Dünyada elə ölkələr var ki, burada yaşamaq daha ucuz başa gələ bilər və yaşlı insanlar üçün daha rahat həyat şəraiti təqdim edir. Lakin köç qərarı verərkən səhiyyə sistemi, yaşayış xərcləri və hüquqi status kimi bir çox amil nəzərə alınmalıdır.
Qaynarinfo "Penzcentrum” nəşrinə istinadən xəbər verir ki, bu sahədə ən məşhur araşdırmalardan biri "Natixis" şirkətinin "Global Retirement Index” indeksidir. Lakin bu reytinq daha çox həmin ölkələrin yerli pensiyaçıları üçün şəraiti qiymətləndirir, xaricdən köçmək istəyənlər üçün deyil. Buna görə də ekspertlər əsasən ekspatlar üçün hazırlanmış digər indekslərə diqqət çəkirlər.
"Expatriate Healthcare” tərəfindən hazırlanan "Retirement Abroad Index” ölkələri səhiyyə xidmətlərinin əlçatanlığı, viza şərtləri, yaşayış xərcləri və uyğunlaşma rahatlığı kimi meyarlara görə qiymətləndirir.
Birinci yeri 100 baldan 78 balla Filippin tutub. Ölkə sadə yaşayış icazəsi prosedurları, aşağı xərclər və ingilis dilinin geniş yayılması ilə seçilir.
İkinci yerdə 77 balla Tailand qərarlaşıb. Burada özəl səhiyyənin yüksək səviyyəsi və inkişaf etmiş infrastruktur diqqət çəkir, lakin pensiya vizası üçün gəlir təsdiqi və tibbi sığorta tələb olunur.
Üçüncü yeri Kolumbiya əldə edib. Latın Amerikasında xarici pensiyaçılar üçün ən populyar istiqamətlərdən biri sayılır.
Daha sonra Avropada ən yüksək mövqe tutan Portuqaliya gəlir. Ölkə təhlükəsizlik, keyfiyyətli səhiyyə sistemi və əhalinin ingilis dilini bilmə səviyyəsi ilə fərqlənir. Beşinci yeri isə Şri-Lanka və Cənubi Afrika Respublikası bölüşür.
Digər bir reytinq isə fərqli nəticələr göstərir. "International Living” platformasının hazırladığı siyahıya əsasən, birinci yeri Yunanıstan tutur. Burada yumşaq iqlim, çoxlu günəşli günlər və "siga-siga” (tələsmə) həyat tərzi əsas üstünlüklər kimi göstərilir.
İlk üçlüyə Panama və Kosta-Rika da daxildir. Panama "Pensionado” proqramı ilə pensiyaçılara geniş güzəştlər təklif edir. Kosta-Rika isə təbiəti və sakit həyat tərzi ilə seçilir.
İlk onluğa Portuqaliya, Meksika, İtaliya, Fransa, İspaniya, Tayland və Malayziya da daxildir. Qiymətləndirmədə yaşayış xərcləri, səhiyyə, iqlim, viza imkanları və ümumi yaşam keyfiyyəti nəzərə alınıb.
Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, bu reytinqlər əsasən zəngin ölkələrin vətəndaşları üçün hazırlanıb və Şərqi Avropa ölkələrindən olan təqaüdçülər üçün real vəziyyət fərqli ola bilər.
Ona görə də mütəxəssislər hesab edir ki, pensiya üçün ölkə seçərkən təkcə reytinqlərə və xoş görüntülərə deyil, şəxsi maliyyə imkanlarına və real yaşayış xərclərinə də diqqət yetirilməlidir.
Aydın
Şərhlər