Azərbaycanın sərbəst güləş üzrə millisinin üzvü, eyni zamanda Sərhəd Qoşunlarının zabiti olan Hacı Əliyevə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin əmri ilə baş leytenant rütbəsi verilib.
Güləşçi "Yeni Sabah”a açıqlamasında rütbəsinin artması ilə bağlı öz təəssüratlarını bildirib:
"Sözsüz ki, sevinirəm, çünki mənim üçün gözlənilməz oldu. İdmançılarla yığılmağımızın səbəbi 100 illiklə bağlı medalların verilməsi idi. Baş leytenant rütbəsinin verilməsinə də hələ vaxt var idi. Gözlənilməz olsa da, çox sevindim.
Orda da təşəkkürümü bildirdim. İnşallah gələcəkdə daha yüksək rütbələr alaram”.
Eyni zamanda "Qarabağ” azarkeşi olan Avropa çempionu dünənki məğlubiyyətdən danışıb, "Qarabağ”ın evdə rəqibdən üstün olacağına inandığını vurğulayıb:
"Oyunu izlədim. Heyif ki, "Qarabağ” məğlub oldu. Ölkədə 2-3 yaxşı komanda var. "Qarabağ” keçən illərdə Çempionlar Liqasının qrup mərhələsində iştirak etdi. Bu il də yenə gözümüzü "Qarabağ”a dikmişdik. Amma təəssüflər olsun ki, məğlub oldular. "Qarabağ” uduzanda bir azərbaycanlı kimi, ikiqat məyus oluram. Çünki orada dostlarım var, Rəşad Sadıqovla, Qurban Qurbanovla, həm də bir neçə futbolçu var ki, onlarla yaxın dostluğumuz var. Onlar uduzanda necə pis olurlarsa, mən də elə pis oluram. Amma idmanda məyus olmaq olmaz. Qalib gəldinsə, məğlub olmağı da bacarmalısan. İnşallah gələcəkdə daha yaxşı nəticələr əldə edəcəklər, buna inanıram. Ümid edirəm, burdakı oyun bizim xeyrimizə olar. Elə də fərq yox idi, 3:2 oldu. "Qarabağ” irəli getmək istəyirsə, qalib gəlməlidir, başqa yolları yoxdur. Evdəki oyunda mən də stadionda olacam”.
Şərhlər