Xəbər lenti

Həcc ziyarətinin qiymətləri niyə bahalaşır? (AÇIQLAMA)
Ölkə 14:23 21.01.2025

Həcc ziyarətinin qiymətləri niyə bahalaşır? (AÇIQLAMA)

2025-ci ildə Həcc ziyarətinin qiymətləri bahalaşıb.
 
Qaynarinfo xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, bu il Azərbaycan zəvvarlarının həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 950 dollar təşkil edir. Ziyarət hava nəqliyyatı ilə ilə həyata keçiriləcək. Otən il isə Həcc ziyarətinin qiyməti 5 850 dollar olub. 

Araşdırmaçı yazar Rəsul Mirhəşimli Qaynarinfo-ya bildirib ki, Həcc ziyarəti İslamın beş əsas şərtindən biridir:

”Bu ziyarət dünyadakı milyonlarla müsəlman üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, Həcc ziyarəti maddi imkanları bu ibadəti gerçəkləşdirməyə yetən müsəlmanlar üçün vacib sayılır, o zaman məsələni anlamaq mümkün ola bilər.  Lakin qeyd etmək lazımdır ki, bu məsələ təkcə obyektiv səbəblər üzündən qiymət artımı ilə müşahidə olunmur, problemin yaranmasının həm də subyektiv cəhətləri mövcuddur. Bu da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) özünün tətbiq etdiyi qiymət siyasətindən irəli gəlir”.
 


R. Mirhəşimli onu da qeyd edib ki, Səudiyyə Ərəbistanı hər ölkədə orada yaşayan müsəlmanların sayına uyğun həcc kvotası müəyyən edir:

"Bu da təxminən hər milyon nəfər üçün min nəfər zəvvarın gedişinə şərait yaradır. Bu kvotanı əsas götürməklə QMİ-də Həccə gedəcək zəvvarların sayını artıra bilər. Çünki əvvəlki illərdə Azərbaycan zəvvarları 5 min nəfərlə Həccə getdiyi vaxtlar olub. Zəvvarların sayının çox olması xidmət səviyyəsindən asılı olaraq, qiymətlərə də təsir edə bilər, bu zaman ortaya fərqli qiymətlər çıxaracaq. Azərbaycan zəvvarları əvvəlki illərdə bu cür fərqli qiymətlərə uyğun öz büdcəsinə görə seçim edirdi. Lakin  neçə ildir bu fərq aradan qaldırılıb, QMİ Həcc ziyarəti ilə bağlı yalnız bir qiymət təklif edir. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur. Həcc ziyarətinin qiymətlərinin artması çoxsaylı müsəlmanların bu müqəddəs və vacib ibadəti yerinə yetirmələrinə mane olur. Məsələyə dünyadakı iqtisadi böhranlar, inflyasiya və qlobal münaqişələr prizmasından yanaşanda bu hadisələrin Həcc ziyarətinin qiymətinə birbaşa təsir göstərdiyini görürük. Dünyanın müxtəlif yerlərində baş verən münaqişələr, daşımaların çətinləşməsi, yanacaq qiymətlərinin artması, logistika və infrastruktura xərclərin yüksəlməsi ümumilikdə ziyarət xərclərinin  artmasına səbəb olur. Bu səbəbdən,  Səudiyyə Ərəbistanı zəvvarları qarşılayan ölkələr və əlaqəli şirkətlər əlavə xərc və risklərlə üzləşirlər ki, bu da ziyarət qiymətlərinin yüksəlməsinə yol açır”.

Ekspert vurğulayıb ki, Azərbaycandan Həcc ziyarətinə gedənlər yalnız təyyarə ilə Səudiyyə Ərəbistanına uçurlar:

"Təyyarə biletlərinin qiymətləri də digər bir mühüm faktordur. Təyyarə biletlərinin qiymətinin yüksəlməsi, xüsusilə yüksək mövsüm və tələbin artması dövründə ziyarət xərclərinə əhəmiyyətli dərəcədə təsir edir. Bundan əlavə, Səudiyyə  Ərəbistanı daxilində zəvvarların gediş-gəlişi və Həcc mərasimlərinin təşkili üçün ayrılmış avtobusların sayının azlığı və avtonəqliyyat xərclərinin artması da qiymətləri yüksəldən başqa faktordur. Onu da qeyd etmək lazımdır ki, bəzi hallarda QMİ-nin təklif etdiyi qiymət həm ölkədaxili, həm də beynəlxalq bazarda baş verən dəyişiklikləri tam əks etdirməyə bilər. Bununla yanaşı, müxtəlif amillərdən qaynaqlanan qiymət artımları QMİ-nin təklif etdiyi qiymətlərə əlavə edildikdə, ziyarət xərcləri daha da yüksəlir”. 

Rəsul Mirhəşimli təklif edir ki, QMİ-in bu vəziyyətin aradan qaldırılması üçün həm beynəlxalq, həm də yerli səviyyədə daha effektiv tədbirlər görməlidir:

"Lakin bu narazılığın əksinə olaraq, QMİ hər il qiymətləri artırmaqda davam edir. Azərbaycan vətəndaşları bu qiymətləri 110 min zəvvarına Diyanət İşləri Başqanlığının 30 min personalı ilə tibbi və s. xidmətləri göstərən qardaş Türkiyə ilə müqayisə edə bilər. O zaman ortaya qiymətlərlə zəvvarlara göstərilən xidmətlərin keyfiyyəti arasında mütənasibliyin şahidi olacaqlar. Qafqaz Müsəlmanları İdarəsi azərbaycanlı zəvvarlara İndoneziya, Malaziya və Türkiyə səviyyəsində yüksək xidmət göstərə bilirsə, buyursun, hər il artırdığı qiymətə haqq qazandırsın”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->