Xəzərdə Azərbaycanın Türkiyə ilə keçirdiyi hərbi təlimlər Moskvanı ciddi qıcıqlandırıb
"Rusiyanın hər dəfə hərbi gəmilərini Azərbaycan buxtasına xoşluqla deyil, birbaşa öz istəyilə bu səviyyədə göndərməsi ölkəmizə münasibətdə paytaxt Bakının hər zaman işğal oluna biləcəyi mesajıdır. Ona görə də bu müdaxiləyə birbaşa təhdid mesajı kimi baxılmalıdır. Bu səbəbdən bir daha həmin gəmilər Azərbaycan buxtasına buraxılmamalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri bu günlərdə Rusiyanın Hərbi-Dəniz Donanmasının iki gəmisinin Bakı buxtasına yan almasının arxasında gizlənən məqamlardan danışarkən deyib.
Politoloqun fikrincə, bu gəmilərin Bakı buxtasına gəlməsi heç də sıradan və dostluq niyyətilə edilən səfər deyil:
"Azərbaycan Ermənistan sərhədində baş verənləri, Bakı, Moskva və İrəvan səviyyəsində olan gərginlikləri düşünəriksə, rus gəmilərinin Bakı buxtasına yan almasının təsadüfi olmadığını görərik. Azərbaycan Türkiyə və Pakistanla hərbi təlimlər keçirir. Bu sayaq təlimlər həmçinin Xəzər dənizində də baş tutub. Rusiya bu məsələyə açıqlama şəklində İran tək sərt mövqe bildirməsə də, iki hərbi gəmisini göndərməklə məsələyə hansı müstəvidən yanaşdığını sərgilədi. Gəmidə gələn heyət Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə məhz bu məsələni xüsusi olaraq vurğulayıb. Deməli, Moskva Bakı ilə Ankaranın Xəzərdə keçirdikləri hərbi təlimlərdən məmnun olmayıb. Azərbaycan Hərbi Dəniz Qüvvələrini digər qoşun növlərində olduğu kimi müasirləşdirmək, təşkilatlandırmaq, gücləndirmək istəyir. Ona görə də prosesə müdaxilə etmək və onu nəzarətdə saxlamaq üçün Moskva təcili iki hərbi gəmisini Bakı buxtasına göndərib”.
Həmsöhbətimiz bildirir ki, sıradan iki hərbi gəminin heyət rəhbərinin Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı səviyyəsində qəbul edilməsinə də ehtiyac yox idi:
"Bu o deməkdir ki, Rusiyanın qarşısında hər zaman müntəzir əsgər kimiyik. Bu, doğru yanaşma tərzi deyil. Rusiya xofunu üzərimizdən atmalıyıq. Ortada qardaş Türkiyə faktoru varsa, Azərbaycanın qorxacağı heç nə yoxdur. Azərbaycan öz marağını Rusiyaya da diktə etməli və rus gəmilərinin burada güc nümayişini qəbul etməməlidir”.
Rüfət Sultan
Şərhlər