Xəbər lenti

Güclü zəlzələdən bir həftə sonra inanılmaz həqiqət üzə çıxdı: Yarımada 2 metr sürüşüb
Dünya 16:06 06.08.2025

Güclü zəlzələdən bir həftə sonra inanılmaz həqiqət üzə çıxdı: Yarımada 2 metr sürüşüb

Rusiyanın Kamçatka yarımadasında ötən həftə çərşənbə günü baş verən 8.8 bal gücündəki zəlzələ ciddi insan və əmlak itkisinə səbəb olmasa da, yaratdığı təsirlər olduqca böyük olub. 

Qaynarinfo xəbər verir ki, Sakit okean sahillərində başdan-başa sunami həyəcanı verilməsinə səbəb olan bu zəlzələnin quru səthində yaratdığı dəyişikliklər isə Rusiya Elmlər Akademiyasının mütəxəssislərinin açıqlamaları ilə gün üzünə çıxıb.

Rəsmi məlumatlara görə, tarixdə qeydə alınmış ən güclü altıncı zəlzələ olan bu təkanlar nəticəsində ciddi dağıntı və itki qeydə alınmasa da, afterşokların azalmasından sonra yayımlanan elmi açıqlama ictimaiyyətdə şok effekti yaradıb.

Rusiyalı alimlər bildiriblər ki, Kamçatka yarımadasının cənub ucundakı bəzi nöqtələrdə torpaq parçaları təqribən 2 metr şimal-şərqə doğru sürüşüb. Rusiya Elmlər Akademiyası bu sürüşməni "Telegram" hesabında yayımladığı vizual görüntü ilə ictimaiyyətə çatdıraraq bildirib: 

"Geodinamik müşahidələrin ilkin nəticələrinə əsasən, hamımız əhəmiyyətli dərəcədə cənub-şərqə doğru hərəkət etmişik. 30 iyul zəlzələsinin yaratdığı kosismik yer dəyişmələri əsasən yarımadanın cənub hissəsində müşahidə olunub".

2011-ci ildə baş vermiş və 9.0 bal gücündə qeydə alınan Tohoku zəlzələsində də torpaq səthində oxşar dəyişikliklər müşahidə edilmişdi. Həmin zəlzələ də tarixdə qeydə alınmış ən güclü beşinci zəlzələ olaraq yadda qalmışdı.

Zəlzələlər Yer qabığını təşkil edən tektonik plitələrin toqquşduğu və ya uzaqlaşdığı fay xətləri boyunca baş verir. Tektonik plitələr ildə təxminən 1.5 sm hərəkət edir, lakin bu hərəkət bütün planet boyunca eyni və sabit deyil.

Avrasiya və Sakit okean plitələrinin kəsişdiyi Kamçatka kimi bölgələrdə, plitələr bir-birinə ilişərək bağlanır. Bu zaman qırılma xətti boyunca olan süxurlarda böyük miqdarda təzyiq toplanır və bu enerji zəlzələ şəklində açığa çıxır.

Alimlərin "elastik geri sıçrama” adlandırdığı bu proses, güclü seysmik fəaliyyət zamanı quru parçalarının niyə bu qədər sürətlə hərəkət etdiyini izah edir. Zəlzələ zamanı açığa çıxan təzyiq iki plitanın bir-biri ilə sürüşərək bir neçə metr məsafədə uzaqlaşmasına səbəb olur. Plitələrin yeni mövqelərinə uyğunlaşması zaman aldığından, bu sürüşmə günlərlə, hətta həftələrlə davam edə bilir.

Böyük zəlzələlərin tək hadisə kimi deyil, zəncirvari sekanslar şəklində baş verməsinin səbəbi də bu proseslə izah olunur. Kamçatka zəlzələsindən əvvəlki 10 gün ərzində, 5.0 baldan yüksək 50-dən çox zəlzələ qeydə alınıb. Xüsusilə 20 iyulda baş vermiş üç 6.6 və bir 7.4 bal gücündəki zəlzələlər diqqət çəkib.

Bundan əlavə, əsas zəlzələdən sonra baş verən artçı təkanlar da bu sekansların bir hissəsidir. İngiltərə Geoloji Araşdırmalar Təşkilatından professor Devid Tappin "Daily Mail” nəşrinə açıqlamasında bildirib: "Bunlar əsas zəlzələdən sonra süxurların içində və arasındakı qəfil stress dəyişikliklərinin nəticəsidir. Bu proses zamanı yer qabığı əsas sarsıntının təsirinə uyğunlaşmağa çalışır. Artçı sarsıntılar əsas zəlzələdən günlər, aylar, hətta illər sonra belə baş verə bilər və adətən əsas zəlzələdən daha zəif olur".

ABŞ Geoloji Araşdırmalar Təşkilatının (USGS) məlumatına əsasən, Kamçatka zəlzələsindən sonra 6.9 və 6.2 bal gücündə artçı zəlzələlər yaşanıb. USGS rəsmiləri bu zəlzələ sekansının hələ də aktiv olduğunu və daha çox artçı təkanın baş verə biləcəyini qeyd edib.

Qurumun proqnozlarına görə, Kamçatka zəlzələsindən sonra növbəti 1 ay ərzində bölgədə 7.0 və daha güclü zəlzələ başvermə ehtimalı 47 faiz, 1 il ərzində isə 8.0 və ya daha güclü bir zəlzələ ehtimalı 13 faizdir.

Alimlər baş vermiş əsas zəlzələdən sonra bölgədə yaşanan hərəkətliliyin iki vulkanın püskürməsini də tetikləmiş ola biləcəyini bildirirlər.

Kamçatka yarımadası Sakit okeanı əhatə edən və bir sıra aktiv vulkanlara ev sahibliyi edən "alov halqası" üzərində yerləşir. Bu halqada 425 aktiv vulkan var, onların 22-si məhz Kamçatka yarımadasındadır.

Zəlzələdən dərhal sonra bölgənin ən böyük vulkanı olan Klyuçevskoyda püskürmə baş verib və ətrafa lava ilə birlikdə kül də yayılıb. 3 avqustda isə sonuncu dəfə 500 il əvvəl aktiv olmuş "Kraşeninnikov" vulkanı püskürüb. Bu püskürmə nəticəsində yaranan kül buludu 6 kilometr yüksəklikdə göyə qalxıb.

Alimlər bu püskürmələrin zəlzələ nəticəsində aktivləşdiyini düşünür. Zəlzələ zamanı süxurlarda yaranan yeni çatlaqlar, daha çox maqmanın səthə çıxmasına şərait yaradaraq vulkanik fəaliyyətə səbəb olub. Eyni zamanda, yer qatındakı struktur dəyişikliyi və təzyiq də bu püskürmələrə səbəb olmuş ola bilər.

Rusiyada son bir həftədə yaşanan bu seysmik və vulkanik aktivlik, "alov halqası" boyunca daha geniş miqyaslı püskürmələrin də baş verə biləcəyi ilə bağlı narahatlıqlar doğursa da, mütəxəssislər zəlzələlərin sadəcə yaxınlıqdakı vulkanları aktivləşdirdiyini, halqanın digər bölgələrində artan vulkan aktivliyi gözlənilmədiyini bildiriblər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->