Məmməd SÜLEYMANOV
Sənət 15:36 19.11.2019

Hamımızın əvəzinə qışqıran Munk...

Məmməd Süleymanov

Kütləvi qətllər erasının əyani simvolunu seçmək istəsəz, o simvol Edvard Munkun "Qışqırığı”dır. Bir fərdin qışqırığı. Və o fərd hər birimizik.

"Uçuruma baxanda unutma: uçurum da sənə baxır” - Nitsşe yazırdı. Ensiz körpüdən keçən, bir yoxluqdan digər yoxluğa aparan yolun ortasında dayanıb sağ və solundakı boşluqdan dəhşətə gələn fərdin harayı gündəlik həyatdır. Və mövcudluq yəqin ki elə budur.

Bu rəsmin interpretasiyasına nə qədər enerji sərf etdilər, nə qədər "mütəxəssis” ağıllı görünməyə və nüfuz qazanmağa çalışdı. Bütün o cəhdlər əslində nəticə etibarilə rəsmin yaranmasına təsadüfi xarakter verməyə hesablanıb. Guya ki, ekspressionizmin bu ikonası ona görə ərsəyə gəlib ki, İndoneziyada püskürən Krakatau vulkanının qırmızı tozu Skandinaviyaya qədər çatıbmış. Yaxud, ola bilsin, Munk lap yaxınlarda Parisdə ümumdünya sərgisində gördüyü Peru şahzadəsinin mumiyasını təsvir edib. Yəni, təsadüflər. Və heç veclərinə də deyil ki, hər şey sırf epizodik olsaydı, rəssam əsərin 4 variantını yaratmazdı və mövzuya ömrünün 17 ilini həsr etməzdi.

"Munk burada gələcək Dünya müharibəsinin dəhşətlərini öncədən görüb” - daha bir əfəl izah. Rəssamı görücüyə çevirmək istəyi.

Və ya onun bioqrafı Syu Prido qeyd edir: rəsmin çəkildiyi Ekberq qəsəbəsinin yaxınlığında həm sallaqxana, həm də psixiatrik klinika vardı (bu sonuncuda Munkun kiçik bacısı Laura saxlanılırdı). "Kəsilən heyvanların qışqırtısı xəstələrin naləsinə qarışaraq dözülməz olurdu”, - Prido yazır. Yəni, yaxınlıqda o müəssisələr yerləşməyəydi - "Qışqırıq” da çəkilməzdi.

Beləmi? Çətin ki. Munk bütün əvvəlki bioqrafiyası ilə "Qışqırığ”a doğru yol gəlirdi. Əsərin sirri şəxsi həyatdadır, onun ziddiyyətlərində və ümidsizliyindədir (Yeri gəlmişkən, Munk əvvəlcə rəsmi "Ümidsizlik” adlandırmışdı).

"Xəstəlik, dəlilik və ölüm - bu qara mələklər mənim beşiyimin keşiyində dayanmış və məni ömrüm boyu müşayiət etmişdilər” - Munk özü haqqında yazıb. Baxaq o "qara mələklər”ə.
 


Edvardın 10 yaşı olanda anası vəfat edir. Ardınca böyük bacısı Sofiya vərəmdən can verir (onun ölümünə Munkun ilk sərgi əsəri - "Xəstə qız” rəsmi həsr olunub). Ata ifrat dindardır və Edvard təsdiqləyir ki, uşaq olanda tez-tez yuxularında gördüyü cəhənnəm təsvirlərinin dəhşətinə hövlnak oyanırdı. "Atamın möminliyi psixonevroz səviyyəsində idi” - o, qeyd edir. Bacısı can verərkən əllərini açaraq dala-qabağa hərəkət edən atasının gücsüzlüyündən yazır.

Ardınca balaca bacısı Lauraya şizofreniya diqnozu qoyulur. Artıq gənc yaşlarında Edvardda da psixi xəstəlik əlamətləri özünü göstərməyə başlayır. Gah ölüm qorxusu, gah başqaları tərəfindən təhlükələr gündəlik həyatının leytmotivi olur. Sonra buraya Tulla Larsenlə ifrat emosional və sanki qarşılıqlı məhvə hesablanmış sevgi tarixçəsi qoşulur. Bu qadının Edvardın həyatında sarsıdıcı həlledici rolunu kiçiltmək olmaz - o, xəstə qısqanclığı ilə dəfələrlə intihara cəhd edir, bir dəfə isə Munk onun əlindən tapançanı alarkən özünü yaralayır. Olsun ki, o münasibətlər böyük sevgi idi, ancaq nə qədər çox davam edərsə, hər iki tərəfi məzara sürükləyəcəkdi. Sonunda onlar ayrılırlar.

Bu ağır ekzistensial yükün sublimasiyası kimi "Qışqırıq” yaranmalıydı - yoxsa ki bu ağırlığın altında həm fiziki, həm də psixi cəhətdən zəif, sarsılmış vücud nə nədər davam gətirə bilərdi?! Hələ bilmək olmaz - bəlkə də "Qışqırıq”la Munk özünü xilas etdi.

İlk variantın çəkilmə tarixçəsini 22 yanvar 1892-ci ildə gündəliyinə etdiyi qeyddə özü bu cür xatırlayır: "İki yoldaşımla birlikdə cığırla gedirdik. Günəş artıq batırdı. Gözlənilmədən səma qanlı-qırmızı rəng aldı, mən taqətsizlik hiss edib dayandım və divara söykəndim - boz-qara fyordun və şəhərin üzərindəki qana və alov dilimlərinə baxdım - dostlarım yollarına davam etdilər, mən isə həyəcandan titrəyərək, təbiəti dəlib keçən sonsuz qışqırıq hiss edərək donub qaldım".

Bu, həqiqət anıdır, katarsisdir, xilasdır. Qışqırığın universallığı və totallığı fərdi nə dərəcədə dəhşətə gətirirsə, o qədər də tədricən harmoniyanı bərpa etməyə təkan ola bilir - nə ki totaldır, deməli, təkcə mənim qismətim deyil. Sadəcə, başqaları bu harayı eşitmədən,bu sonsuz dəhşəti görməzlikdən gələrək mövcud ola bilirlərsə, Munk bunu az qala fiziki olaraq hiss edir. Fərq bundadır.

Onun qışqıran obrazı indifferent olduğu qədər də primitivdir (Halbuki ilk variantda Munk özünü təsvir etmişdi). O cinssiz fiqurda skelet də görürlər, hətta spermatozoid də. Olsun - hər kəsə özününkü. Munkun o fiquru isə bəşər övladının ümumiləşmiş obrazıdır. Məntiqdən məhrum dünyanın vəhşətlərinin və dəhşətlərinin ortasında naəlac qalan fərdin naləsidir. 

O - hər birimizik və dünya hamımızın qışqırtısı ilə dolub...