Video 09:26 02.02.2022

Oteldə bir azərbaycanlı pianist gördüm... (MÜSAHİBƏ/FOTO/VİDEO)

Hər kəsdə belə olur məncə... Azərbaycandan kənarda olanda eşidirsən ki, həmyerlin də var yaxınlıqda. Onu görmək, ayaqüstü olsa da, söhbətləşmək istəyirsən. Xüsusən də o insan işi, peşəsi, sənəti ilə sevilirsə, türklər demiş, "merak”ın birə-beş artır. 

Kənanla tanışlığımız da belə olmuşdu. Üç-dörd il öncə Antalyanın Belek  bölgəsindəki "Granada Luxury” otelində. Kənan sənəti ilə yanaşı, mədəniyyəti ilə də otel rəhbərliyindən tutmuş bütün personalın sevimlisinə çevrilib. Otelin qonaqları da onu sevir. Uşaqdan böyüyə qədər hamı onunla birlikdə şəkil çəkdirir.

Bilirəm, bayaqdan sənət, peşə yazıram, amma onun sənətinin nə olduğunu yazmamışam. Yəqin sizdə də "merak” artdı.

Kənan piano ifaçısıdı. O öz şirin ifası ilə hər gün sözügedən otelin qonaqlarının zövqünü oxşayır, alqışını qazanır. 

Nəhayət, bu il də "Granada Luxury”də Kənanla görüşdük. Hələ Türkiyəyə getməzdən əvvəl düşünürdüm ki, "pianist” orda olsa, söhbətimizi sayt vasitəsilə oxucularımıza da çatdırım. 

Buyurun... 



- Kənan, necə oldu Antalyaya gəldin? 
- Otelin yönəticisi təyyarədə Azərbaycandan bir iş adamı ilə tanış olur. Söhbət əsnasında məlum olur ki, otel rəsmisi azərbaycanlı musiqiçilər axtarır. Deyir ki, Azərbaycan, rus, ingilis dillərini bilən sənətçilərə ehtiyacımız var. Beləcə, axtarışlar başlayır. Hər kəs öz tanışına xəbər verir. Bu soraq mənə də gəldi çatdı. O vaxtdan – açılışdan bu günə qədər, artıq beş ildir ki, bu oteldə çalışıram. 

- Türkiyəyə yollanmazdan əvvəl işiniz vardı, yoxsa...
- Bəli, Azərbaycan Milli Konservatoriyasında, paralel olaraq Şuşa kollecində işləmişəm. Demək olar ki, bütün musiqi məktəblərində rəsmi olmasa da, pianodan dərs vermişəm. 

- Maraqlıdır, qardaş ölkəyə yollanmaqda məqsəd nə idi? Seçiminizə maddi durumun təsiri vardımı?
- Qətiyyən, Konservatoriyanı bitirəndən sonra arzum vardı ki, xarici ölkədə çalışım. Təkbaşına, öz gücümə qalxmaq, tanınmaq istəmişəm. Ancaq Antalya heç bir zaman ağlımın ucundan keçməyib. İstanbul və ya Avropa düşünmüşəm həmişə. Amma Antalya gözəl fürsət oldu. Havası, təbiəti ilə də ürəyimcədi.

- Bəs, təhsilini davam etdirmək fikrin yoxdu? 
- Əlbətdə, arzumdu ki, Antalya Akdeniz Universitetinin mağistraturasına qəbul olum. Orada da azərbaycanlı müəllimlər var – Samir Mirzəyev, Yuri Soyutkin. Oranın tanınmış və çox hörmət bəslənilən professorlarındandır. Onların sinifinə qəbul olub, oxumaq istəyirəm.

- Şahidi oldum ki, repertuarında Azərbaycan mahnılarına geniş yer vermisən. Bakıdan qonaqlar olduğu üçün seçimi belə etmişdin, yoxsa həmişə belədir?
- Əslində, qonaqların repertuar seçimimə təsiri var. Onlara, ölkələrinə uyğun repertuar qurmalıyam. Amma bizim "Nazəndə sevgilim”, "Ay qız”, "Sarı gəlin” kimi əsərlərimiz yerli mahnılardan artıq sevilir, xarici ölkələrdən olan qonaqlar böyük maraqla dinləyir. Hər dəfə ifa edəndə yaxınlaşıb hansı ölkənin əsəri olduğu ilə bağlı məlumatlar alırlar.



- Gördüyüm qədərilə yerli əhalinin pianoya marağı böyükdür. Burada tələbələrin varmı?
- Təklif çoxdu. Hətta Antalya kənarından da var. Hələ ki, pedaqoji fəaliyyətlə bağlı qərar verməmişəm. Arzum, fikirim var amma. Gələcəkdə Azərbaycan adına təhsil ocağı və ya dərnək açmaq istəyirəm. 

- Kənan, müsiqiçilərlə həmsöhbət olanda mütləq bu sualı verirəm -  öz bəstələrin varmı?
- Bəstə yox, sadəcə mahnılarımızı bir az bəzəyirəm, daha çox pianoya uyğunlaşdırıram. Məsələn, "Ay Laçın”ı misal çəkə bilərəm. Nə vaxt Azərbaycandan qonaq görürəm, həmin əsəri ifa edirəm. Pianoda çox gözəl səslənir.

- Qardaş ölkədə yaşamağına baxmayaraq, yəqin ki, bizim musiqi gündəmimizi də izləyirsən. Necə düşünürsən, son illər bayağılıq çoxalmayıb ki?
- Hər bir ölkənin musiqisi bəlli bir dönəmdən keçir. Bayağı müsiqiyə gəlincə, onların da dinləyicisi olduğu üçün satılır, dinlənilir. Kiminsə müsiqi zövqunə pis baxa, pis deyə bilmərəm. Hərənin öz zövqü var. Əsas odur ki, bu gün Azərbaycan musiqisini çiynində daşıyan professional musiqiçilərimiz var. Düşünürəm ki, hər ifanın, əsərin öz dinləyicisi var və hər birinə hörmətlə yanaşıram. 

- Bakıya tez-tez gəlirsən?
- Vaxt olduqca gəlirəm. Sonuncu dəfə ötən il noyabrda gəlmişəm. Düzdü, darıxıram. İstərdim daha çox gəlim. Burada da qoymurlar heç darıxasan. Hər kəs azərbaycanlı olduğunu eşidəndə əcnəbi demirlər, doğma bilirlər. Misal da çəkə bilərəm: Qarabağımız işğaldan azad olunan dönəmlərdə o qədər bu döğmalığı hiss edirdim ki, sözlə demək mümkün deyil. Hətta Şuşa azad olunan gün, Antalyada mitinq keçirildi, hər kəs də iştirak etdi. 



- Kənan, maraqlıdı, otel rəhbərliyi səndən başqa azərbaycanlı musiqiçi axtarırmı yenə?
- Əlbəttə, otel mövsümü 1-2 ay sonra başlayır. Bizim otelin – "Granada Luxury”nin iki əlavə oteli də fəaliyyət göstərəcək. Rəhbərlik indidən hər gün soruşur ki, Azərbaycandan kimisə tapdınmı? 

- Axtarırsan? 
- Təbii ki, axtarıram. Hətta Bakıya gedəndə soraqlaşıram. Mənim bura gəlməyim ona görə rahat oldu ki, subay idim. Hər kəs mənim kimi deyil axı ailəli, uşaqları məktəbli olanlar var. Təklif etdiklərim arasında fikirləşənlər də var. Mövsümün başlamasına hələ var. Görək nə olur... Sizin sayt vasitəsi ilə də müraciət edirəm: Kim işləmək istəsə, mənimlə əlaqə saxlasın.

- Kənan, həmsöhbət olduğun üçün təşəkkür edirəm, uğurlar arzulayıram!
- Siz sağ olun!

Söhbətləşdi: Əli Sahib