Hacıbaba Bağırovun həyat yoldaşı: “Yalvardım ona, dedim, məni sevirsənsə...” (MÜSAHİBƏ)

Hacıbaba Bağırovun həyat yoldaşı: “Yalvardım ona, dedim, məni sevirsənsə...” (MÜSAHİBƏ)

Kulis.az Xalq artisti Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova ilə müsahibəni təqdim edir.

- Arzu xanım, Hacıbaba müəllim ailədə necə insan idi?

- Bayırdakı insanın əksi idi. Çox vaxt rus dilində danışardı. Evdə mənə Məstan, Masya deyirdi.

- Nəsil səjərəsini nə qədər tanıyırsınız?

Hacının anası Sona xanım Cəbrayıl bəylərinin nəslindəndir. Cəmil bəyin qızıdır. Nənəsi isə polyak idi. Azərbaycana müəllimə kimi gəlir, Cəmil bəy onu görüb bəyənr və ailə qururlar. Yəqin, bilirsiniz, AzTV-nin keçmiş sədri, Cəmil Quliyevin atası Elşad Quliyev Hacı ilə ana bir, ata ayrı qardaş idilər. Cəmil Quliyevlə Hacı "Alma, almaya bənzər” filminə bir çəkiliblər. Hacının atası isə Maştağalı idi.

- Özündə kübarlıq hiss olunurdu.

- O, çox kübar idi. Masada xörək yeməsi, təmkinlə, sakit danışması başqa aləm idi. Heç vaxt səsini qaldırmırdı. Yəni, mən Hacı ilə yaşadığım müddətdə onun mənim üstümə səsini qaldırdığını, nəyisə irad tutduğunu görmədim. Çox hörmətcil, mülayim insan idi.

- Onu ilk dəfə görəndə, hansı xüsusiyyəti ilə sizi cəlb etdi?

- Centlmen olmasıyla... Biz bir-birimizi ilk dəfə teatrda görmüşük. Mən, təbii ki, ona bir aktyor kimi pərəstiş edirdim. Tərəf-müqabili rəhmətlik Lütfiyyə xanımla çox yaxın idim. Bir gün onunla teatra getdim. Həmin gün ikisinin birgə tamaşası vardı. İlk dəfə Hacını orda gördüm və başladım ona olan vurğunluğumu dilə gətirməyə. Oturub çay içdik. Söhbət boyu hiss etdim ki, Hacı mənə tamam fərqli baxışlarla baxır. İlk görüşdən mənə rusca dedi ki, u nas staboy vsyo poluçitsya. Bu sözlərə çox təəccübləndim. Dedim, başa düşmədim, nə alınacaq? Təkrar etdi ki, hər şey! Özü də o, həmin məqamda çox fərqli vəziyyətdə idi. Hətta, yadıma gəlir, mənə armudu stəkanda çay gətizdirdi, çayı qarşıma qoyanda əlləri əsirdi. Onu həyatımda birinci və axırıncı dəfə elə həyəcanlı gördüm. Sonralar biz həmin günü tez-tez yadımıza salırdıq.

- Reaksiyası necə olurdu?

- Gülürdü, deyirdi, mənim yadımda deyil, ola bilməz. Mənim əlim heç vaxt əsməz.

- O, görüşdən sonra siz yenə ona aktyor kimi pərəstiş etdiniz, ya sizdə də sevgi hisləri baş qaldırdı?

- İlk dəfə görən kimi məni cəlb etdi. Nə yalan deyim (gülür). Hərəkətləri, danışığı, qadınla davranışı məni valeh etmişdi. Bəlkə də, bu davranış illərin, yaşın təcrübəsindən irəli gəlirdi. Çünki o, artıq elə bir yaşda idi ki, qadınla necə danışmağı, necə rəftar etməyi yaxşı bilirdi.

- Siz onunla tanış olanda Hacıbaba müəllim çətin vəziyyətdə idi. Güzəranı, şəxsi həyatı qaydasında deyildi...

- Bunu, bax, siz dediniz. Çoxları deyir, Arzu xanım onunla var-dövlətinə görə evləndi. Mən Hacı ilə evlənəndə onun evi yox idi. Hətta, üç ay teatrda qaldı. Üç ay onun ən çətin günləri oldu. 90-cı illər idi. O, stressdən şəkər xəstəliyini həmin ərəfədə tapdı.

- Halbuki kifayət qədər tanınan adam idi, imkanı da pis olmamalı idi... Teatrda qalması... Qəribədir.

- Hacının məndən əvvəlki ailəsində onun xanımı evlərini banka qoymuşdu. Pulu qaytara bilmədiyinə görə bank evləri onların əlindən aldı. Hacının bircə bağı qalmışdı. Onunla məsləhətləşdik və qərara gəldik ki, həmin ailəsi ilə bağlı bizə heç nə qalmasın. Ona görə də Hacı bağını da keçmiş xanımına verdi. Ailə qurandan sonra altı ay kirayədə qaldıq. Sonra mərhum prezidentimiz Heydər Əliyev Hacıya iki otaqlı ev verdi. Övladımız dünyaya gələndən sonra isə üç otaqlı mənzil verdilər.

- Aranızda çox böyük yaş fərqi vardı. Bu mənada çətinliklər olmamış olmaz...

- Hacı allaha bağlı adam olduğu üçün biz onunla birinci molla kəbini kəsdirdik. Sonra insanların söz-söhbətindən xilas olmaq üçün qanuni nikaha girdik. İnsan dünyaya övlad gətirirsə, lazımdır ki, həmin övlad qanuni izdivacdan doğulsun. Kəbin olan yerdə, nikah mənim üçün o qədər də vacib deyildi. Sadəcə dedi-qodulardan uzaq olmaq istədik.

- Ola bildiniz?

- İnsan sevəndə gözü heç nə görmür, qulağı heç nə eşitmir. Biz ikimiz də o qədər xoşbəxt idik ki, ətrafdakı insanların nə deyəcəyi bizim üçün önəm daşımırdı. Həyat insana bir dəfə verilir. İnsan o həyatı ətrafdakılara zərər vermədən necə istəyir, elə də yaşaya bilər. Biz də belə yaşamağa çalışmışıq.

- Bildiyimə görə, bu məsələdə ananız da sizə dəstək olub.

- Bəli. Anam məni başa düşdü. Ona dedim, Hacı ilə bir-birimizə sevgimizdən əlavə, həm də sayğımız var. Yarım kəlmədən mən Hacını, Hacı da məni başa düşürdü. Yaşadığımız müddətdə heç vaxt söz-söhbətimiz, problemimiz olmadı.

- Teatr rəhbəri və aktyor idi. Ətrafında gözəl qadınlar, aktrisalar... Qısqanmırdınız?

- Mən çox qısqanc qadınam. Onu çox qısqanmışam. Bu baxımdan Hacıya gün verməmişəm. Durum, yalandan niyə deyim ki, onu qısqanmamışam. Axı qadın necə sevib qısqanmaya bilər? Əgər bir qadın kişini qısqanmırsa, demək onun hissi yoxdur.

- Kimə qısqanırdınız?

- Hacı televizorda hansısa bir klipə baxsaydı, mən o klipdəki qadına onu qısqana bilərdim. Həmin ifaçının amerikalı, azərbaycanlı və yaxud rus olması fərq etmirdi. Ətrafındakı qadınlar da, aktrisalara da qısqanmışam.

- Bunu xırdaçılıq kimi qəbul etmirdi?

- Məndən çox çəkinirdi. O, mənə "əcəb eləmişəm” sözünü deməzdi. Hansı rolu ifa edəcəkdisə, qadın tərəf-müqabili kim olacaqdısa, bunu ailə içində əvvəlcə mənimlə məsləhətləşirdi. Amma sizə bir söz deyim, mən onu qısqandığım qədər, o da məni qısqanıb. Biz bir-birimizdən ayrı qalmırdıq. Mən də teatrda işləyirdim. Bütün günümüz teatrda keçirdi. Oranın işçilərdən daha çox teatrda olmuşam. Teatrın işçiləri 6-dan sonra evə gedəndə, mən onunla birgə oynayacağı tamaşanın axırına qədər teatrda qalmışam. Qızıma hamilə olanda, son ayları pis keçirirdim. Hacı yenə məni məcbur edirdi ki, onunla teatra - kulisə gedib, tamaşanın sonuna qədər orda onu gözləyim. O, çox səliqəli və dəqiq aktyor idi. Əgər, tamaşa 7-də başlayacaqdısa, saat 5-dən qrim otağında olurdu. Bu, onun gəncliyindən qoyduğu rejim idi. Heç vaxt bundan kənara çıxmırdı. Baxmayaraq ki, müdir idi, ona heç kim heç nə deyə bilməzdi. Baxmayaraq ki, o, ikinci hissədə də çıxa bilərdi. Həmişə deyirdi, gərək kollektiv mənə baxıb örnək götürsün.

- Konkret qısqandığınız biri yox idi?

- Konkret deyə bilmərəm. Çünki həmişə olurdu. Maşında gedəndə niyə sağa baxdın, niyə sola çevrildin, gün eynəyini niyə taxdın kimi deyinmələrim olurdu. O, çox baxımlı idi. İndi onun kimi səliqə ilə geyinən çox az kişi tapılar.

- Evdə ciddi idi, ya zarafatcıl?

- Çox ciddi idi. Amma zarafatlar da edirdi.

- Nə qədər yaş fərqiniz vardı?

- 38 yaş. İnanın, mən onun yaşını görmürdüm. Elə bilirdim, yaşıdımdı. Onunla hər şey o qədər sakit, rahat və xoş idi ki, gözümə heç nə görsənmirdi. Elə bilirdim, həyatda axtardığım hər şeyi onda tapmışam. Bir qadın kimi çox xoşbəxt idim. İnanmıram, bir qadın mənim qədər xoşbəxt ola bilsin. Biz xoşbəxt olduğumuz zaman hamı maraqlanırdı, dedi-qodular edirdilər. Deyirdilər, Arzu özündən yaşlı adama ərə getdi. Yaxud, Hacı qızı yaşında xanımla evləndi. Amma indi mən təkəm, bu, heç kimi maraqlandırmır. Yaxud övladımı tək böyüdürəm, bu da heç kimi maraqlandırmır.

- Xoşbəxtlik çox vaxt qıcıq yaradır.

- Bəli. Niyə belə edirdilər? Biz kimə nə etdik? Heç kimin ailəsini dağıtmadıq, heç kimə mane olmadıq.

- Sizi çox yormuşdular?

- Çox. İnandırım sizi, Hacının vaxtında o qədər yormurdular. Hacıdan sonra başladılar. Mən bu səbəbdən müsahibə vermirəm. Müsahibələrdən sonra sinir sistemim pozulur. Bir dəfə bir xanım mənim müsahibəmin altında xoşagəlməz şərh yazmışdı, onun səhifəsinə daxil olanda, dəhşətə gəldim. O qədər əxlaqsız xanım idi ki, nəsə deməyə söz tapa bilmədim. Ona cavab verməyi özümə ayıb saydım.

- Yəni, Hacıbaba müəllimin ölümündən sonra sizi mənəvi cəhətdən incidiblər?

- Mənim üzümə nə isə deməyə heç kimin cürəti çatmaz. Elə xanım deyiləm ki, kiminsə sözünü götürüm, kiminsə sözünə göz yumum. Tanıyanlar xasiyyətimi bilir. Sözümün ağasıyam həmişə. Hacı ilə, ya mənimlə bağlı heç bir qadın, heç bir kişi cürət edib üzümə nəsə deyə bilməz. Bu, mənim şəxsi həyatımdır. Hacı ilə ailə quranda 18 yox, 28 yaşım vardı. Həyatı kifayət qədər dərk edirdim.

- Yeddi il birlikdə yaşadınız. Bu ailə həyatı sizə nə qazandırdı?

- Hacının yanında keçirdiyim zaman sanki bir universitet oxudum. Onun gedişi isə mənim üçün akademiya oldu. İnsanları tanıdım. Maskalar düşdü. Çox şey mənə dərs oldu. Hacının müavininin otağına girəndə, o, ayağa qalxırdı, məni qarşılayırdı, maşının qapısını açıb, örtürdü. O adam mənim yaddaşımda elə qalıb. Hacı öləndən bir həftə sonra bunları eləmədi. Amma mənim yadımda keçmiş adam kimi qaldı. İndən belə mənim qarşımda iməkləsə də, yadımda elə qaldı. Çox insanların vəfasını da gördüm. Bizimlə çörək kəsən adamların münasibəti bu günə qədər də dəyişmədi.

- Onlar kimlər idi?

- Fatma Mahmudovayla, Çingiz Əhmədovla bu gün də bir ailə kimiyik. Nahidə Orucova ilə də dostluğumuz davam edir. Hacının dostlarının çoxu dünyasını dəyişdi. Rəhmətlik Elçin Həmidovla bir ailə idik. İlham Namiq Kamalla da o cür. Xanım Qafarova, Lütfiyyə Səfərova dünyalarını dəyişdilər. Hansı birini deyim? İtkilərimiz çox oldu.

- Teatrda baş verənləri evə gətirirdi?

- Hacının iki evi vardı. Biri ev, o biri teatr. Bəzən düşünürdüm ki, onun ilk evi elə teatrdır. Teatra həftənin birinci günləri də gedirdi. Halbuki, birinci gün teatrların bazar günü hesab olunur. Biz saat on birdə evə gələndə də teatrın problemlərindən danışırdıq. Çünki dörd yüz nəfərlik teatrın rəhbəri idi. Yəni, teatr həm də bizim evimizin içərisindəydi. Mən adam içində ona tamaşa haqqında nə isə deməyi, fikirlərimi bildirməyi sevmirdim. Amma Hacı mənim fikirlərimə çox üstünlük verirdi və önəmli hesab edirdi.

- Məşhur insanın həyat yoldaşıyam, mən də irəli çıxım, şöhrətim artsın kimi fikirləriniz olub?

- Mənim nə o vaxt, nə də indi şöhrətə ehtiyacım olmayıb. Çünki nə müğənni, nə də aktrisayam. Reklam nəyimə lazımdır? Övladıma da eləcə. Əksinə, bütün bunlardan uzaq durmaq, yaddan çıxmaq istəyirəm.

- Niyə?

- İstəyirəm, hərə öz problemi ilə məşğul olsun. Hamının vəziyyəti o qədər yaxşı olsun ki, Arzu yaddan çıxsın.

- Qızı doğulanda çox xoşbəxt olmuşdu. Onun gələcəyi ilə bağlı nə düşünürdü?

- Bəli, çox xoşbəxt idi. Amma heç vaxt qızı ilə bağlı planlar qurmurdu. Deyirdi, Arzu, mən bilirəm, sən varsansa, hər şeyi edəcəksən. Övladımızın tək olmasını özü istədi. Dedi, mənim yaşım artıq o yaş deyil, iki uşaqla sənə çətin olar.

- Övladınız olurdu, istəmədi?

- Bəli. Qızımızla bağlı ən böyük arzusu bu idi; deyirdi, bircə qızımın əlindən tutub məktəbə aparsaydım, rahat olardım. O, qızımızın universitetə girməyi, toyu ilə bağlı arzular qurmurdu. Deyirdi, inşallah onları sən edərsən.

- O, elə deyəndə sizin reaksiyanız necə olurdu?

- İçimdə pis olurdum. Deyirdim, onu bilmək olmaz. Hərənin öz yazısı, qisməti var. Hacının nənəsi uzunömürlü olub. Anası da 95 yaşında dünyasını dəyişib. Deyirdi, anam kimi çox yaşayacam. Tale elə gətirdi, Şölənin iki yaşında dünyasını dəyişdi. İstəyirdi, onu həkim kimi görsün. Bir maraqlı məqamı da deyim, Hacı rəhmətə gedəndə, biz uzun müddət bunu qızım Şölədən gizlədik. İstəmirdim stress yaşasın.

- Necə gizlədirdiniz?

- Hacının təqaüdünü alanda, mən qızımı özümlə bərabər bankomata aparırdım. Bankomatın qarşısına çatanda ona deyirdim, papa zəng vurub, sənin üçün pul göndərib. Onunla bərabər pulu ordan çıxarırdım və həmin pulu ancaq ona xərcləyirdim. İki, üç yaşından bu günə qədər mən Hacının təqaüdünü ancaq Şöləyə xərcləmişəm.

- Mən bilən, Hacıbaba müəllimin öz həyatı da çətin keçib. Bu barədə sizə nə danışırdı?

- Onun çətin gəncliyi olub. Haqlısınız. Gənc olanda atası dünyasını dəyişib. Əsgərlikdə olanda ailə qurub, ailəsində xəyanət olub. İndi istəmirəm dünyasını dəyişən insanlar haqqında nə isə xoş olmayan sözlər danışım. Amma bilirəm ki, Hacı çox ailəcanlı insan olub. Onun keçmiş xanımları deyə bilməzlər ki, zibili mən atmışam, evə çörəyi mən almışam. Bir kişi evinə çay dəsmalı almır, amma Hacı alırdı. O, hər şeyi mənimlə bölüşürdü. Həmişə deyirdi ki, mən kartof qabığı da yemişəm. Heç vaxt hardan gəldiyini unutmurdu. Ona görə, kasıblara, sənətə, teatra yeni gələnlərə diqqət göstərirdi. Rollarını da hamı ilə bölüşürdü. Bir dəfə Elçin Həmidov dedi, Hacı məni çağırıb öz rolunu mənə verəndə, elə bildim, məni dolayır. Biləndə ki, o, bunu səmimi edir, Elçinin gözləri dolmuşdu. Çox zövqlə geyinməyi sevirdi. Sonuncu puluna yeni kostyum alırdısa, bir ay əvvəl aldığını dərhal ehtiyacı olana verirdi.

- Siyavuş Aslanla dostluğu və sonradan pozulan münasibətləri son illər mətbuatda çox hallandı.

- Onlar olmasaydı, mətbuat nə ilə qazanacaqdı? Nədən, kimdən yazacaqdı? Yazılası, maraqlı gələsi kim vardı? İnsanlar bu məsələni şişirtmişdi. İşdə insanlar bir-birindən küsüb, bir həftə sonra da barışırlar, amma bu, heç kimə maraqlı deyil. Onlar maraqlı insan olduqlarından dillərə dastan oldular. Hacıbaba son dəqiqəsinə qədər Siyavuşla telefonla danışırdı. Siyavuş küftə-bozbaşı sevirdi. Mənim anam o xörəkdən onun üçün bişirib sürücüdən Siyavuşun evinə yollayırdı. Həmin ərəfədə belə jurnalistlər yazırdı ki, Hacıbaba Siyavuşla danışmır, küsülüdür. Yəni, mən ailəli olduğum zamanlar onlar düşmən deyildi. Hətta, Siyavuş iki dəfə teatra da gəlmişdi. Hacıbaba Siyavuşla nəyi bölüşəcəkdi? O, teatrın müdiri və bədii rəhbəri idi. Aktyor üçün bundan böyük nə ola bilərdi? Məşədi İbad hər bir azərbaycanlı aktyorun ifa etmək istədiyi rol olub, Hacı onu ifa edib. Şöhrət ordeni hamıdan əvvəl ona verilib. Xalq artisti adını əvvəl Hacıbabaya veriblər, sonra Siyavuş müəllimə. Yəni, Hacı nəyin və kimin paxıllığını edə bilərdi axı.

- Ümumiyyətlə, dostları kimlər idi?

- Onun çox dostları yox idi. Restoranları, kafeləri gəzməyi sevmirdi. Biz dostlarımızla da ancaq evdə oturmuşuq. Onlar da daha çox teatrın işçiləri idi. Teatra kabinetinə İlham, Elçin, Nazim Hacıbəyov, Emin Sabitoğlu, Vahid Əziz, Faiq Sücəddinov... Hacı, ümumiyyətlə, evə adam buraxan deyildi. Evdə çox məclis qurmağı da sevməzdi. Xoşlamırdı evinə çox adam gəlib-getsin. Deyirdi, ailə ailədir. Evdə biz rahat olmalıyıq.

Söhbətimizin bu yerində Hacıbaba Bağırovun qızı Şölə xanım gəlir. Anasının istəyi ilə çəkinə-çəkinə bizimlə birgə əyləşir. Arzu xanım deyir, məktəbdə də, yaxın çevrəsində də heç kim bilmir ki, Şölə Hacıbabanın qızıdır. Yəni, o, bunu reklam etməyi xoşlamır. Şöləyə ilk sualımı verirəm

- Atan yadına gəlir?

- Yox. Mən onda çox balaca olmuşam. Anam bizim hər gün evdə ya şəkillərimizi, ya da videolarımızı çəkib. Onlara baxanda, əlbəttə, bir ata obrazı formalaşır. Həm də axı anam onun haqqında çox danışır. Demək olar, ən maraqlı xatirələrini mənimlə bölüşür. Anam deyir, atam məni dəhşətli dərəcədə çox sevib.

Arzu xanım söhbətə qoşulur

- Həmişə deyirdi, allah mənə bu ailə xoşbəxtliyini çox görməsin. Hər gecə yatanda allaha şükür edib, ona yalvarırdı. Ondan sonra kəlmeyi-şəhadətini deyirdi. Allaha bağlı olan, Allah qorxusu ilə yaşayan insan idi. Çörək qırıntılarını belə yerə tökməzdi.

- Onsuz həyata necə öyrəşdiniz?

- Çox çətin oldu. Hər səhər bir qadın yuxudan oyananda görür ki, evə nə lazımdırsa - isti təndir çörəyinə qədər hər şey alınıb. Bir dəqiqənin içində hər şey uçuruma yuvarlanır. Hacının ölümü həm gözlənilməz, həm də çox tez oldu. Göz açmağa imkan tapmadım. O, dünyasını dəyişəndə bir gündə bizə 600 nəfər adam gəlmişdi. Xanımlığa öyrəşmiş Arzunun üzərinə hər şey birdən-birə gəldi. Həmin ərəfədə yadımda qalan çox pis bir xatirə oldu ki, bu günə qədər də unuda bilməmişəm.

- Hansı xatirə idi?

- Bilirsiniz ki, Hacının teatrdan xidməti maşını olub. Mənim də şəxsi maşınım vardı. Hacı onu sürməyə mənə icazə vermirdi. Hacının birinci cümə axşamında teatra zəng vurdum. Onun birinci müavini mənə dedi ki, maşın mənə lazımdır, nazirliyə gedirəm. Maşını mənə məclisdə istifadə etmək üçün vermədilər. Bundan sonra ilk dəfə oturdum öz maşınıma, getdim şirniyyat dükanına ki, məclis üçün sifariş etdiyim şirniyyatları alım. İlk dəfə idi maşın sürürdüm. Evə qayıdana qədər anam eyvanda dayanıb məni gözlədi. İndi müsahibəni oxuyub, deyə bilərlər ki, ərköyün bir qadının dediyi sözlərdi, nə olsun, maşına minib harasa gedib. Mən ərköyün də olmuşam, amma evimin işlərini də görmüşəm. Evimi təmir də etdirmişəm. Yanımda isə dağ boyda bir kişi, bütün bağlı qapıları açan Hacı vardı. O bir kəlməsi ilə hər şeyi həll edirdi. Öləndə isə mən tək qaldım.

- Adına görə kömək etmirdilər sizə?

- Mən heç vaxt onun adı ilə nə isə qazanmamışam. Hacının adından mənə gələn onun üçün oxunan rəhmətdir. Onda elə bilirəm, kimsə mənim övladımın başına tac qoyur. Qızımla hər cümə axşamı düz beş il yağış, qar, külək, isti demədən onun məzarını ziyarətə getmişəm. Mənim qızım, demək olar, Fəxri Xiyabanda böyüyüb.

Şölədən xəbər alıram.

- Yadınıza gəlir?

- Əlbəttə. Çünki ora bizim az qala gəzinti yerimizə çevrilmişdi.

- Arzu xanım, ora gedəndə sakitlik tapırdınız?

- Çox. Cümə axşamlarından əlavə, həm də 8 Martda, ad günlərində də ora gedirdim.

- Aradan 15 il keçib, amma siz sanki yenə də o xatirələrlə yaşayırsınız. Hətta bu xatirələr sizi yaşadır...

- Hacı mənə o qədər böyük sevgi yaşadıb ki, mən hələ də o sevgi ilə, o xatirələrlə yaşayıram. Mən Hacıdan sonra onun yerinə heç kimi qoya bilmədim. Qoya da bilmərəm. İnanmıram. Yenə də həyatdır, deyə bilmərəm ki, heç nə olmaz. Amma mən Hacıdan sonra həyatımı övladıma bağladım. Onunla bir yatıb, bir durdum.

- Ümumiyyətlə, Hacıbaba müəllimdən sonra sizinlə ailə qurmaq istəyən oldu?

- Oldu. Bir neçə nəfər mənə evlilik təklif etdi. Hətta, onların içərisində Hacının dostu da vardı. Daha doğrusu, dost deyildi. Ona yaxın dost demək olmazdı. Amma "salam, sağ ol”ları vardı. Onun da xanımı dünyasını dəyişəndən sonra övladlarının vasitəsi ilə mənə xəbər göndərmişdi. Mən "yox” cavabı verdim.

- Hacıbaba müəllimin ölümündən nə qədər vaxt keçmişdi?

- Bir neçə il. Mən indi-indi özümə gəlirəm. Hacının ölümündən sonra səkkiz ili çox ağır keçirmişəm. Hətta, övladımın, anamın yanında belə ağlamırdım. Onlar deyə bilməzlər ki, məni ağlayan görüblər.

- Amma təklikdə ağlayırdınız...

- Hə. Gedirdim, qarajda ağlayırdım. Maşında oturub çox rahatca ürəyimi boşaldırdım. Sonra rahatlaşıb qayıdırdım.

- Ən çox nəyə ağlayırdınız?

- Acıma... Bu gün də mənim üçün çox çətindir (kövrəlir)...

- Sizi nə ilə bu qədər güclü ovsunlamışdı?

- Sevgi ilə. O ovsunun adı sevgi idi. Bir quru canı vardı, teatrda qalırdı. Məni sevgidən başqa nə ilə ovsunlaya bilərdi?

- Teatrda qalanda ona ürəyiniz çox yanırdı?

- Çox, lap çox. Hətta, biz onunla yeni tanış olanda, adamların ona söz atması, altdan-altdan onu təkləmələri, onu idarə etmək istəməsi mənə toxunurdu.

- Siz həm də onu həmin insanların əlindən aldınız...

- Mən həmin adamlara Hacını idarə etmək, onu təkləmək imkanını vermədim. Təvazökarlıqdan uzaq olsa da, qadın kimi mən ağıllı qadınam. Biz kirayədə qalanda, bir gecə saat üçdə yuxudan ayıldım, gördüm, yerində yoxdur. Baxdım, başqa otaqda oturub siqaret çəkir və ağlayır. Onu elə görəndə çox pis oldum. Dedim, sənə nə olub? Dedi, bu yaşda evsiz-eşiksiz qalmağın nə demək olduğunu bilməzsən. Ona təsəlli verdim, hətta, xaricilərdən misal gətirdim ki, nə qədər böyük insanlar kirayələrdə qalır. Ona dedim, narahat olma, mən çox ruziliyəm, bizim bir yox, bir neçə evimiz olacaq. Mənə dedi, kaş sənin dediyin olaydı. İki həftədən sonra bizə ev verdilər.

- Uşağınızın böyüməsi, ananızın yanınızda olması sizin qadın kimi ağrınızı səngitmir?

- Mən qadın kimi xoşbəxt deyiləm. Ana kimi, övlad kimi xoşbəxtəm. Anama sual verirəm, deyirəm, bir istəyin varmı ki, mən onu etməmişəm? Deyir, yox. Onun bütün arzularını yerinə yetirmişəm, amma qadın xoşbəxtliyim yoxdur.

- Qızınız hansı xüsusiyyəti ilə atasına bənzəyir?

- Bütün xüsusiyyətləri ilə. Məndən onda heç nə yoxdur (gülür). Onun atasının ad günü ilə bir gün fərqləri var. Süni yolla doğulmasaydı, o, atası ilə bir gündə olacaqdı.

- Hacıbaba müəllimin xəstəliyi necə başlandı?

- Biz heç nəyə hazır deyildik. Hacının xəstəliyi çox tez başlandı. Hacının ağrıları qəfildən belindən başlayıb, ayağına keçdi. Həkimlərin hərəsi bir diaqnoz qoyurdu. Ona elə dərmanlar yazmışdılar ki, 60 yaşdan sonra qəbul etmək olmazdı. Dərmanların doza həddi aşılmışdı. Nəticədə, Hacıda həzm orqanlarında qanaxma başladı. Onkoloji xəstəxanada dünyasını dəyişdi. Onun xəstəliyinin nə olduğunu tapa bilmədilər. Qəfil qanaxma başlandı, Hacı bir neçə saatın içində dünyasını dəyişdi.

- Ölümü ağlınıza gəlmirdi?

- Düşünürdüm ki, heç olmasa bir neçə il yaşayacaq. Səhhətinə, gündəlik yaşayış tərzinə çox diqqət göstərirdik.

- Dünyasını dəyişəndə yanında idiniz?

- Bəli. Son üç gün onun yanından ayrılmadım. Məndən kisel istədi. Evə gəldim, əynimi dəyişim. Üç gün idi ki, eyni libasdaydım. Evə çatan kimi Novruz Qartal zəng vurub dedi, Hacı deyir, Arzunu mənə çatdırın. Son məqamda onun əli əlimdə idi. Son dəfə gözlərini yummazdan əvvəl mənə dedilər, onun son dəqiqələridir. O, ancaq bu sözləri deyirdi: "Arzunu mənə verin!” Artıq mənə demişdilər, heç nə etmək mümkün deyil, qanaxma dayanmır və onun ölümünə az qalıb. Onda dedim, övladları gəlsinlər, onu görsünlər. Bilirsiniz, onun xaricdə oğlu var. Onlar bir neçə dəfə mənim təşəbbüsümlə görüşmüşdülər. Övladlarına xəbər vermək mənim yalnız Hacının yox, Allahın qarşısında da borcum idi. Yoxsa, özümü rahat hiss etməzdim. Dedim, Şöləni də gətirin. Dedi, istəmirəm məni bu vəziyyətdə görsün. Ondan əvvəl də anam qızımızı gətirəndə, Hacı dedi, onu bir də gətirməyin, özüm evə qayıdacam.

- Oğlu ilə əlaqə qura bildiniz?

- Hə. Zəng vurdum, ona dedim, atanın son nəfəsidir, danışa bilmir, sən danış, səsini eşidəcək. Dəstəyi qoydum Hacının qulağına. O, atası ilə danışdı, Hacı da, "hə”, "hə”, deyirdi.

- Son sözü, vəsiyyəti nə oldu?

Son sözü qızımızla bağlı bir kəlmə oldu. Dedi: "Balam yetim qaldı”. Və gözlərini yumdu. Bu, onun son kəlməsi oldu. Ona ürək-dirək verdim. Dedim, onun sənin kimi atası, mənim kimi anası var, heç vaxt yetim qala bilməz, bundan əmin ol. Amma o, gözlərini açmadı. Həkim mənə dedi, gözlərini açmayacaq. Amma əli əlimdə idi. Əlimi buraxmırdı. Sıxmışdı. Əllərini öpdüm. Yalvardım ona, dedim, əgər məni sevirsənsə, gözlərini aç, gözlərini görmək istəyirəm. Bütün gücü ilə gözlərini açdı, mənə baxdı və təzədən yumdu və bir daha açmadı. Amma mənim xahişimi yerinə yetirdi.
X
XƏBƏRLƏR
BLOGLAR