Hər şey 2022-ci ilin əvvəlində Alyaska üzərində səmaya qalxan CHACHA adlı genişmiqyaslı elmi ekspedisiya ilə başlayıb.
Qaynarinfo xəbər verir ki, Pensilvaniya Ştat Universitetindən doktor Xose D. Fuentesin rəhbərlik etdiyi tədqiqatçılar komandası iki ay ərzində Bofort və Çukçi dənizləri üzərində uçuşlar həyata keçirərək Arktikanın necə dəyişdiyini anlamağa çalışıb.
Tədqiqat göstərir ki, açıq buz "yarıqları” - su səthini üzə çıxaran uzun çatlar - sənaye emissiyaları ilə qarşılıqlı təsirdə regionun atmosferinin aşağı qatlarının kimyasını və fizikasını dəyişir. Uzaqdan görünməyən bu dəyişikliklər hər şeyi - buludların yaranmasından günəş işığının udulmasına qədər - təsir altına alır. Bu barədə "Indian Defense Review” yazır.
57 tədqiqat uçuşu zamanı toplanan məlumatlar, həmçinin Alyaskanın Utkyagvik yaxınlığındakı yerüstü cihazların göstəriciləri Arktika sisteminin nə qədər həssas olduğunu aydın şəkildə ortaya qoyur. "Amerika Meteorologiya Cəmiyyətinin Bülleteni”ndə dərc olunan araşdırma vurğulayır ki, çirklənmə ilə iqlim arasındakı qarşılıqlı təsirdə xırda miqyaslı hadisələr belə Uzaq Şimalda böyük nəticələrə səbəb ola bilər.
Yarıqlar (polinyalar) - arktik dəniz buzları arasında açıq su zolaqları - yaz aylarında güclü istilik və rütubət mənbəyinə çevrilir. Quru qütb havası bu daha isti sular üzərindən keçərkən istilik və buxarı udur və onları burulğanlı şleyflər şəklində yuxarı qaldırır.
Bu proses "dəniz tüstüsü” də daxil olmaqla alçaq, lakin çox aktiv buludların yaranmasını gücləndirir. "Dəniz tüstüsü” yarıqlar üzərində buxarlanma zamanı əmələ gələn dumanabənzər formalaşmadır.
CHACHA komandasının məlumatına görə, bu qarışan konvektiv qatın dərinliyi 250 metrdən 850 metrədək çatıb, rütubəti dəyişən, aerozolları və kimyəvi maddələri atmosferə qaldıran qalxan və enən axınlar yaradıb. Ölçmələr göstərib ki, yarıqlar üzərindəki hava ətraf buz səthinə nisbətən orta hesabla 10°C daha isti olub. Bu istilik daha çox çatların yaranmasına şərait yaradaraq prosesi sürətləndirib.
Arktika tez-tez təcrid olunmuş və təmiz region kimi qəbul edilsə də, yaxınlıqdakı neft-qaz əməliyyatlarından qaynaqlanan emissiyaların təsiri əhəmiyyətsiz olmayıb. Pradxou-Bey neft yataqları yaxınlığında uçan təyyarələr azot dioksidinin (NO2) səviyyəsinin milyardda 67 hissəyədək yüksəldiyini qeydə alıb ki, bu da ABŞ-ın sanitariya normalarına yaxındır.
Halogenlərlə (məsələn, bromla) zəngin atmosferdə bu emissiyalar gözlənilməz kimyəvi reaksiyaları işə salıb. Məlumatlar göstərir ki, NO2 emissiyaları brom əsaslı reaksiyaları zəiflədərək BrONO2 birləşməsini formalaşdırıb və brom dövriyyəsini kəsib. Müəlliflərin sözlərinə görə, bu, xüsusən NO2 konsentrasiyası yüksək olan ərazilərdə aktiv brom kimyasının göstəricisi sayılan BrO səviyyəsinin azalmasına gətirib çıxarıb.
CHACHA kampaniyası həmçinin sənaye şleyflərinin son dərəcə sabit hava şəraitində səthə yaxın qapalı qaldığını və bunun yayılmanı əngəllədiyini müəyyən edib. Bu qatlarda halogenlərlə azot birləşmələri arasında reaksiyalar yüzlərlə kilometrə yayıla bilən yeni sərbəst radikallar və duman yaradıb.
Yazda aylarla davam edən qaranlıqdan sonra günəş işığının qayıdışı ilə daha bir proses başlayıb. Dəniz duzu ilə örtülmüş sahilyanı qar örtüyündə ultrabənövşəyi şüalar, xüsusən neft hasilatından qaynaqlanan çirklənmə ilə qarışdıqda, brom emissiyalarını aktivləşdirib. Bu isə prizem qatında ozonu parçalayan reaktiv brom atomlarının kəskin artımına səbəb olub.
Yerüstü monitorlar bir neçə gün davam edən çoxsaylı ozon tükənməsi hadisələrini (ODE) qeydə alıb. Ozon səviyyəsi milyardda 10 hissədən aşağı düşüb, bəzi hallarda isə 0,5 ppb-dən də aşağı olub. Bu aşağı ozonlu zonalar yer səthindən ilk 300 metr hündürlüklə məhdudlaşıb və regionun oksidləşdirici balansını dəyişib. Ozonun azalması daha çox günəş işığının səthə çatmasına imkan verərək qarı qızdırıb və daha çox bromun ayrılmasına səbəb olub — özünü gücləndirən geri əlaqə dövrəsi formalaşıb.
CHACHA komandası belə nəticəyə gəlib ki, bu mürəkkəb və sıx bağlı proseslər Arktikada istiləşməni mövcud iqlim modellərinin proqnozlaşdırdığından daha sürətlə artırır.
Aydın
Şərhlər