Günay İlqarqızı
Sənət 16:34 23.12.2021

Göz yaşı içində “Zəhər tuluğu”

Günay İlqarqızı
 
Ötən gün Heydər Əliyev Sarayında "Zəhər tuluğu” filminin təqdimatı keçirildi. Tədbirə filmin yaradıcı heyəti ilə yanaşı, bir çox sənət nümayəndəsi, aktyor, aktrisa, hətta jurnalistlər də dəvət almışdı (bu məsələnin "hətta” hissəsinə bir azdan toxunacağam). 

Tamaşaçıya daha öncə sosial platformadan tanış olan "Zəhər tuluğu” qısametrajlı silsiləsinin 110 dəqiqəlik film versiyası təqdim olundu.

Filmin nümayişindən öncə sarayın foyesində böyük qala gecəsi oldu. Necə deyərlər, qırmızı xalı çox rəngarəngdi. Orda hər kəsi görmək olardı. İstər filmdə iştirak edən aktyorlar, istər texniki heyət, digər tanınmış simalar kameralar qarşısına keçib boy göstərdilər, şəkillər çəkdirdilər. 

Artıq elan olundu: film başlayır. İzləyiciləri zala, filmi izləməyə dəvət etdilər. 

Bu yerdə bir məsələni qeyd edim ki, hər kəsin əlində zala daxil olub filmi izləmək üçün biletimi deyək, dəvətnaməmi deyək vardı. Artıq foyedə yavaş-yavaş insanların sayı azalmağa başlamışdı. Az öncə dediyim "hətta” ilə bağlı isə məsələ budur: Hamı zala keçir, tədbiri işıqlandırmaq üçün dəvət olunan jurnalistlərdən bir neçəsi isə hələ də foyedə gözləyib qeyri-müəyyənlikdə vurnuxur, onlara zala nə vaxt daxil olmağa icazə veriləcəyini, əyləşmək üçün yer göstəriləcəyini gözləyirdilər. 

Həmin arada foyeyə düşüb qalan digər qonaqları da zala dəvət edən Taleh Yüzbəyovun tapşırığı ilə, nəhayət, jurnalistlərə də zalda yer ayrıldı, onlar da içəri daxil oldu. Bu yerdə Taleh bəyə çox böyük təşəkkür düşür. Bizə qarşı laqeyd qalmadığı üçün. 

Bunlar həmin dəqiqələrə qədər izlədiklərim və müşahidə etdiklərimdi. 

Zala keçdik, tədbir başladı. Tədbiri aparıcı Azər Aydəmir idarə edirdi. O, film təqdimatını açıq elan edəndən sonra ilk sözü ekran işinin baş prodüseri və quruluşçu rejissoru Orxan Mərdana verdi. O da öz növbəsində filmin digər quruluşçu rejissoru və filmin qəhrəmanı Taleh Yüzbəyovu dəvət elədi. 
"Bu görüntünü (səhnədən tamaşaçılara baxaraq - red.) ömrümün sonunadək yadda saxlayacağam. Həyatımda yeni mərhələ başlayır. Mən qayğıkeş övlad, diqqətli ər deyiləm, çünki bu işi sevirəm və ömrümün qalan hissəsini də bu işə həsr edəcəyəm. Bir arzum var, ona doğru gedirəm”, - Taleh bəy dedi və əminəm, aktyorun bu sözləri, vurğulayaraq deyim ki, zaldakı hər kəsi duyğulandırdı. 

"Zəhər tuluğu” başladı. 

Düzdür, anlayıram ki, bu, məşhur qısametrajlı filmin davamı kimi çəkilib, amma yenə də bu filmə başqa ad tapmaq olardı. 

Əslində, filmin süjet xətti haqqında çox yazmaq istəmirəm. İstəyirəm ki, izləyicilər özləri gedib izləsinlər, qiymətləndirsinlər. Əvvəla, qeyd edim ki, filmin günümüzə tam uyğun süjeti var. Buna görə yaradıcı heyəti alqışlamaq olar... Ancaq bir-iki detala toxunmadan da keçə bilmirəm.

Məsələn, filmdə YUĞ teatrının aktrisası Ləman Mərrihin canlandırdığı hamilə Leyla xarakterinə aid çatışmazlıqlar, zəiflədici nüanslar var. Xanımın canlandırdığı Leyla obrazının hamiləlik dönəmi sanki lentə çox bəsit alınıb. 7 aylıq hamilə olan Leylanın bir günü kadrlarda yer alıb. Ancaq zənnimcə, baş verən fizioloji hamiləlik dönəminin yaxşı göstərilməməsi filmdəki bir neçə mənfidən biridir. Digər biri isə, paralel gedən hadisələr fonunda senarinin sanki çox sürətli axışıdır. Bununla belə, film təsirli, maraqlıdır. 

Komediya və dram səhnələri ilə zəngin olan film tamaşaçını həm güldürə, həm ağlada bilir. 

Mənim üçün ən təsirli səhnə Adilin qızı Şəmsi ölümündən sonra dəhliz boyu qucağında aparması və dediyi sözlərdir. 

Zalda, demək olar, hər kəsin gözündən yaş axırdı o səhnəni izlərkən. 

Hətta finaldan sonra çıxış edən aktyor Cavidan Novruz onun əvəzinə atası, Xalq artisti Ramiz Novruzun çıxış etməyini istədi. Ancaq Xalq artisti oğlu Cavidan Novruzun filmdəki çıxışını izləyərkən qəhərləndiyi üçün çıxış etməyə çətinlik çəkdi.  

Bir sözlə, film və qala gecəsi bəzi xətalarıyla bərabər normal keçdi. 

Tamaşaçılara isə deyirəm ki, filmdə baş verən hadisələr düşündürücüdür. 

Filmin baş prodüseri Orxan Mərdan, quruluşçu rejissorları Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir. Filmdə Taleh Yüzbəyov, Ləman Mərrih, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Zülfiyyə Qurbanova, xalq artisti Səidə Quliyeva, Tural Əhməd, Əməkdar artist Rasim Cəfər, Oktay Mehdiyev, Əməkdar artist Hüsniyyə Mürvətova, Könül Cəfərzadə, Emil Musayev, Nəsibə Eldarova və başqaları rol alıb.

"Zəhər tuluğu” bu gündən etibarən öz seyirçisini gözləyəcək. 

Xoş izləmələr və duyğulu anlar diləyi ilə.