Xəbər lenti

Hüseynbala Səlimov
Siyasət 11:07 26.05.2021

GUAM-ın adından daha hansı hərf düşəcək?

Hüseynbala Səlimov

Yaxşı yadımızdadır ki, bir neçə post-sovet respublikası, həm də MDB üzvü tərəfindən yeni bir təşkilatın – GUAM-ın yaradılması haqqındakı xəbəri biz ABŞ-da eşitmişdik. 

O da yadımızdadır ki, o vaxt görüşdüyümüz bütün amerikalılar buna çox böyük maraq göstərirdilər.

Güman ki, oxucu dərhal soruşacaq: nəyə görə bu mövzu gündəmə gəldi? Axı son vaxtlarda GUAM bir o qədər də nəzərə çarpmayıb!

Sözsüz, belədir ki, var. Zaman keçdikcə MDB kimi elə GUAM-ın özündə də polyarlaşma baş verdi: Ukrayna, Moldova və Gürcüstan Avropaya intensiv inteqrasiya yolunu tutdular, Azərbaycan isə özünün neytrallıq kursuna sadiq qaldı. Amma GUAM-ın strukturundakı yenidənqurma bununla da bitmədi. Vaxtiə Özbəkistan da bu təşkilata qoşulmuşdu, amma tezliklə onu tərk elədi.

Son günlərdə təşkilatla bağlı daha bir maraqlı xəbər daxil oldu: guya GUAM-ın üç ölkəsinin (Moldova, Ukrayna və Gürcüstan!) xarici işlər nazirləri bəyan ediblər ki, onlar üç ölkənin ittifaqını yaratmaq və buna daha yığcam ad – GUM qoymaq əzmindədirlər.

Belə deyilir ki, xəbər ABŞ dövlət katibinin Kiyevə səfərindən sonra yayılıb. Əlbəttə, əvvəlcə bu xəbərin tam təsdiqini gözləmək lazımdır. Amma eşitsək ki, o doğrudur, buna qəti təəccüblənmərik. ABŞ-ın GUAM-ın yaranmasındakı rolu artıq siyasi tarix üzrə mütəxəssislər üçün predmet sayıla bilər. Ona görə də istisna deyil ki, okeanın o tərəfində GUAM-ın son illərdəki fəaliyyətindən elə də razı deyillər və buna görə də ona daha dinamik məzmun vermək istəyirlər...
Güman ki, Rusiyanı qorxudan da elə prosesdəki Amerika izidir və elə bu səbəbdən də onu dərhal Rusiyaya qarşı məkrli ittifaq adlandırdılar.

Prosesin Azərbaycan üçün hansı nəticələri ola bilər? Düşünmürük ki, nəsə katastrofik bir hadisə baş verəcək. Yox, bu olmayacaq. Vaxtilə MDB-də iki alt-sistem vardı və onlardan biri GUAM-a transformasıya etdi. Bu, yeni təşkilatın üzvlərinə özlərinin gələcək siyasi təkamüllərinin konturlarını müəyyən etməyə imkan verdi: bir daha qeyd edək ki, Bakı hərbi-siyasi neytrallıq kursunu başa çatdırdı, qalanlar isə Avropaya səmt götürdülər. Amma üçlüyün – Moldova, Ukrayna və Gürcüstanın Aİ və NATO-ya intensiv inteqrasıiyasi alındımı?

Düşünmürük. Qeyd olunan üçlük Aİ ilə assosiativ müqavilə də imzaladı. Amma bu zaman intervalında biz NATO siyasətçilərinin və generallarının ümidverici bəyanatlarını çox eşitdik, amma GUAM üçlüyünə elə bu da qaldı – ümidlərlə özünə təskinlik vermək ki, çox yaxın vaxtlarda onları NATO-ya qəbul edəcəklər!
Amma təəssüf! NATO-nun siyasi liderlərinin və generallarının vədlərindən dəmir gümbəz düzəltmək mümkün deyil. Əlbəttə, Avropaya inteqrasiya mürəkkəb prosesdir. 

Burada həqiqətən də işləmək və tərləmək lazım gəlir. Üstəlik, demək olmaz ki, bu illər, ümumiyyətlə, tamam əbəs keçib. Əlbəttə, belə deyil, müəyyən uğurlar var. 

Məsələn, gürcülər ölkələrinin NATO-nun qeyri-formal üzvü adlanmasına faktiki olaraq nail ola biliblər. Bu illər ərzində Ukrayna və Moldova da ABŞ-ın və digər NATO üzvlərinin diqqətində olublar. 

Amma onlar dayanıqlı inkişaf zolağına çıxa bilməyiblər. Ən əsası isə, onların ərazisindəki konfliktlər həllini tapmayıb – iş o yerə çatıb ki, GUAM üçlüyü NATO-ya qeydlərlə, məhdud formada inteqrasiya etməyin yollarını aramalı olublar.

Bu fonda Azərbaycanın uğurları daha qabarıqdır: Dağlıq Qarabağ problemi faktiki olaraq həll olub, üstəgəl, bu illər əzrində Bakı özü üçün təhlükəsizlik çətiri axtarmalı olmayıb. Yox, o bu yolda da müstəqil siyasət kursu seçib və hazırda Bloklara Qoşulmayanlar Hərəkatına başçılıq edir.

GUAM ölkələrilə əlaqələrin perspektivlərinə gəldikdə isə, Bakının bu ölkələrlə çox intensiv ikitərfli münasibətləri var. Üstəlik, heç də istisna deyil ki, Bakı onlara bu yaxınlarda "Brüsseldə görüşənədək” deyəcək, çünki ən yüksək səviyyədə dəfələrlə bildirilib ki, Aİ ilə imzalanacaq sazişin, demək olar, bütün punktları razılaşdırıb və pandemiya imkan verən kimi tərəflər arasında dialoq bərpa olunacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->