostluq etdiyim adam var.

- Kimlərdir həmin dostlar?

- Aqşin Evrən, Kamal Hüseynzadə. Amma bu o demək deyil ki, başqaları ilə qeyri-səmimiyəm. Qətiyyən! Hamısının xətri əzizdir. Sadəcə, söhbət əsl dostluqdan gedirsə, bu adamlar mənim həqiqi könül dostlarımdır.

- Sosial şəbəkədəki insanların rəyinə görə, Aqşin Evrənlə "kruq" dostu olduğun deyilib amma. Yəqin, bu, Aqşinin şeirlərini daha çox səsləndirməyinlə bağlıdır.

- Sosial şəbəkələrdə bu tip söhbətlər çox olur. Amma düşünürəm ki, yanlış düşüncədir. Məntiqsizdir. Bu məntiqlə yanaşsaq, gərək Ramiz Rövşənlə "kruq" olam. Çünki ən çox ondan səsləndirmişəm. Aqşinlə illərdir ki, dostluğumuz var, ancaq cəmi 3 şeirini səsləndirmişəm. İndi düşünün, məntiqə sığırmı "kruq" söhbəti? Heç ünsiyyətim olmayan şairlərdən daha çox səsləndirmişəm. Ümumiyyətlə, kruq məsələsi düzgün yanaşma deyil. Bir-biri ilə əlbir olub həqiqətən ciddi iş görən insanlar da var yəqin ki. Yaradıcılıq birlikdir, bərabərlikdir. Burda pis nəsə yoxdur. Əsas məsələ kimlərəsə yamaq olmayasan. Qabağa getmək üçün hər gün bir "kruq" dəyişməyəsən. Dostluqda, yoldaşlıqda səmimi olasan. Təmənna güdməyəsən.

- Gənc şairlərdən şeir səsləndirərkən heç olubmu şəxsi münasibətlərə görə edəsən bunu?

- Əlbəttə, dəfələrlə olub. Müəllifə münasibətim o qədər də yaxşı olmayıb, ancaq şeirini səsləndirmişəm. Daha sonra yavaş-yavaş münasibətlər normallaşıb.
 
- Bəs, səsləndirmədiyin necə? Kimdənsə xoşun gəlmir deyə, gözəl bir şeirindən yan keçmisən. Amma ürəyindən səsləndirmək keçib. 

- Olub. Gizlətməyəcəm. Bu da çox olub. Yazdığı şeir mükəmməldir, di gəl, bəzi məqamlara görə qırıla-qırıla qalmışam.

- Məsələn, kim?

- Ad çəkmək istəmirəm. Düşünürəm, buna ehtiyac yoxdur. Çünki onsuz da həyatımız gərgindir. Bir də bu cür gərgin mövzularda başımı ağrıtmaq istəmirəm. Zamanı gəlincə etiraf edərəm bəlkə...

- Xəzər, səsindən istifadə edib, qadınlarla münasibətə can atmısanmı? Əksər xanımlar səsi gözəl olan kişiləri bəyənir.

- Səsdən istifadə necə olur, bilmirəm, açığı. Təbii ki, xoş sözlər yazırlar, ancaq bunu şəxsi istək, fikir kimi yox, gördüyüm işə verilən dəyər kimi görürəm. Kimləsə münasibət qurmağa can atmıram.

- Bəs, səsinə görə səninlə münasiəbt qurmaq istəyən qadınlar olurmu? Sırf hiss edirsən ki, bu, səsinə görədir. Axı, sənin səsin 10 qadından doqquzunun zövqünü oxşayır. İstəyirlər, səsi gözəl olan bir kişi yanlarında olsun.

- Yenə deyirəm, mənə yazılan xoş sözləri yozmağı sevmirəm. İnsanlar yaradıcılığımı qiymətləndirirlər, vəssalam. Məqsədli şəkildə yazsalar da, sanki anlamırmış kimi üstündən keçirəm.

- Bəs birdən səsin batsa? Şeirlərinə qulaq asıb dərdə düşən, xatirələrini, sevgisini xatırlayan adamlara nə cavab verəcəksən?

- Həə... Gözəl sualdır. Sual o qədər təsirlidir ki, səsimin batmağı yox, sevgisini, xatirələrini xatırlayan adamlara nə cavab verəcəyim kövrəltdi lap. Yəqin ki, Akif İslamzadənin ifalarının taleyini yaşayar ifalarım. Ümid edirəm ki, bir gün səsim batsa, səsləndirdiklərim uzun müddət sevənlərin köməyinə çatacaq...

- Öz səsləndirdiyin şeirlərə qulaq asırsan? Deyirsənmi, əşi, mən əjdəhayam, nə gözəl səsləndirmişəm bunu?

- Şeiri səsləndirirəm, sosial şəbəkələrdə paylaşıram və bir müddət qulaq asmıram. Uzun aradan sonra bəzən hansısa şeir qarşıma çıxır. Dinləyirəm. Elə şeirlər var ki, onlara görə sevinirəm. Ki, nə yaxşı bu cür yanaşmışam, bu cür səsləndirmişəm. Elələri də var ki, təzədən etsəm, başqa cür yanaşaram deyirəm.

- İndiyə qədər səsləndirdiyin, özünün ən gözəl bildiyin üç şeir adı? 

- 1) Ay balaca xanım

2) Necəsən, zalım?

3) Məni gözəl xatırla

- Sənin səsin ən yüksəklikdən nə vaxt gələcək? 

- Get-gedə səsimlə bağlı arzularım çoxalır. İstəyirəm səsim filmlərdən, dublyajdan, radiodan, televiziyadan eşidilsin. Arzularım çoxdur. Ömür vəfa etsə...

- Özünün ən çox dinlədiyin qiraətçilər kimdir? 

- Böyük aktyorlarımız zaman-zaman şeir də səsləndiriblər. Onları tapıb dinləyirəm. Demək olar ki, hamısının ifasına qulaq asmışam.

- Bəs, kimi dinləmirsən, səsi səni itələyir? Ümumiyyətlə, hansı qiraətçini ozundən zəif hesab edirsən? Öz çapında tanınan, amma qulaq asanda əşi, bu nə səsdi e, bunu niyə bəyənirlər ki, dediyin? Ad çəkə bilərsən? 

- Bu suala belə cavab verərdim: az qala telefonu boğazına salıb xırıldayan, bütün şeirləri eyni tərzdə səsləndirən, həddən artıq ağlaşma quran bir çox "şeir səsləndirəni" bəyənmirəm, dinləmirəm.

- Qiraətçi olmasan, kim olardın?

- Yəqin ki, mühəndis olacaqdım.

- Xəzər, səsin şeirlərin üstündən əksik olmasın. Bizə özünü və səsini ifadə edən bir söz de.

- Seyyida, ölmərəm aləmdə səsim var mənim.

- Son olaraq elə bir söz də de ki, sənin səsinlə oxuyaq.

- Mənim sizdən uzaqlarda,

Yamandı halım, necəsiz?..

Orxan Saffari

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->