Keçmiş nəqliyyat naziri Ziya Məmmədovla iş adamı, "Hafka” ləqəbli Hafiz Məmmədov arasında maliyyə çəkişmələri davam edir.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət öncə Z.Məmmədovun oğlu Anar Məmmədova məxsus "Delfin” otelin təsisçisi olan "Delfin” MMC məhkəməyə müraciət edib.
MMC 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində "Hafka”nın "Bakı” Futbol Klubuna qarşı iddia qaldırıb. Klubun bazası otelə bitişik sahədə yerləşir və həmin sahə sabiq nazirin ailəsinə məxsus olub. A.Məmmədov klubun onların xüsusi mülkiyyətində olan sahədən çıxarılmasını tələb edib. "Hafka”nın klubu da qarşılıqlı iddia verərək həmin torpaq sahəsi üçün ödədiyi pulun geri qaytarılmasını istəyib.
Məhkəmə "Delfin”in iddiasını təmin edərək klubun həmin ərazini tərk etməsinə qərar verib. "Hafka”nın iddiası isə rədd olunub və ona hər hansı məbləğdə pulun ödənilməsi nəzərdə tutulmayıb.
Bundan sonra "Bakı” FK yuxarı instansiya məhkəməsinə müraciət edərək qətnamədən şikayət edib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Valeh Ağayevin icraatında baxılıb. Bu dəfə də qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, bir ay öncə "Bakı”nın 11 hektarlıq ərazisi 15 milyon manata satışa çıxarılıb.
Şərhlər