Şahin Cəfərli

Blogger
Yazılar
47
Dmanisidə baş verən hadisənin kökündə nə dayanır?

Dmanisidə baş verən hadisənin kökündə nə dayanır?

Gürcüstanın Dmanisi (Başkeçid) rayonunda soydaşlarımızla svan adlanan etnik qrupa aid şəxslər arasında qarşıdurma yaranıb. Səbəb svanların azərbaycanlı sahibkarın mağazasından havayı spirtli içki götürmək istəməsidir. Svanlar daha öncə də həmin mağazadan nisyə içki, ərzaq götürərək pulunu ödəmirmiş, mağaza sahibi haqlı olaraq ödəniş tələb edəndə konflikt yaranıb və hər iki tərəfdən əlavə iştirakçıların cəlb olunması nəticəsində məsələ böyüyüb. Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqol Liluaşvili hadisə yerinə gediblər və yəqin ki, gərginlik tezliklə yoluna qoyulacaq. 

Hadisə sosial medianın Azərbaycan seqmentində geniş müzakirələrə səbəb oldu. Rusiyanın regionda ənənəvi "parçala, hökm sür” siyasətini davam etdirərək Gürcüstanda növbəti etnik münaqişə yaratmaq cəhdindən tutmuş, 10 noyabr 2020-ci il tarixli Rusiya-Azərbaycan-Ermənistan razılaşmasında nəzərdə tutulan Zəngəzur yolunun açılması ehtimalından Gürcüstan dövlətinin narahat olmasına, gürcü millətçilərinin azərbaycanlıları ölkədən qovmaq istəməsinə qədər, ən müxtəlif versiyalar irəli sürüldü. Bu versiyaların hamısının, necə deyərlər, yaşamağa haqqı var. Əslində nə baş verir?  

Svan məsələsi yeni bir fenomen deyil. 1990-cı illərin əvvəllərində Gürcüstanın şimal-qərbindəki dağlıq Svanetiya regionunda baş vermiş sel fəlakəti zamanı evləri, təsərrüfatları məhv olan bu xalqın bir hissəsi ölkənin müxtəlif bölgələrinə, əsasən bizim Borçalı dediyimiz Kvemo Kartliyə (Aşağı Gürcüstan) köçürüldülər. Şübhəsiz ki, Gürcüstan Kommunist Partiyasının rəhbərliyi bu cür qərar verməklə azərbaycanlı (türk) əhalinin çoxluq təşkil etdiyi bölgənin demoqrafiyasını nisbətən "milliləşdirmək” niyyəti də güdürdü. Bəzi svan ailələrinin Cavaxetiyaya da köçürülməsinə cəhd edilmiş, lakin ermənilər buna mane olmuşdu. 

Svanlar tanıdığımız, bildiyimiz gürcülərdən fərqli dilə və mədəniyyətə malik olsalar da, hər halda, gürcü subetnosudur və dövlət onları gürcü sayır. Sözün hərfi və digər mənalarında "dağdan enmiş” bu adamların əsasən Marneuli və Bolnisi rayonlarında yerləşdirilməsi orada kriminogen durumun daha da gərginləşməsinə və tamamilə nəzarətdən çıxmasına səbəb olmuşdu… 

Sovet dövlətinin dağılması və ondan sonrakı mərhələ – 1990-cı illər bütün postsovet məkanında qeyri-sabitlik, xaos, sosial-iqtisadi böhran dövrü idi, Gürcüstan isə bu problemləri daha ağır keçirirdi. Mərkəzi hökumət zəifləmişdi, kriminal qruplar, mafiyalar, oğrular at oynadırdı. Yerli hüquq-mühafizə orqanlarının kriminalitetlə çulğalaşması baş vermişdi, dövlət yox idi. Belə bir şəraitdə svanların köçü alovun üstünə benzin tökülməsi effekti verdi. Onlar yerli şəraitə və yerli xalqların mədəniyyətinə, yaşam tərzinə uyğunlaşa bilmədilər, yaxud bunu istəmədilər, öz fərqli "dağ submədəniyyəti”ni qoruyub saxladılar, Borçalıda "gettovari”, təcrid olunmuş şəkildə yaşamağa başladılar. Sonra onların əlində odlu silahlar peyda olmağa başladı. Əksəriyyət etibarilə cüssəli olan, saqqallı silahlı svan kişiləri adam oğurluğuna, qarət məqsədli basqınlara başladılar və qısa müddətdə bütün regionda vahimə yaratdılar. Onlar ayrı-ayrı kəndlərin nisbətən imkanlı sakinlərini oğurlayır və yaxınlarından külli miqdarda pul tələb edirdilər, evlərə basqınlar edilməsi və ev sahiblərinin bütün malının-pulunun, qadınların qızıl-zinət əşyalarının zorla əllərindən alınması adi hala çevrilmişdi. Onların tələblərini rədd edən şəxslərin vəhşicəsinə döyülməsi, hətta güllələnməsi halları baş verirdi. Kiçik terror təşkilatları kimi fəaliyyət göstərən silahlı svanların arxasında, şübhəsiz ki, iri kriminal qruplaşmalar dayanırdı (əlbəttə, öz təşəbbüsü ilə soyğunçuluq edən quldurlar da var idi), yerli hüquq-mühafizə orqanları "oğru dünyası”ndan "haqq” aldığından, bu cür hallara demək olar ki, reaksiya vermirdilər.   

Bu vakxanaliya "qızılgül inqilabı”na qədər davam etdi. Saakaşvili hakimiyyətə gəldikdən sonra tədricən ölkədə qayda-qanun yaratmağa, dövlət hakimiyyətini bərqərar etməyə başladı. Kriminalitetə, "qanuni oğru”lara qarşı amansız və güzəştsiz mübarizə başladı. Qanunsuz silahlı dəstələr o dərəcədə güclənmiş və azğınlaşmışdılar ki, onların zərərsizləşdirilməsi üçün keçirilən əməliyyatlara xüsusi təyinatlılar və döyüş helikopterləri də cəlb olunurdu. Qısa müddətdə Gürcüstanda kriminalın kökü kəsildi, polis, prokurorluq öz vəzifəsini yerinə yetirməyə başladı, rüşvət, korrupsiya yığışdırıldı, yerlərdə infrastrukturun bərpasına başlandı. Sabitliyin təmin olunması xalqın rifah səviyyəsinin də yüksəlməsinə səbəb oldu, həm cinayətkarlıq, həm də yoxsulluq səbəbindən Azərbaycana, Rusiyaya səpələnmiş soydaşlarımızın hamısı olmasa da, bir qismi oz yurd-yuvalarına qayıtmağa başladı. Gürcüstan azərbaycanlıları arasında (əksəriyyət) Saakaşvilinin bu gün də sevilməsinin əsas səbəbi budur.   

Svanlar və azərbaycanlılar arasındakı münaqişə iki fərqli etnik-dini qrup arasındakı problem olsa da, bunu siyasi mənada etnik və ya dini münaqişə kimi səciyyələndirmək, fikrimizcə, doğru olmaz. Yəni svanlar azərbaycanlılara məhz azərbaycanlı (türk, müsəlman) olduqları üçün yox, quldurluq, soyğunçuluq, qarət məqsədilə hücumlar edirlər. Svanların siyasi şüuru da o səviyyədə inkişaf etməyib. Ərazidə soydaşlarımız çoxluqda olduğu üçün hədəfə daha çox onlar gəlir. Amma istisna etmək olmaz ki, Gürcüstanda son illər güclənən bəzi radikal millətçi və şovinist qruplar öz məqsədləri üçün svanlardan istifadə edə bilər. İstənilən halda, məsuliyyət tamamilə Gürcüstan hökumətinin üzərinə düşür.     

2012-ci ildə "Gürcü Arzusu”nun hakimiyyətə gəlməsindən sonra Saaakşvili dövründə əldə edilmiş bəzi nailiyyətlər inkişaf etdirilmədi, əksinə, bir çox sahədə tədricən reqres baş verdi. Bu barədə geniş danışmaq olar, yazını uzatmamaq üçün qısaca qeyd edək ki, həm demokratikləşmə sahəsində geriləmə oldu, həm rüşvət və korrupsiya halları tədricən yenidən baş qaldırdı, həm də kriminala qarşı əvvəlki qərarlılıq və sərtliklə mübarizə aparılmadı. Son illər isə buna iqtisadi böhran da əlavə olundu. Artıq yerlərdə əhali mübahisələrin həlli üçün məhkəməyə, polisə yox, əvvəllər olduğu kimi, yenə oğru aləminin nümayəndələrinə müraciət edir. Dmanisi rayonu da bu baxımdan istisna deyil. Görünür, Gürcüstanı idarə edənlər kriminal avtoritetlərin dövlətin yükünün bir qismini öz boyunlarına götürməsindən narazı deyillər. Amma Dmanisi insidenti göstərdi ki, bu cür "tarazlıq” sünidir və Gürcüstan dövlətinin öz maraqları baxımından çox risklidir. Etnik, yaxud başqa bir zəmində yeni bir gərginlik, üstəlik, əsas strateji ortaq –  Azərbaycan Respublikası ilə münasibətlərdə problem yaranması Gürcüstana lazım deyil. 

Bəs, Rusiya bu proseslərin harasındadır? 

Açığı, subyektiv müşahidəm onu deyir ki, bu hadisələri Moskvanın qızışdırdığı barədə ehtimallar inandırıcı deyil. Svanların qanun-qayda tanımayan, şəhər mədəniyyətindən uzaq, davakar dağ adamları olduğu yaxşı məlumdur. Əslində Gürcüstanda bu tip münaqişələr periodik olaraq baş verir, sadəcə, bu dəfə miqyası böyük olduğundan, məsələ diqqət mərkəzinə gəldi. 

Amma "Gürcü Arzusu” dövründə Rusiyanın Gürcüstanda nüfuzunun və təsirinin artması da faktdır. Bu mövzunu başqa yazıda araşdırmağa çalışarıq.

Şahin Cəfərli
Pressklub.az

OXŞAR XƏBƏRLƏR

X