Xəbər lenti

Güney Azərbaycan şəhərlərində keçirilən aksiyalarda onlarla etirazçı saxlanıldı
Siyasət 17:40 17.11.2019

Güney Azərbaycan şəhərlərində keçirilən aksiyalarda onlarla etirazçı saxlanıldı

Xəbər verdiyimiz kimi, İranda benzinin ikiqat bahalaşmasına etiraz olaraq cümə günü başlayan etiraz aksiyaları təhlükəsizlik qüvvələrinin zorakılığı ilə müşaiyət olunur.

Qaynarinfo GünAz TV-yə istinadən xəbər verir ki, Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil, Qəzvin, Zəncan, Qoşaçay, Mərənd, Xoy və Salmas şəhərlərində də geniş etiraz aksiyaları keçirilib.

Şənbə günü keçirilən aksiyalar gecə saatlarına qədər davam edib, bəzi şəhərlərdə polis dinc nümayişçilərə qarşı güc tətbiq edib. Etirazlar zamanı onlarla soydaşımızın saxlandığı bildirilir. Lakin hökumət tərəfindən internet kəsildiyinə və aksiyaların geniş vüsət aldığına görə saxlanılan etirazçıların kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Onlardan hələlik 4-nün adı dəqiq olaraq müəyyən edilib: Qaffar Rzaiyan (Zəncan), Fəraz Novruzi (Təbriz), Tövhid Xadimi (Qoşaçay) və Əhməd Abedi (Qoşaçay). 

İran hökuməti benzinin bahalaşması ilə bağlı verdiyi qərarı ləğv etmək niyyətində olmadığı üçün etirazların davam edəcəyi gözlənilir.

Qeyd edək ki, İranın dini lideri Əli Xamneyi noyabrın 17-də baş verən hadisələrə reaksiya verərək benzinin qiyməti ilə bağlı verilən qərara dəstək verdiyini bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->