Xəbər lenti

Bu il niyə 700 bal toplayan yoxdur? 1000 ballıq məsələ...
Etibar Əliyev
Ölkə 12:52 02.06.2019

Bu il niyə 700 bal toplayan yoxdur? 1000 ballıq məsələ...

Bu il ali məktəblərə qəbul imtahanlarında maksimum bal toplayan olmayıb və istər-istəməz bunun səbəbləri ilə bağlı suallar yaranır. Yaranmalıdır. Amma emosionallıq üçün yox, doğru analiz və faydalı müzakirə üçün.

Gəlin ilk olaraq bir suala cavab verək: bunu təhsilin səviyyəsinin aşağı düşməsi kimi qiymətləndirmək olarmı? Obyektiv yanaşaq, tutaq ki, ötən ildən bu yana inkişaf olmayıb, lakin enmə də olmayıb. Eyni nazirdir, eyni abi-havadır, eyni məktəblərdir. Başqa vaxt 700 balları məktəbin yox, repetitorların uğuru sayanlar da olurdu, indi bunu repetitorların da uğursuzluğu da saymaq olmaz, onlar da yerində qalıb. 700 bal yığılmaması ilə bağlı mətbuatda tənqidi yazılardan birində müəllif haqlı olaraq soruşur: "Bəs bu necə oldu? Təcrübə göstərir ki, builki abituriyentlər keçənilkilərdən (eləcə də 10, 20 il öncəkilərdən) daha çox oxuyur, daha çox hazırlaşırlar”.

Deməli, səbəb test suallarının məzmunu ilə bağlıdır. Aşağıdakılardan hansılar baş verib:

1) Tapşırıqlar daha çətin olub;
2) Yeni tip tapşırıqlar olub;
3) Keyfiyyətsiz tapşırıqlar olub;
4) Daha keyfiyyətli olub.

Tapşırıqlar daha çətinmi olub? Mənim yadıma gəlir, vaxtı ilə Misir Mərdanov imtahan nəticələrinin aşağı olması ilə bağlı qəribə və gülməli bir izah vermişdi ki, suallar çətin olur. O zaman mətbuatda nazirə yaxşı cavab verdilər: suallar niyə asan olmalıdır? Doğrudan da suallar asan ola bilməz, məktəb proqramının tələblərini aşmadan (kurilkulumlar bunu daha dəqiq aparmağa imkan verir) çətin sualların düşməsi təhsilə ziyan deyil. Çətin dedikdə, olimpiada suallarından, proqramı aşan tapşırıqlardan söhbət getmir. Normalda məktəb dərslərinin tələblərinə daxil olan və asan olmayan suallar nəzərdə tutulur. Bundan qorxmaq əvəzinə, nəzarət etmək lazımdır ki, əskinə, asan suallarla yüksək nəticə göstərənlər, ictimaiyyəti aldatmasın.

Mənim təhlillərimə görə bu il sualların çətinlik səviyyəsi də dəyişməyib, onların keyfiyyətinin azalıb-artmasından da söhbət getmir, əsl səbəb doğrudan da, yeni tip sualların – açıq tipli sualların imtahana salınması ilə bağlıdır.
Nazirlik əvvəldən bəyan etmişdi ki, digər tip bacarıqların aşağı olmasına görə imtahanın məzmununa açıq tipli suallar salınacaq. Bütün suallar bu məsələ üzərində qoyulmalıdır. Deməli, doğrudan da uşaqlarımız açıq tipli suallara cavab verməkdə çətinlik çəkir. Təsdiq olunan budur. 700 balların arxasında gizlənib, yalandan öyünməkdənsə, bu cür etiraf yaxşıdır. Məktəb doğrudan da açıq tipli sualları çözmək bacarığını yüksəldə bilmir. 
Gəlin öncədən razılaşaq ki, imtahanın başlıca nəticəsi 700 balların sayı ilə ölçülmür. Zatən 85 faizlik göstərici bütün dünyada əla kimi qiymətləndirilir. 700 bal böyük uğurdur, bu uşaqlar hər cür hörmətə və diqqətə layiqdir, amma çox istedadlı uşaqlar, o cümlədən olimpiada uğurları olan uşaqlar dünyanın hər yerində ümumi standart test imtahanlarında 100 faizlik nəticə göstərmir. Bunun da müxtəlif səbəbləri var, kifayət qədər öyrənilmiş məsələdir.
Yəni 700 bal toplayacaq abituriyentlər yenə də çempiondur, bu dəfə tutaq ki, 695 balla. Heç kimin haqqına girilməyib. Bizim qorxacağımız ədalətsizliyin olmasıdır. Bunu da iddia edə bilmərik. Bütün dünyada test üsulunu pisləyənlərə qarşı ən yaxşı cavab odur ki, bundan ədalətli seçim yoxdur.

Hamı eyni şərtlər altında yarışıb. Çempion yenə öndədir, əla qiymət alanlar yenə öndədir, uğursuz olanlar da yenə ortadadır.
Şişirtmədən, asan imtahandansa, daha sərt müsabiqə üstündür. Ədalət hər hansı digər göstəricidən üstündür.
Keçək yeni tapşırıqlara, açıq sualların salınmasına. Mən açıq suallara cavab vermək bacarığının vacib olmasını, yazı bacarıqlarının inkişafını və tənqidi oxu keyfiyyətinin, natiqliyin vacib olduğunu qəbul edirəm. Dövlət İmtahan Mərkəzinin bu qayğısını başa düşürəm, haqsızlıq saymıram, amma yenə də açıq tipli sualların imtahana salınmasının üzərində düşünməyi vacib sayıram. Onu da bilirəm ki, buna çağırışlar bütün dünyada var. Həm də qiymətləndirmədə insan iştirakına birmənalı olmayan münasibətləri də bilirik.

İmtahana düşən açıq tipli suallardan uşaqlar razı qalmır, onların bəzilərini ikibaşlı cavablar tələb etdiyini deyirlər. İldən-ilə bunu da təkmilləşdirmək olar. Amma yenə də bütün ixtiyarı Ədalətin Təntənəsinə xələl gətirməyəcək maşınlara verməyin tərəfindəyəm. O maşınlar ədalətli və dəqiq işləyən riyaziyyat proqramlari ilə işləyir. İnsan amili ilə şübhə yeri qoymur. Nazirlik, DİM bunu yenidən düşünməli, cəmiyyətin qəlbində özünə yurd qurmuş bir sistemi saxlamalıdır. 
Bəli, qapalı test sualları ilə qiymətləndirmənin də qüsurları var, amma üstünlükləri daha çoxdur. Bu üsulla gedən ABŞ universitetləri gerimi qalıb?! Çoxlu tədqiqatlar var, test üsulunun əvəzsiz olduğunu göstərir. Bunları sadalamaq istəmirəm. 
Bunun əvəzinə, qapalı test suallarının keyfiyyətini dəyişmək olar, onlara tənqidi oxu məzmunu əlavə etmək olar, keys (situasiya) suallarının qapalı forması ilə digər bacarıqları da yoxlamaq olar, amma qiymətləndirmədə insan amilinin lap aşağı salınması istiqamətində çalışmalar davamlı olmalıdır. 

Bu, 700 yox, 1000 ballıq məsələdir.

Etibar Əliyev,
Təhsil eksperti

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->