Xəbər lenti

Siyasət 11:10 22.01.2020

"Hazırkı seçki sloqanlarını “meyxana” adlandıra bilərik" (MÜSAHİBƏ)

PR mütəxəssisi Vüqar Baba builki parlament seçkilərində namizəd olan şəxslərin şüarları ilə bağlı Axar.az-ın suallarını cavablandırıb:

- Builki seçki şüarlarını necə dəyərləndirirsiniz?
- Millət vəkilliyinə namizədliyini verən şəxslərin mediada yayımlanmış sloqanları ilə tanışam. Hər birinə aid olmasa da, ümumi təəssürat tələskənliyin hiss olunması ilə bağlıdır. Bu da başadüşüləndir. Seçki planlaşdırıldığı tarixdə deyil, növbədənkənar təyin olunub. Bu səbəbdən bir çoxunun prosesə hazırlıqsız qoşulduğu duyulur. Peşəkar siyasi mesaj verən sloqana hadir rast gəlinir. Hazırkı seçki sloqanlarını bir sözlə ifadə etsək, "meyxana” adlandıra bilərik. Namizədlər seçicisi ilə ünsiyyət üçün ana mesajlarını verməkdənsə, seçki vədlərini bildirməkdənsə, söz oyununa üstünlük veriblər. Hər biri olmasa da, əksəriyyət sanki millət vəkili olmaq üçün yox, ən gözəl qafiyəni kim açar yarışındadırlar.

- "Sizdən olanı seçin”, "özünüzü seçin” tipli seçki şüaları çoxluq təşkil edir. Sizcə, bu təkrarçılığın səbəbi nədir?
- Yəqin ki, namizdələrin özlərini seçiciyə yaxın göstərmək niyyəti və "seçki” və "seçmək” sözləri ilə oynamaq cəhdləri ola bilər.

- Seçki şüarında nələr nəzərə alınmalıdır?
- Seçki sloqanı siyasi təbliğatın, eyni zamanda, namizədlə seçici arasındakı kommunikasiyanın qurulmasında əsas vasitələrdən biridir. Şüarlar hədəf auditoriyasının diqqətini çəkməli, onun yadında qalmağa kömək etməli, namizədin əsas vədini çatdırmalı və seçicini inandırmalıdır. Səslənməsinin, oxunuşunun yaradıcı olması bu funksiyaların təsirini daha da gücləndirir. Beynəlxalq təcrübədə də bu belədir ki, şüar vasitəsilə partiya və ya şəxs qalib gələcəyi təqdirdə hansı istiqamətdə işlər görəcəyi ilə bağlı mesajlar verir.

- Şüar seçicilərə nə dərəcədə təsir göstərir? Daha dəqiq desək, Azərbaycanda seçicilər namizədinin şüarına əhəmiyyət verirmi?
- Şüar seçici üçün əsas amillərdən biridir. Namizəd xüsusi tanınan biri deyilsə, seçici onun fotosunu, adını və şüarını görür, bunlara görə nisbətən tanıyır və səs verir.

- Builki namizədlərdən kimin seçki şüarını uğurlu hesab edirsiniz?
- Hansısa nümunə seçə bilməyəcəyəm. Sadəcə onu deyə bilərəm ki, daha kiçik vədlər verən, seçicisinin maraqları ifadə olunan, seçicinin lokal xüsusiyyətləri nəzərə alınan sloqanları uğurlu hesab etmək olar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->