"Harvard"da ermənistanlı naziri suallarımızla susdurduq" - SOCAR-ın təqaüd proqramının məzunu

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) uzun illərdir Azərbaycanda çoxsaylı sosial layihələr həyata keçirir. Bura şirkətin 2006-cı ildən indiyədək icra etdiyi Xarici Təqaüd Proqramı da daxildir. Həmin proqramın məzunlarından biri SOCAR-ın Strateji İnkişaf Şöbəsinin rəisi Samir Qurbanovdur.

Qaynarinfo finans.az-a istinadən onun uğur hekayəsini elə öz dilindən təqdim edir.

"Bu proqrama kimi xaricdə təhsil mənim üçün dünən yaranan bir həvəs deyildi. Mən bundan öncə də xaricdə təhsil almışam. Bu, Böyük Britaniya hökumətinin xətti ilə olub. Hətta ayrı-ayrı dövrlərdə ABŞ hökumətinin xətti ilə də kurslarda olmuşdum. Sadəcə olaraq, daim öz üzərimdə işləmək, peşəkar kimi inkişaf etmək hər zaman həyat hədəfim olub. Buna görə də əvvəl hüquq sahəsində Britaniya hökumətinin xətti ilə həmin ölkənin aparıcı universtitetlərindən biri olan "Univercity of London”da maliyyə hüququ ixtisası üzrə təhsil aldım. Müəyyən müddət keçəndən sonra anladım ki, biznesin idarəçiliyi sahəsində daha geniş perspektivlər açılmaqdadır. Çünki bu sahədə peşəkar top-menecerlər ölkədə azdır və onlara hər zaman ehtiyac var. Ona görə bu sahəyə daha çox diqqət ayırmağa başladım. SOCAR-ın Xarici Təqaüd Proqramı haqqında hələ 2012-ci ildə bu şirkətin hüquq idarəsində işə başladığım dövrdən xəbərdar idim. Zamanı yetişdiyində isə proqramın imkanlarından yararlanmaq üçün komissiyaya müraciət etdim və müsbət cavab alaraq SOCAR-ın xətti ilə xaricdə təhsil almağa getdim. Təhsilimi MBA proqramı üzrə 2017-2018-ci illərdə ABŞ-da yerləşən və dünyanın ən yaxşı biznes unversitetlərinin ilk beşliyində qərarlaşan Masaçusets Texnologiya İnstitutunda davam etdirdim.

Xaricdə yaşadıqca görürsən ki, oradakılar Azərbaycan haqqında yetərincə məlumatlı deyillər. Bu proqramın vacib məqamlarından biri isə ondan ibarətdir ki, xaricdə təhsil alan tələbələr oxuduqları universitetlərdə SOCAR-ın maddi və mənəvi dəstəyi ilə "Azərbaycan günü” təşkil edirlər. Bu tədbir çərçivəsində isə milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz təbliğ edilir, Azərbaycan həqiqətləri dünyaya çatdırılırdı.

Son qeyd etdiyim məqamla bağlı bir hadisəyə toxunmaq istəyirəm. Həmin dövr Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Harvard Hüquq Məktəbinə gəlmişdi. Harvardda tələbə olan digər həmyerlimizlə birgə o tədbirə getdim və suallarımızla həmin şəxsi susdurduq. O zaman Azərbaycanın aparıcı dövlət media qurumları bu hadisəyə diqqət ayırmışdılar. Bunu demək də məqsədim odur ki, xaricdə oxuyan hər bir azərbaycanlının vətənpərvərlik borcudur ki, olduğu yerdə ölkəmizi təbliğ etsin və millətimiz haqqında müsbət imicin formalaşmasına öz töhfəsini versin. Çünki digər millətlərin hörmət və sevgisini qazanmaq istəyən ilk növbədə öz millətini sevməli və ona hörmətlə yanaşmalıdır.

"Bu gün dövlətin kadr siyasətinin əsas fokusu ən yaxşı kadrları işlə təmin edib onlara perspektivlər açmağa yönəldiyindən, dövlət hər hansı bir sahənin təkmilləşdirilməsi istiqamətində bu cür gənclərin konstruktiv təkliflərinə daim açıqdır. Günümüzün gəncləri dövlət tərəfindən heç zaman olmadığı qədər böyük dəstək alırlar. Bu mənada onlar belə bir zamanda yaşadıqları üçün çox şanslıdırlar”
 

Xaricdə aldığım biliklər praktik olaraq hər zaman gərəkli olub. Bundan əvvəl maliyyə hüququ sahəsində təhsil alandan sonra vətənə qayıdanda da həmin biliklərimi uğurlu şəkildə bank sistemində tətbiq edə bildim. İndi də idarəçilik sahəsində əldə etdiyim peşəkar vərdişlər iş prosesində geniş şəkildə tətbiq edirəm. Onların sayəsində böyük layihələrin icrası zamanı öz töhfəmi verə bilirəm. Digər tərəfdən, həmin biliklər köhnəlməsin və hər zaman günün tələblərinə cavab versin deyə əldə etdiklərimlə kifayətlənməyərək daim üzərimdə işləyirəm. Bu gün başqa təşkilatlarla müqayisədə SOCAR-da bu biliklərin tətbiq edilməsi üçün geniş imkanlar var. Çünki şirkət daim böyüməkdə olduğundan hər zaman yüksək ixtisaslı, peşəkar kadrlara ehtiyacı duyulur. Bu mənada özümü çox xoşbəxt hesab edirəm ki, geri dondükdən sonra əldə etdiyim bilikləri bu sahədə geniş şəkildə tətbiq etmək imkanına sahibəm.

Dövlətin xaricdə təhsil alıb qayıdan gənclərə dəstəyi məsələsinə toxunaraq bir məqamı xüsusi vurğulamaq istəyirəm. SOCAR-ın timsalında dövlət hər hansı bir gənci oxumağa yollayırsa artıq bununla həmin gənclərə öz ilkin dəstəyini vermiş olur. Şəxsi qənaətimə görə gəncin ölkəyə qayıdıb heç bir təklif irəli sürmədən oturub dövlətdən dəstək gözləməsi düzgün yanaşma deyil. Oturub gözləmək yerinə ağıllı təkliflərlə çıxış edərək, özləri həmin qapıları döyərək daim dövlətə, ictimayətə dəstək olmağa çalışmalıdır. Bu gün dövlətin kadr siyasətinin əsas fokusu ən yaxşı kadrları işlə təmin edib onlara perspektivlər açmağa yönəldiyindən, dövlət hər hansı bir sahənin təkmilləşdirilməsi istiqamətində bu cür gənclərin konstruktiv təkliflərinə daim açıqdır. Günümüzün gəncləri dövlət tərəfindən heç zaman olmadığı qədər böyük dəstək alırlar. Bu mənada onlar belə bir zamanda yaşadıqları üçün çox şanslıdırlar.

SOCAR-ın Xarici Təqaüd Proqramının bu gün üçün uğur göstəricisi illərdir davam etməsində və ondan minə yaxın gəncin yararlanmasındadır. Proqramın uğurla reallaşdırılması ilk növbədə, başda ölkənin ali rəhbərliyi olmaqla şirkətin rəhbərliyinin effektiv idarəçiliyinin və praqmatik yanaşmasının məntiqi nəticəsidir. SOCAR bu tip layihələrlə nəinki neft qaz səhəsində lider olduğunu, həmçinin sosial bir misiyanın daşıyıcı olduğunu da ortaya qoymuş olur. Bu proqramın Azərbaycan iqtisadiyyatı üçün yüksək peşəkarlıq səviyyəsinə malik kadrların yetişdirilməsində, gələcəyin kadr bankının yaradılmasında rolu danılmazdır. Bu gün SOCAR-ın özündə dünyanın bir çox aparıcı ali təhsil ocaqlarında təhsil almış çoxsaylı yüksək ixtisaslı kadrlar fəaliyyət göstərir. Şirkət bu cür gənclərin ölkədə və cəmiyyətdə layiqli yerini tutmaları yönündə daim dəstəyini əsirgəmir".
XƏBƏRLƏR
BLOGLAR