Çində təxminən 1 milyon il əvvələ aid fosilləşmiş kəllə aşkar edilib. Alimlər bu tapıntının insan təkamülü ilə bağlı uzun illərdir qəbul edilən bəzi nəzəriyyələri yenidən gözdən keçirməyə səbəb ola biləcəyini bildirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy” yazır.
Tədqiqatçılar rəqəmsal rekonstruksiya nəticəsində belə qənaətə gəliblər ki, insan təkamülünün əsas xətləri indiyə qədər düşünüləndən daha erkən dövrdə bir-birindən ayrılmış ola bilər.
"Yünsyan 2” adlandırılan kəllə 1990-cı ildə Çinin mərkəzi hissəsində tapılıb və uzun müddət Homo erectus nümayəndəsi kimi qiymətləndirilib. Lakin müasir görüntüləmə və rekonstruksiya metodları onun anatomiyası barədə daha dəqiq təsəvvür yaradıb və mövcud kateqoriyalara tam uyğun gəlməyən xüsusiyyətlər birləşməsini üzə çıxarıb. "Science” jurnalında dərc edilən tədqiqat insan təkamülünün ən mübahisəli dövrlərindən birinə dair yeni müzakirələrə səbəb olub.
Zədələnmiş kəllənin bərpası
Araşdırma zamanı alimlər kompüter tomoqrafiyası, strukturlaşdırılmış işıq əsaslı vizuallaşdırma və virtual rekonstruksiya proqram təminatı daxil olmaqla bir sıra müasir texnologiyalardan istifadə ediblər. BBC-nin məlumatına görə, komanda kəllənin formasını daha dəqiq qiymətləndirmək üçün 3D çap vasitəsilə fiziki modellər də hazırlayıb.
Rekonstruksiya nəticəsində gözlənilməz mənzərə ortaya çıxıb: kəllənin bəzi hissələri Homo erectus üçün xarakterik xüsusiyyətlərə, xüsusilə irəli çıxıq alt üz quruluşuna uyğundur. Digər xüsusiyyətlər isə "Homo longi”yə (daha çox "Əjdaha insan” kimi tanınır) və hətta Homo sapiensə bənzəyir.
Alimlər "Yünsyan 2”ni 100-dən çox digər fosil nümunə ilə müqayisə ediblər və nəticədə bu dövr üçün nadir sayılan xüsusiyyətlərin bir arada olduğu kəllə müəyyən edilib. Bu isə tədqiqatçıları da təəccübləndirib.
Fudan Universitetindən Siczun Ni BBC-yə açıqlamasında bildirib ki, ilkin nəticələr onlara inandırıcı görünməyib: "Əvvəldən nəticəni aldığımızda bunun inanılmaz olduğunu düşündük. Belə bir şey o qədər qədim dövrdə necə ola bilərdi?”
Onun sözlərinə görə, komanda müxtəlif modelləri və metodları dəfələrlə yoxlayaraq nəticənin doğruluğuna əmin olub.
London Təbiət Tarixi Muzeyindən Kris Stringer isə bu tapıntının göstərdiyini bildirib ki, müxtəlif insan qrupları artıq 1 milyon il əvvəl mövcud ola bilərdi. Bu isə əsas təkamül ayrılmalarının təxminən 400 min il daha erkən baş verdiyini göstərə bilər.
Stringerə görə, bu nəticə insan təkamülü tarixini əhəmiyyətli dərəcədə dəyişir və erkən dövrdə daha mürəkkəb şaxələnməyə işarə edir.
Alimlər həmçinin qeyd edirlər ki, bu qədər erkən ayrılma neandertallar və Homo sapiensin əcdadlarının indiyə qədər düşünüləndən daha əvvəl ortaya çıxmış ola biləcəyini göstərir.
Aydın
Şərhlər