Xəbər lenti

Ucuz enerji və sülh: Belçika Rusiya ilə barışıq istəyir
Dünya 16:28 16.03.2026

Ucuz enerji və sülh: Belçika Rusiya ilə barışıq istəyir

Belçika baş naziri Bart De Vever Avropanı Rusiya ilə razılığa gəlməyə çağırıb ki, Ukraynadakı müharibəyə son qoyulsun.
 
Qaynarinfo bu barədə "Euronews"a istinadən xəbər verir.

De Vever bildirib ki, ucuz enerji resurslarına çıxışı bərpa etmək üçün də danışıqlar yolu ilə razılıq əldə etmək zəruridir.

Bununla belə, Avropa İttifaqı bu məsələdə hələ də parçalanmış vəziyyətdədir. Fransa prezidenti Emmanuel Makron, İtaliya baş naziri Corcia Meloni və Macarıstan baş naziri Viktor Orban Moskva ilə birbaşa danışıqlar aparılmasını dəstəkləyir, Polşa və Baltikyanı üç ölkə isə buna qəti şəkildə qarşı çıxır.

Belçika baş naziri bildirib: "Şəxsi söhbətlərdə Avropa liderləri mənimlə razılaşır, lakin bunu açıq deməyə cəsarət etmirlər. Biz Avropanın maraqları naminə münaqişəyə son qoymalıyıq, eyni zamanda Putinə qarşı sadəlövh olmamalıyıq”.

Onun fikrincə, Avropa Rusiyaya münasibətdə keçmiş səhvləri təkrarlamamalıdır. De Vever silahlanmanın gücləndirilməsi və qoşunların şərq sərhədlərində yerləşdirilməsinin vacibliyini vurğulayıb.

"Eyni zamanda biz Rusiyaya münasibətləri normallaşdırmalı və ucuz enerji resurslarına çıxışı bərpa etməliyik. Bu, sağlam məntiqdir”, deyə o əlavə edib.

Məqalədə qeyd olunur ki, De Vever Avropanın Ukraynaya hərbi dəstək göstərmək və Rusiyanın iqtisadiyyatına təzyiq göstərməkdən ibarət ikili strategiyasının ABŞ-ın dəstəyi olmadan həyata keçirilməsinin mümkünsüz olduğunu bildirib.

"Putinə təzyiq göstərərək Ukraynaya silah göndərə bilmirik və ABŞ-ın dəstəyi olmadan onun iqtisadiyyatını boğmaq da mümkün deyil, qalan yeganə yol razılığa gəlməkdir”, deyə Belçika baş naziri bildirib.

O əlavə edib ki, ölkə hökuməti Yaxın Şərqdəki müharibə ilə bağlı enerji qiymətlərinin artımını kompensasiya etmək üçün dövlət subsidiyaları tətbiq etməyi planlaşdırmır.

"Panika yaratmayacağam və əvvəlki hökumətin etdiyi kimi milyardları havaya sovurmayacağam”, deyə De Vever vurğulayıb.

Məqalədə xatırladılır ki, Avropa İttifaqı 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxilə başlandıqdan sonra Rusiya enerjiyə olan asılılığını azaltmaq üzərində işləyir və gələn il Rusiya mənşəli fosil yanacaqların idxalına tam qadağa tətbiq etməyi planlaşdırır.

Bununla belə, Macarıstan və Slovakiya bu tədbirlərə qarşı çıxaraq bildirirlər ki, Rusiya enerjisi onların enerji təhlükəsizliyi üçün zəruridir.

Əvvəlki məlumatlara görə, Avropa liderləri, o cümlədən Almaniya kansleri Fridrix Merz və Polşa baş naziri Donald Tusk, Rusiya vətəndaşlarına qarşı viza qaydalarının sərtləşdirilməsini Brüsselə tövsiyə ediblər. Məktubda qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Şengen zonasının daxili təhlükəsizliyi üçün uzunmüddətli risklər yarada bilər, çünki demobilizə edilmiş və ya rotasiya üçün cəbhədən geri dönən rus hərbçiləri Avropa ölkələrinə səyahət etməyə cəhd edə bilərlər. Liderlər belə səyahətin cinayətkarlıq, zorakı hüquq pozuntuları və düşmən dövlətlərlə əlaqəli fəaliyyətin artmasına gətirib çıxara biləcəyini vurğulayıblar.

Aydın
--> -->