Xəbər lenti

Hüseynbala Səlimov
Ölkə 16:46 19.03.2018

Halalıstan və ya bizdə halallıq məsələsi necə çözülür?

Hüseynbala Səlimov

Bir-iki günün söhbətidi. Telekanalların birində kolbasalara yapışdırılan hallalıq etiketilə bağlı danışırdılar. Blirisinizmi, hər dinin öz yasaqları və buyruqları var. Mən də durub onlara qarşı inqilab etmək və yaxud da ki, onları fanatik tərzdə müdafiə etmək fikrində deyiləm, çünki bu, bir inanc  məsələsidi və şükr ki, bizim ölkədə hələ inanclarla bağlı siyasi buyruqlar yoxdur.

Amma dediyim süjeti seyr edə-edə bir fikir keçdi ağlımdan, istədim, durum həmin verilişə zəng edim ki, ay mənim motal papaq qardaşlarım, axı siz nə qoyub, nə axtarısınız, kaş, elə biz müsəlmanların da gördüyü ən böyük haram iş donuz əti yemək olaydı.

Amma təbii ki, heç yerimdən qalxmadım, nə zəng etdim, nə də əlimə bir tranporant götürüb həmin telekanalın ofisinin qabağına getdim.

Əvəzində özümün bu yaxınlarda şahidi olduğum kiçik və bəlkə də çoxuna əhəmiyyətsiz görənə biləcək bir detalı xatırladım. Meyvə köşkü önündə məndən qabaqda olan bir qadın bir çərəzdən cəmi 300 qram istədi. Satıcı ovucuna bir az çərəz alıb torbaya tökdü və az qala, jonqlyor cəldliyilə onu tərəzinin üstünə atıb elə göydə də tutdu və qadına uzatdı. 

Qadın da çərəzi əlində azca atıb-tutandan sonra təəccüblə satıcıdan soruşdu ki, məgər 300 qramdır? Satıcı qayıtdı ki, bəli, elədi, ola bilsin, bir az əskikdir. Bunu eşidən qadın çərəzi satıcının üstünə tullayıb deyinə - deyinə oradan uzaqlaşdı...

Mən də nəsə almaq fikrindən vaz keçdim. Amma satıcıya heç nə demədim, çünki mənası yoxdur. Fəqət,  soruşardım ki, niyə görə satdığın şey mütləq bir az əskik olmalıdır? Məgər görmürsənmi qadının ondan vur–tut 300 qram almağa gücü çatır və sən də həmin 300 qramdan bir az da kəsirsən? İnsafın və ya mürəvətin yoxdurmu? Bəs hallallıq - haramlıq harada qaldı?..

Amma bir daha deyirəm ki, bunu ürəyimdə dedim, çünki neçə illərdir,  cəmiyyət olaraq irad və etrirazlarımızı yalnız ürəklərimizdə bildirməyə məcburuq, aşikarda yalnız və yalnız tərif demək olur. 

Məsələn, demək lazımdır ki, gör bir, necə cənnət ölkədə yaşayırıq, yay-qış bilinmir, fərqi yoxdur, nə desən, hansı meyvədən desən, tapmaq olur! Amma məsələnin o biri tərəfini yalnız ürəyimizdə deyirik. Ürəkdə asıb - kəsirik ki, əşi, 700 manata da heç alça olar?.. 

A kişilər, bir alça on manatadır və bizim əksəriyyətimizin aylıq maaşı haradasa, yarım kilo alça almağa bəs edir! Heç belə də iş olarmı? Amma  bunları aşikarda demirik, səsimizi çıxartmırıq, sadəcə, ürəyimizə salırıq və ürəklərimiz də bir gün yolda yeridiyimiz yerdəcə "Stop!” deyir. Sonra da gileylənirik ki, ürək-damar xəstəlikləri niyə belə çoxalıbdır?

Qərəz, hali-vəziyyətimiz, bəlkə də milli qəziyyəmiz budur. Bizlər də durub baş sındırırıq ki, kişi, kolbasanın üstünə "halal” etiketi yapışdırılsın, yoxsa ki, buna ehtiyac yoxdur? Heç bir deyən yoxdur ki, istər halal olsun, istərsə də qeyri–halal, yediyimiz "milli kolbasa”ların içində nə taraz donuz əti var, nə də başqa bir ət – Allah bilir, nədən və ya necə hazırlayırlar?!.

Amma bunları hamımız əlbəttə ürəyimizdə deyirik, çünki biz halal millətik. Elə bil özümüzünkü olmayan hər şeyi talamağı, özümüz üçün nəzərdə tutulmayan hər şeyə haram qatmağı da, bir manata aldığımız hər şeyi yüz manata satmağı da elə Allah bizə buyurub!

Amma qurbanı olduğumuz Tanrı bizə yalnız bir daha adını çəkmək belə istəmədiyim o murdar heyvanın ətini haram buyurub! 

Biz də onun ətini yeməməklə və gündə üç-dörd dəfə namaz qlımaqla elə bilirik ki, dünyanın ən halal insanlarıyıq... 

Amma əsl hallallıq tamam-kamal  başqa şeydi, əzizlərim. Dünyanın ən idbar ölkəsi olan zəhləm getmiş Ermənistanda belə yetmişddən çox rəsmi-qanuni milyonçu var. Amma biz də biri də yoxdur, axı, biz halal millətik, heç o qədər pulu halal yolla qazanmaq olarmı? Fəqət, gəl, elə ki, hansısa naziri və ya yüksək çinli məmuru vəzifəsindən azacıq tərpədirlər, elə ədədlər çıxır ortaya ki, murdar ermənilərin ən varlılarının belə hətta yuxusuna da girmir onlar.

Bəli, biz belə millətik, halal-saf millət. Dünyasında donuz əti-filan yemərik, yalnız buyurulmuş qoyundan, danadan və yaxud da dəvədən dadarıq. 
Düzdür, bəzən bunların əvəzinə biri-birimizə nəinki at, hətta eşşək əti də sıryırıq, amma probelm deyil bu – hamının səhvi olur... 

Əsas odur, o murdar heyvanın ətindən dadmayasan. Əsas odur ki, bir əliəyrilik və ya haram görəndə "Dəvə nədir? Heç tükünü də görmədim!” deyəsən. Axı biz halal bir millətik, ev yıxmaq, müsəlman qardaşın halal oğurluğna, fırıldaqçılığına bais olmaq bizə qəti yaraşmaz...

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?