Paytaxt Bakının rayonları arasında 1 və 2 otaqlı mənzillərin qiymətləri arasında kəskin fərq müşahidə olunur.
Yeniavaz.com ölkənin aparıcı daşınmaz əmlak saytlarında yerləşdirilən elanlara əsasən xəbər verir ki, hazırda satışda olan ən ucuz 1 otaqlı mənzil Binəqədi qəsəbəsi, Şəhriyar Qasımov küçəsində yerləşən 3 mərtəbəli binanın 2-ci mərtəbəsindədir. Cəmi 33 kvadratmetr sahəsi olan bu mənzilin satış qiyməti 27 min manat təşkil edir. Təmirsiz mənzilin 1 kvadratmetri 818 manata təklif olunur.
Bakıda satılan ən bahalı 1 otaqlı mənzil isə Nardaran qəsəbəsindəki "Sea Breeze” yaşayış kompleksində tikintisi davam edən binada yerləşir. Gəmi formasında inşa ediləcək 11 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən mənzilin sahəsi 63 kvadratmetr, satış qiyməti isə 1 milyon 60 min 290 manatdır. Bu mənzilin 1 kvadratmetri 16 min 800 manata satılır.
Eyni vəziyyət 2 otaqlı mənzillər üçün də keçərlidir. Ən ucuz 2 otaqlı mənzil Binəqədi rayonu ərazisində tikilən 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. 42 kvadratmetr sahəsi olan bu mənzilin satış qiyməti 25 min manat, 1 kvadratmetri isə 595 manatdır.
Ən bahalı 2 otaqlı mənzil isə "Hilton Bakı Residence”də yerləşir. Kompleksin 25 mərtəbəli binasının 16-cı mərtəbəsində olan mənzilin sahəsi 114 kvadratmetr, satış qiyməti isə 2 milyon 280 min manatdır. Bu mənzilin 1 kvadratmetri 20 min manata təklif edilir.
Şərhlər