Xəbər lenti

Bu metal qızıldan daha sürətlə bahalaşır: Bir ildə 6,6 dəfə artım
Dünya 21:36 16.03.2026

Bu metal qızıldan daha sürətlə bahalaşır: Bir ildə 6,6 dəfə artım

Silah və yarımkeçirici istehsalında istifadə olunan volfram son vaxtlar geosiyasi gərginliyin mərkəzinə çevrilib. Çindən ixrac məhdudiyyətləri və hərbi tələbatın artması təklifin kəskin azalmasına səbəb olur və qiymətləri rekord səviyyələrə yaxınlaşdırır.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yazır.

Volfram – çox yüksək sıxlığa malik metal olub qazma avadanlıqları və zirehdələn sursatların əsas komponentlərindən biridir. 2026-cı ilin əvvəlindən bəri bu metalın qiyməti iki dəfədən çox artıb. Son bir ildə isə qiymət 557% (təxminən 6,6 dəfə) yüksələrək metrik ton üçün 2250 dollara çatıb. Bu artım Pekinin ötən ilin fevralında ABŞ ilə ticarət mübahisəsi fonunda bəzi volfram məhsullarını ixrac nəzarəti siyahısına daxil etməsindən sonra baş verib.

Son həftələrdə qiymət artımı daha da sürətlənib. Alıcılar ehtiyatlarını tükəndirməyə başlayıb və Yaxın Şərqdəki münaqişə hərbi məhsullara tələbatı daha da artırıb.

"Əmtəə bazarlarında işlədiyim 12 il ərzində volfram bazarında indiki kimi çatışmazlıq görməmişəm. Bəlkə də yalnız 2021-ci ildə litium bazarında buna bənzər vəziyyət var idi”, deyə "BMO Capital Markets” şirkətinin xammal bazarları üzrə tədqiqatlar üzrə vitse-prezidenti Corc Heppel bildirib.

Onun sözlərinə görə, litiumdan fərqli olaraq volfram hasilatı üzrə yeni layihələri tez bir zamanda işə salmaq çətindir.

Çin – dünyada ən böyük istehsalçı – ixrac məhdudiyyətlərini sərtləşdirdikdən sonra istehsalçılar alternativ tədarük mənbələri axtarmağa başlayıblar. Analitik şirkət "Project Blue”nun hesablamalarına görə, ötən il Çindən nəzarət edilən volfram növlərinin ixracı təxminən 40% azalıb.

Bu vəziyyət Qərb hökumətlərinin niyə Çin mənşəli kritik minerallardan asılılığı azaltmağa çalışdığını göstərir. Pekin bu resurslardan artıq ticarət və texnologiya mübahisələrində təsir aləti kimi istifadə edib.

"Almonty Industries” şirkətinin baş direktoru Lyuis Blek bildirib ki, sənaye sektoru bu materiala "kəskin ehtiyac duyur”. Şirkət dekabr ayında Cənubi Koreyada yeni mədən işə salıb və ABŞ-də son onilliklərin ilk volfram mədənini açmağı planlaşdırır. Onun sözlərinə görə, ABŞ hakimiyyəti artıq şirkətə təcili tədarüklərlə bağlı müraciət edib. Koreyada istehsal olunan volframın təxminən yarısı Pensilvaniyaya göndərilərək sursat istehsalında istifadə olunur.

Strateji əhəmiyyətinə baxmayaraq, volfram bazarı nisbətən kiçikdir. "Project Blue”nun qiymətləndirməsinə görə, bu bazarın həcmi 2026-cı ildə təxminən 16 milyard dollar olacaq ki, bu da mis bazarının təxminən 5%-inə bərabərdir. Bununla belə, son bir ildə artım tempinə görə volfram qızıl və neft kimi xammalları xeyli geridə qoyub.

Qiymət artımına təsir edən əlavə amillərdən biri də Yaxın Şərqdəki münaqişədir. "Project Blue” analitiki Janin Le Ru bildirir ki, bu il volframın hərbi istehlakı – o cümlədən helikopterlər, qırıcı təyyarələr və sursat üçün – 12% artacaq.

Volfram ərintiləri raket komponentlərində, təyyarə və helikopterlərdə əks-çəki elementlərində, artilleriya mərmilərində, qumbaralarda və zirehli texnikada geniş istifadə olunur. Metalın yüksək sıxlığı sursatın impulsunu qorumasına və zirehi daha effektiv deşməsinə imkan verir.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, Çin bu sahədə dominant mövqedədir. Ötən il Pekin dünya volfram hasilatının 79%-ni – təxminən 85 min ton – təmin edib. Məsələn, ABŞ-də isə 2015-ci ildən bəri kommersiya məqsədli volfram hasilatı aparılmır.

Analitiklərin fikrincə, mövcud çatışmazlığın tezliklə aradan qalxması gözlənilmir. İspaniya, Braziliya, Avstraliya və ABŞ-də hasilatı artırmaq mümkündür, lakin yeni layihələrin işə salınması, investorların yüksək qiymətlərin davamlı olacağına inanacağı halda belə, təxminən iki il çəkə bilər.

Aydın
--> -->