Yerə doğru yönəlmiş Günəş tərəfində nəhəng günəş ləkələri toplusu meydana çıxıb. Alimlərin sözlərinə görə, bu toplunun ümumi sahəsi tarixdə qeydə alınmış ən güclü geomaqnit fırtınasını doğuran sahə ilə eynidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Live Science” yazır.
Nəşr xatırladır ki, 1859-cu ildə baş vermiş geomaqnit fırtınası — "Kerrinqton hadisəsi” — müşahidələr tarixində ən güclü geomaqnit fırtınası hesab olunur. Həmin hadisə Avropa və Şimali Amerikada teleqraf sistemlərinin sıradan çıxmasına səbəb olmuşdu.
Günəş ləkələri görünməz maqnit qüvvə xətlərinin bükülüb qırılması nəticəsində kosmosa böyük enerji buraxaraq güclü radiasiya partlayışları, yəni günəş alışmaları yarada bilir. Bu partlayışlar Yer üzərində müvəqqəti radioəlaqə pozuntularına səbəb ola, həmçinin sürətlə hərəkət edən nəhəng plazma buludlarını — kütləvi tac atılmalarını — işə sala bilər.
AR 4294–4296 adını alan kompleks maqnit baxımından bir-biri ilə sıx əlaqəli olan iki fərqli günəş ləkəsi qrupundan — AR 4294 və AR 4296-dan ibarətdir. Alimlər bu kompleksi ilk dəfə noyabrın 28-də, Günəşin yenidən Yerə baxan tərəfinə qayıtdığı zaman qeydə alıblar.
"Spaceweather.com” saytının nümayəndələri daha əvvəl bildiriblər ki, AR 4294–4296 kompleksi son 10 ilin ən böyük günəş ləkələri qruplarından biridir. O, ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin təsnifatına görə ən güclü olan X sinifli alışmalara səbəb ola bilər.
AR 4294–4296 "Kerrinqton hadisəsi”ni təkrarlaya bilərmi
Alimlər proqnozlaşdırıblar ki, əgər "Kerrinqton hadisəsi” bu gün təkrarlansaydı, Yer orbitindəki bütün peyklər sıradan çıxa bilərdi. Bu, həmçinin Yer üzündə xaosa səbəb olar, elektrik şəbəkəsinin bəzi hissələrini zədələyə və ümumi zərər asanlıqla 1 trilyon dolları ötə bilərdi.
Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, günəş ləkəsinin maksimum partlayış potensialına çatması onun maqnit sahəsinin konfiqurasiyasından və alışmaların tezliyindən də asılıdır. Bu isə o deməkdir ki, bəzi nəhəng günəş ləkələri tamamilə zərərsiz də ola bilər.
AR 4294–4296-nın maqnit sahələri kifayət qədər mürəkkəbdir ki, bu da alışmaların mümkünlüyünə işarə edir. Bu kompleks Günəşin hələ arxa tərəfində olarkən potensial X sinifli alışmaya səbəb olub. Lakin buna baxmayaraq, ekspertlər yaxın gələcəkdə "Kerrinqton hadisəsi” ilə müqayisə oluna biləcək supertəlatümün aydın əlamətlərinin olmadığını bildirirlər.
Aydın
Şərhlər