Xəbər lenti

Göyçayda selin dağıtdığı avtomobil körpüsü ilə bağlı yeni xəbər (FOTOLAR)
Foto 18:44 19.06.2018

Göyçayda selin dağıtdığı avtomobil körpüsü ilə bağlı yeni xəbər (FOTOLAR)

İyunun 2-də Göyçay çayına gələn güclü sel nəticəsində dağılan avtomobil körpüsünün bərpası istiqamətində görülən işlər başa çatmaq üzrədir.
 
APA-nın yerli bürosunun xəbərinə görə, selin təsiri nəticəsində uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsünün30 metr hissəsi dağılıb, nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb, Göyçay çayının şərq hissəsindəki 38 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. İyunun 3-dən başlayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və "Körpübinatikinti” ASC-nin tikinti briqadası və ağır texnikaları körpünün yenidən bərpası işlərinə başlayıb. Əvvəlcə çayda suyun axın istiqaməti dəyişdirilib, yəni suyun kənardan mərkəzə yönəldilərək məcrasının əvvəlki vəziyyətə qaytarılması üçün tədbirlər görülüb.
 
Sonra körpünün dağılmış yerində dəmir borular basdırılıb, uzunluğu 36 metr, eni 1 metr, hündürlüyü 5-9 metr olan beton istinad divarı qurulub. Hazırda ərazidə torpaq bərkitmə işləri görülüb. Torpaq qatı çay yatağından təxminən 15 metr hündürlüyü olan körpüyədək qaldırılıb. Bugünədək əraziyə təxminən 20 min kubmetr torpaq tökülərək tarazlıq və bərkitmə işləri görülüb. Körpünün bərpası işlərinə 30-dan çox ağır texnika və 50-ə yaxın işçi qüvvəsi cəlb olunub. Tikinti işləri gündüz və gecə saatlarında davam etdirilir. İnşaat işlərinin 3 gün ərzində başa çatdırılması və körpünün istifadəyə verilməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, körpü dağıldığı üçün iyunun 2-dən bəri sürücülər Göyçay-Ucar-Göyçay avtomobil yolundan istifadə etməklə rayon mərkəzinə gedirlər. Əhalinin Göyçay çayı üzərindən piyada keçidinin təmin olunması üçün şəhərin şimalındakı köhnə asma körpüdə təmir-bərpa işləri aparılıb və orada insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılıb. Çayın hər iki tərəfində sərnişin avtobuslarının həmin asma piyada körpüsünədək gedişi təmin olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->