Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Azərbaycan Dövlət mükafatı və Üzeyir Hacıbəyov adına mükafatın laureatı Şıxəli Qurbanovun (16 avqust 1925, 24 may 1967) doğum günüdür.
Şıxəli Qurbanov 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olub.
Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı.
Görkəmli alim və yazıçı, dövlət xadimi Şıxəli Qurbanovun "Ömürdən səhifələr” kitabından "Beləliklə Berlinə qədər getdik. Berlin mənə çox tutqun və qaşqabaqlı bir şəhər kimi göründü. Bilmirəm, müharibədən yorulub, taqətdən düşdüyü üçünmü, yoxsa bizim gəlişimizi gözləmədiyi üçünmü belə idi.
Reyxstaqın görkəmi çox miskin və acıqlı idi. Xarabalar arasında qol- budağı qırılmış bir ağac kimi görünürdü. Məğlubiyyətin lal-kar bir şahidi kimi durmuşdu. İndi o, nəhəng bir qalxana bənzəyirdi ki, qaliblər iri hərflərlə bu sözləri yazmışdılar:
"Biz qalib gəldik!”
Bəli, biz qalib gəldik. Amma bu qələbəni asanlıqla qazanmadıq. O nəhəng bir tıxac kimi bizim boğazlarımızı tıxadı, gözləimizdən ixtiyarsız yas və fərəh yaşları axıtdı.
Müharibə qurtardı!..
Bəs onun vurduğu yaralar?
Aradan illər keçdikdən sonra mən tez-tez qəzetlərdən oxuyurdum ki, qısa bir müddətdə müharibənin vurduğu yaraları sağaltdıq.
Amma necə?
Bəli, budur, biz yerlə - yeksan edilmiş şəhərlərin və kəndlərin yerində əvvəlkilərindən qat-qat gözəl şəhərlər və kəndlər qurduq. Bəs Avropanın, demək olar ki bütün hissələrində qardaş məzarlıqlarını dolduran insanlar necə olsun? Bəs ən əziz adamları qayıdıb gəlməmiş milyonlarla insanlar necə olsun? Axı onlar bir də heç zaman qayıtmayacaqlar!..Bəs mənim artıq görüşə bilmədiyim və görüşə bilməyəcəyim o yaşıdlarım necə olsun? 1920-1926-cı illərdə doğulmuş insanlar?
Bəli, müharibənin vurduğu ən dərin, ən qorxunc yaralar bunlardır! Məgər bu yaraları sağaltmaq olarmı? Uşağa atanı, anaya oğulu kim əvəz edə bilər?
Bəli, biz qalib gəldik, amma qələbə bayramını bizimlə bərabər keçirməyə haqqı olanlardan bir çoxları indi yoxdur; onlar yer altında yatır."
1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov dünyasını dəyişir, həkim pəncərədən düşüb qaçır.
Etibar Əliyev
Milli Məclisin deputatı
Şərhlər