Ölkə 13:13 24.02.2021

Hava şəraiti ilə əlaqədar 51 işçi Neft Daşlarına köçürülüb (AÇIQLAMA)

Bəzi platforma və meydançalardan 51 işçi Neft Daşlarına köçürülüb.

Bu barədə HİT.Az-a SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov açıqlama verib. O bildirib ki, hazırda nəqliyyat ümumiyyətlə dayandırılıb, bütün təhlükəsizlik tədbirləri gücləndirilib:

"Vəziyyət sabitdir. Açıq xətlərdə aparılan tikinti və təmir-bərpa işləri dayandırılıb. Lakin dənizin altında neftin çıxması, birbaşa açıq xətlərdə insan müdaxiləsinə ehtiyac duyulmayan yerlərdə fəaliyyət davam edir".

Qurum rəsmisi işçilərin kütləvi təxliyəsi üçünsə hazırda zərurət olmadığını bildirib:

"Qar olsa da, bizdə olan hava məlumatına görə, küləyin sürəti o qədər də yüksək deyil. Hardasa, saniyədə 28-33 metr olması gözlənilir. Bu şəraitdə biz adətən işçiləri kütləvi təxliyə etmirik. Həm də son illərdə bütün platformaların təhlükəsizliyi gücləndirilib. Küləyə, çovğuna daha davamlıdırlar. Ötən illərdə küləyin sürəti saniyədə 40-45 metrə çatanda işçilərin kütləvi təxliyəsi ilə bağlı qərarlar qəbul edirdik. Amma indi həm küləyin sürəti yüksək deyil, həm də dediyim kimi platformaların təhlüksizliyi xeyli gücləndirilib. Təbii ki, bəzi platformalarda təhlükəsizliklə bağlı şübhə varsa, işçilər daha təhlükəsiz platformalara gətirilir".